AZ

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən keçə bilən və kifayət qədər pulu olan hər kəs Butanı ziyarət edə bilər. Sərhədlərin açıq olmasına baxmayaraq, Kral hələ də bir çox fərqli üsullardan istifadə edərək turistlərin sayını məhdudlaşdırmağa çalışır.

 

Sfera.az sizə bu yazıda adını çox eşitdiyiniz, lakin kifayət qədər də tanınmayan qəribə və maraqlı  Butan haqqında ətraflı məlumatlar təqdim edir.

 

İnternet və televizor yoxdur

 

Butanda 1999-cu ilə qədər televiziya və internet rəsmi olaraq qadağan edilib. Lakin bütün ölkəni müasir texnologiyalardan təcrid etmək mümkün olmadığından Kral bu qaydanı ləğv etmək qərarına gəlib. Bu səbəbdən Butan dünyada televiziyadan istifadə etməyə başlayan sonuncu ölkə olub.

 

Burada Xoşbəxtlik Nazirliyi var

 

2008-ci ildə ölkənin daxili əmin-amanlığına baxmaq üçün Ümumi Milli Xoşbəxtlik Komitəsi yaradılıb. Hətta siyahıyaalma sorğusunda həyatınızdan razı olub-olmadığınızı göstərə biləcəyiniz bir sütun var.

 

Xoşbəxtlik Nazirliyində Ümumi Daxili Məhsul (ÜDM) termininə bənzər Ümumi Milli Xoşbəxtliyi ölçürlər. Beləliklə, həyat keyfiyyəti maliyyə və zehni dəyərlər arasındakı balansla müəyyən edilir.


Evsiz insanlar yoxdur

 

Butanda küçələrdə yaşayan yoxdur. Bir adam evini itirirsə, kral ona ev tikib tərəvəz əkmək üçün bir torpaq sahəsi verir.


Pulsuz səhiyyə

 

Hər bir butanlının pulsuz tibbi xidmət almaq hüququ var. Butanda həm ənənəvi, həm də klassik təbabət geniş yayılmışdır və insan öz istəyinə uyğun olaraq müalicə üsulunu seçə bilər.


Milli geyim

 

 

Butanlılar ənənəvi paltar geyinirlər. Kişilər qalın, dizə qədər olan kaftanlar, qadınlar isə uzun paltarlar geyinirlər. Bir insanın statusu və sosial səviyyəsi onun sol çiynindəki yaylıq ilə göstərilir. Adi insanlar ağ şal, zadəganlar və keşişlər isə sarı taxırlar.

 

Siqaret qadağası

 

Butan kralı ölkədə tütün yetişdirilməsi, yığılması və satışını qadağan edən qanun qəbul edib. Ölkədə tütün almaq mümkün deyil. Sərhədi keçmək üçün bütün lazımi sənədləri toplamağı bacaran turistlər özləri ilə siqaret gətirmək istəsələr, külli miqdarda pul ödəməli olurlar.


Heyvanlar və təbiət

Ölkə həqiqətən ekologiya və təbiətlə maraqlanır. Onlar bu məsələyə xüsusi diqqət yetirirlər. Bu arada, 2015-ci ildə butanlılar bir saat ərzində 50 min ağac əkməklə dünya rekordu qırıblar.


Mətbəx xüsusiyyətləri

Butanın əhalisinin əksəriyyəti Buddistlərdir. Orada vegetarianlıq çox yayılmışdır, çünki bu din bütün heyvanlar aləminə hörmət etməyi öyrədir. Əsas yemək düyüdür. Normal düyü belə yüksəkliklərdə bitə bilməz, ona görə də insanlar kifayət qədər sərt və özünəməxsus dadı olan qırmızı düyü becərirlər.

 

İnsanlar çoxlu çay içirlər. Duz, qara bibər və bir qaşıq kərə yağı ilə qara və yaşıl çay dəmlənir.


Turizm

 

Kral Butan ölkəsini turistlər üçün açsa da, ziyarət etmək istəyənlər üçün çətin ilkin şərtlər təqdim edir. Butanı yalnız bir qrup turistlə ziyarət edə bilərsiniz. Bütün sənədlər və vizalar hökumətin təyin etdiyi şirkət tərəfindən yoxlanılır. İcazə almaq üçün bütün xərcləri əvvəlcədən ödəməlisiniz (uçuş biletləri, otel, rüsumlar, turoperator və bələdçi xidmətləri, viza və sığorta).

 

Ölkədə yalnız bələdçi ilə səyahət edə bilərsiniz, heç vaxt təkbaşına səyahətə çıxmaq imkanınız yoxdur. Turoperator bütün turistlər üçün müxtəlif əyləncəli proqramlar təklif edir. Bir gün adətən 250 dollar civarında başa gəlir.

 

Ölkə daxilində və xaricə bütün reysləri yerinə yetirən vahid aviaşirkət var və otellərdə qiymətlər (istər ucuz, istər dəbdəbəli) hökumət tərəfindən müəyyən edilir.


İrs ənənəsi

 

 

Butanda qadınlara olduqca yüksək dəyər verilir. Varislik ənənəsi də bunu sübut edir. Evlər, heyvanlar, torpaqlar kimi bütün mal və əşyalar oğula deyil, böyük qıza verilir.

 

Ekologiya ən vacib şeydir

 

Bu gün bütün dünya planetin gələcəyi üçün ehtiyat tədbirləri görməyə və üsullar hazırlamağa çalışır. Butanı isə bu problemlər maraqlandırmır. Burada hər hansı kimyəvi məhsulun idxalı və ya istifadəsi qanuna ziddir. Belə ki, onların istifadə etdikləri hər şey ölkədə yetişdirilir və təbiidir.


Toy ənənələri

Butanda əcnəbi ilə evlənmək qanunsuzdur. Kral ölkə və əhalinin unikallığını və dünyanın qalan hissəsindən təcrid olunmuş həyatını qorumaq üçün əlindən gələni edir.

 

Toy mərasimi zamanı kahinlər mantralar oxuyurlar. Ehtimal olunur ki, bu proses yeni evlənənlərə sıx ruhi bağ yaratmağa imkan verir. Yerli istehsal edilən içkinin tanrılara təqdim edildiyi bir Changphoed ritualı da var. İçki tanrılara təqdim edildikdən sonra gəlin və kürəkən tərəfindən qonaqlara paylanır. Bütün lazımi rituallar yerinə yetirildikdən sonra cütlük ailəyə çevrilir. Həmçinin, evlənəndə yeni evlilər gəlinin evində yaşamağa başlayır və kifayət qədər pul qazandıqda başqa evə köçə bilirlər.


Yollar

Butanın paytaxtında işıqfor yoxdur və bu insanlar üçün problem deyil. Bütün yol nişanları əllə hazırlanır.


Bəzəkli evlər

Butanlılar evlərini bəzəməyi sevirlər. Divarlara quşlar, heyvanlar və müxtəlif naxışlar çəkirlər. Ənənəvi Butan evi 3 mərtəbəli kiçik bir binadan ibarət olur. Birinci mərtəbə heyvanlar üçün, yaşayış sahəsi ikinci mərtəbədə, üçüncü mərtəbə isə ot saxlamaq üçün istifadə olunur.
Bütün qadağalara və sərt qaydalara baxmayaraq, Butan xalqı çox mehriban və xoşbəxtdir. Son zamanlar turistlərin bu təcrid olunmuş ölkəyə marağı isə daha da artıb və diqqət cəlb etməyə davam edir.

 

Aysel

Sfera.az

Seçilən
107
50
Mənbələr
Şərh ()
Bağla