AZ

“Yaşıl enerji” koalisiyasının etibarlı üzvü 

Aprelin 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası keçirilib. Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji keçidinin sürətləndirilməsi üçün infrastrukturların yaradılması, yeni strategiyaların müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb. Agentliyin baş direktoru Françesko La Kamera bildirib ki, bərpa olunan enerji mənbələrinin gücünün 2030-cu ilədək azı 11 teravat (TVT) səviyyəsinə çatdırılması başlıca hədəflərdəndir. 

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin rəhbəri qarşıdakı illərdə ali hədəfə çatmaqda Azərbaycanın da  mövcud potensial imkanlarının əhəmiyyət daşıdığını vurğulayaraq birgə “yaşıl enerji” koalisiyasının dayanıqlı enerjiyə keçidə kömək edəcəyinə əminliyini ifadə edib. Qlobal problemlərin həllində dünya ölkələrinin həmrəyliyi labüddür. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu, Azərbaycanın enerji məsələlərində əzmkar mövqeyinin ifadəsidir. 

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun da iştirak etdiyi tədbirdə Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşmasında ortaya qoyduğu iradə təqdir olunub. K.Simson bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə maliyyə təminatı və bərpaolunan enerji mənbələrindən istifadə olunması məsələlərinin qarşıdakı COP29 iqlim konfransının gündəliyinə daxil edilməsinin zəruriliyini qeyd edərək Aİ-nin həmin təşəbbüsləri dəstəyini ifadə edib. Bildirilib ki, COP29 iqlim konfransının Bakıda keçirilməsi Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafında beynəlxalq qurumlarla əməkdaşlığı üçün yeni imkanlar yaratmaqla birgə fəaliyyəti təşviq edəcək. 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında bəyan edib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üzrə səylərin səfərbər edilməsində mühüm platformaya çevriləcək. Ətraf mühitin qorunmasında dövlətlə birlikdə təşkilatlar, işəgötürənlər, işçilər də rol alır. Ətraf mühit, iqtisadiyyat və cəmiyyət üçbucağından baxmalı olsaq, ekoloji mədəniyyəti formalaşdıracaq yeni “yaşıllıq”, “yaşıl artım”, “yaşıl iqtisadiyyat”, “yaşıl idarəetmə” kimi terminlər yaranmışdır. İşçilərdə ətraf mühit dostu bilincinin yaradılması, iş yerində “yaşıl ortam”ın formalaşdırılması “yaşıl” insan resurslarının idarə edilməsi nəticəsində mümkündür. 

Tədbirin Azərbaycan üçün müəyyən etdiyi əsas prinsiplər nədir?

Sözügedən beynəlxalq tədbirdə də bəyan oldunduğu kimi COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji”, iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə uğurla aparılır. Ölkədə istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək 40 faiz azaldılması hədəflənir.

Daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılmasını hədəfləyirik. Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrindən olacaq.

“Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ, və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında yaşıl enerjinin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. 2030-cu ilədək ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir ki, həmin gücün böyük hissəsi bu bölgədə cəmləşib. 

Beləliklə, bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.

ELBRUS 

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla