“Latsio”nun sol cinah vingeri Mattia Zakkanyi İtaliya klubu ilə müqaviləsinin müddətini artırmağa razılıq verib.
Arena.az bu barədə “Latsio”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər aprelin 17-də rəsmi müqaviləyə imza atıblar. Yenilənmiş müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Razılaşmanın maddi təfərrüatı açıqlanmayıb. Amma İtaliya mətbuatı təcrübəli futbolçunun qazancında da artım olduğunu yazır.
Zakkanyi müqaviləsinin yenilənməsi haqda razılıqla danışıb:
“Mən bu köynəyi 31 avqust 2021-ci ildən geyinirəm və hələ uzun illər geyinməyə davam edəcəyəm”, deyə italyan futbolçu əminliklə bildirib.
Mattia Zakkanyi futbola “Bellariya-İcea-Marina” klubunda qədəm qoyub. İtalyan futbolçu, karyerası ərzində “Verona”, “Venesiya” və “Çitadella” klublarında çıxış edib. “Latsio” Zakkanyini 2022-ci ilin iyulunda 7,1 milyon avro müqabilində “Verona”dan tamhüquqlu əsasda heyətinə qatıb.
Cari mövsümdə Zakkanyi “Latsio”nun heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Zakkanyinin “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 122 oyun, 20 qol, 18 məhsuldar ötürmə.
Mattia Zakkanyi 2022-ci ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 4 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 28 yaşlı italyan vingerin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.