AZ

Son 124 ilin ən böyük xarici agenti – onu hamı tanıyır

Rusiya rəsmiləri “xarici agentlər” məsələsini artıq öz ölkələrinin daxilindən çıxararaq, bütün postsovet məkanında (Baltikyanı ölkələr xaric) aktuallaşdırıblar.

Keçmiş SSRİ respublikalarının 12-də də bu barədə söhbətlər gedir. Bu söhbətə ikrah edənlər də var, ciddiyə alıb müzakirə və mübarizə aparanlar da.

Rusiya parlamentinin sədri Vyaçeslav Volodin dünən bəyan edib ki, digər ölkələr də Rusiya kimi “xarici agentlər” haqqında xüsusi qanun qəbul etməlidir.

O, bunu az qala direktiv kimi dilə gətirib və Gürcüstanı misal gətirib.

Bildiyimiz kimi, Gürcüstanda belə bir qanunun qəbul edilməsi iqtidar və müxalifət düşərgələri arasında siyasi ixtilafa, açıq qarşıdurmaya səbəb olub.

Bununla belə, sezdirmədən Rusiyayönümlü siyasət yeridən iqtidar (baş nazir və onun komandası) Kremlin xoşuna gələcək qanunu qəbul edib.

Ancaq ölkə müxalifətinin faktiki lideri olan prezident Salome Zurabişvili bəyan edib ki, o, bu qanuna qarşı veto hüququndan istifadə edəcək.

Zurabişvili əslən gürcü olsa da, fransalıdır və Qərbyönümlü siyasətçidir, ölkəsində “xarici agent” adlanmağa əsas namizədlərdən biridir.

Bəs Kreml rəsmiləri üçün “xarici agentlər” məsələsi nədən bu qədər həssas və əhəmiyyətlidir?

Bunun tarixi səbəbləri var. Məsələ ondadır ki, 1905-1917-ci illər arasında Rusiyada gedən inqilabi prosesi Almaniya və Avstriya-Macarıstan imperiyasının maliyyələşdirdiyi “xarici agentlər” tərəfindən həyata keçirilib.

Bu agentlərin baş rezidenti bir başqası olmayıb, 70 il ərzində “proletariatın dahi rəhbəri”, “dünyanın və bütün zamanların ən dürüst və saf insan”ı kimi tanıdılan Vladimir Lenin olub.

Bəli, bolşevik inqilabı məhz onun və silahdaşlarının xaricdən aldığı pullarla edilib. Bu, çoxdan sübut olunmuş faktdır. Leninin və digərlərinin Avropanı şəhər-şəhər gəzmələri, ölkədə qurultaylar keçirmələri, qəzet buraxmaları, xaricdə yığıncaqlar təşkil etmələri – hamısı xarici maliyyə ilə başa gəlib.

1917-ci ilin iyul ayının 9-da Rusiya qəzetlərində Petroqradın məhkəmə palatasının prokurorunun "Leninin, Zinovyevin və başqalarının dövlətə xəyanətdə ittihamı" başlığı ilə qəzetlərdə yazı-ittihamnamə çıxıb. Həmin ittihamda göstərilir ki, Vladimir Ulyanov (Lenin), Ovsey-Qerş Aronov Apfelbaum (Zinovyev), Aleksandra Kollontay, Meçislav Kozlovski, Yevgeniya Sumenson, Gelfand (Parvus), Yakov Förstenberq, miçman İlin, gizirlər Semaşko və Roşal xarici dövlətin agentləri ilə müqavilə bağlayıblar və Rusiyaya qarşı müharibə aparan dövlətlərə köməklik göstərmək öhdəliyi göürüblər.

Prosesin sonrası məlumdur: oktyabr çevrilişi, bolşeviklərin hakimiyyətə gəlməsi, böyük terror, 10 il sürən iqtisadi-siyasi hərc-mərclik və repressiya... Stalinin sonradan öz rəqiblərini “xarici casus” ittihamı ilə məhv etməsi də bu üzdəndir. Çünki o dövrdə xaricə işləyənlər çox olub.

Hazırda həmin bolşeviklərin müasir xələfləri (onların yüzdə doxsanı keçmiş kommunistlər və komsomolçulardır) istəmirlər ki, vaxtilə sələflərinin (bolşeviklərin) etdiyini indi onların rəqibləri (demokratlar) etsinlər.

Prezident Putinə və onun komandasına gün kimi aydındır ki, ölkə müxalifəti xarici dövlətlərin maliyyəsi olmasa təşkilatlana, güclənə, propoqanda apara bilməzlər. Müxalifətin normal fəaliyyət göstərməsindən ötrü Rusiyada tutarlı maliyyə qaynaqları yoxdur. Hər şey, hər kəs total nəzarətdədir. Ona görə də Rusiya müxalifəti xarici maliyyəyə möhtacdır. Putinin komandası isə heç kəsə su vermək istəməyən əjdaha kimi bulağın başını kəsdirib durub, xarici dövlətlə əlaqəsi, ünsiyyəti olan hər kəsi “xarici agent” elan edir.

Situasiya təxminən 107 il əvvəlki kimidir. Rusiya yenə Avropa dövlətləri ilə müharibə aparır. Bu dövlətlər isə, təbii ki, Rusiyanı zəiflətmək, ona qalib gəlmək, onu aqressiyadan çəkindirmək istəyirlər. Nəticədə federasiyanın daxilində tərəfdarlar, rəğbət bəsləyənlər, bəzən isə agentlər qrupu formalaşdırmaq lazım gəlir.

Yəni Kremlin “xarici agentlər” barədə irəli sürdüyü iddialar o qədər də haqsız deyil. Sadəcə, həmişə olduğu kimi əsəbi rus məmuriyyəti qurunun oduna yaşı da yandırır, kim müharibəyə, Putinin siyasətinə qarşı çıxırsa, hamısını “xarici agent” kimi damğalayır. Halbuki hansısa tanınmış yazıçı, rəssam, rejissor, müğənni, jurnalist heç bir xarici dövlətə bağlı olmadan da, sırf öz vicdanının səsinə qulaq asaraq müharibəyə qarşı çıxa bilər.

Məlum olduğu kimi, bu məsələ bizim ölkəmizdə də aktualdır. Düzdür, bizdə “xarici agentlər” haqqında qanun qəbul edilməyib, ancaq xarici dövlətlərdən aldığı maliyyə vəsaitləri əsasında fəaliyyət göstərən bır sıra şəxslərlə məhz “xarici agentlər” kimi davranılır. Hətta saxlanılmamış adamlar da var ki, onların xarici dövlət və fondlarla əlaqələri bir gün başlarına bəla ola bilər.

Rusiya məhz bunu istəyir: nüfuz dairəsində olan ölkələrdə xarici dövlətlərdən maliyyə alaraq inqilab həyata keçirə biləcək qüvvələr olmasın. Kreml bunun acı nəticələrini Ukraynada, Gürcüstanda görüb, hazırda Ermənistanda da görür.

Son 124 ilin ən böyük xarici agentinə isə hələ də mavzoleydə bahalı prosedur – balzamlaşdırma tətbiq edilir. Paradoksun beləsi.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla