AZ

Deputat: "Hadı Rəcəblini sağ olanda da tənqid edirdilər, amma o, millət üçün kifayət qədər əziyyət çəkib, çalışıb"

"Rəhmətlik Hadı Rəcəbli barəsində mən ancaq müsbət fikirlər deyə bilərəm. Görkəmli siyasətçi, görkəmli azərbaycanlı alim, professor, elmlər doktoru idi. Onsuz da, bütün ölkələrdə sosial məsələlərlə məşğul olan istər məmurlar, istərsə də millət vəkilləri həmişə "gülləboran"a düşürlər. Çünki cəmiyyətdə sosial məsələlərdən narazı olan kifayət qədər insan var. Amma Hadı müəllim bir millət vəkili, siyasətçi, müəllim, lənkəranlı kimi həmişə çalışıb ki, insanlarla dil tapıb danışsın. Ataların bir sözü var, "balta vurmaq..." Bu insan dünyasını dəyişib. Doğrudur, Hadı müəllimi sağ olanda da kifayət qədər tənqid edirdilər, amma o, azərbaycançılıq, dövlətçilik xalq, millət üçün kifayət qədər əziyyət çəkib, çalışıb. Dünyasını dəyişənin arxasından ya heç nə demirsən, ya da fikrini normal formada bildirirsən. Bu, slavyanların fikridir..."

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat hesab edir ki, mərhum Hadı Rəcəblinin Azərbaycanın inkişafında yetərincə xüsusi rolu olub: "El ağsaqqalı idi. Onunla Milli Məclisdə 15 il çiyin-çiyinə millət vəkilliyi etmişəm. Həmişə də Hadı müəllimi çox aktiv görmüşəm. İnsanlarla hər zaman təmasda olan, çalışan, dövlətçiliyimizə qulluq edən biri kimi... Əsas budur. Kim nə deyirsə, desin. Konkret rəqəmlər var. Mən də istəyirəm ki, büdcədən böyük-böyük pullar ayrılsın. Bunu kim istəmir? İstənilən deputat, məmur, vətəndaş da bunu istəyir. Amma iqtisadi reallıq, maliyyə reallığı var. Bunu nəzərə almaq lazımdır, təəssüf ki, heç kim bunu düşünmək istəmir. Onsuz da cəmiyyətin bir qismi bunu düşünmək istəmir, amma praqmatik olmaq özü də böyük fədakarlıqdır. Allah Hadı müəllimə qəni-qəni rəhmət eləsin, Allah onun nəslini saxlasın. Hətta bir ailə başçısı, böyük bir nəslin başçısı kimi çox görkəmli bir insan idi. Bu, bizim üçün böyük, ağır bir itkidir".

 

Aytəkin Qardaşova

Tarix: 19 Aprel 2024, 09:14   
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla