AZ

Sülhməramlıların gedişi nədən ABŞ-ın kefinə soğan doğrayıb?

“Demokratiyanın beşiyi” növbəti dəfə əsl sifətini göstərərək Rusiyanın Qarabağdakı hərbi kontingentinin çıxarılması xəbərinə  anormal reaksiya verdi

Azərbaycan xalqı Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhmə­ramlı kontingentinin ərazimizdən çıxacağına əmin idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda son müddət kimi 2025-ci ilin noyabr ayı göstərilirdi. Ən önəmlisi isə odur ki, Azərbaycan hakimiyyəti bu “müşkül” məsələni qonşu dövlətlə münasibətlərə xələl gətirmədən, əvvəlki tək dost və müttəfiq qalaraq, eləcə də hər ki ölkənin milli maraqlarına tam riayət olunmaqla həll etdi.

Rəsmi məlumatlarda qeyd olunur ki, bu qərar Azərbaycan və Rusiyanın ali rəhbərliyi səviyyəsində qəbul olunub. Hər iki döv­lətin başçısı tərəfindən qarşılıqlı anlaşma və diplomatik etiket çərçivəsində qəbul edilən bu qərar həm də qonşu və stra­teji tərəfdaş ölkələr olan Azərbaycan və Rusiyanın suverenliyə hörmət prinsipinə riayət etmələrinin nümunəsidir. Bu, eyni zamanda, üzbəüz oturub ortaq məxrəcə gələ bilməyən, qarşılıqlı güzəştə getməyi bacarmayan dünyanın bəzi dövlətlərinə verilən mesaj sayıla bilər. 

Rusiya Dövlət Duması Müdafiə Komitə­sinin sədr müavini Aleksey Juravlyovun sülhməramlı kontingentin Azər­baycandan vaxtından əvvəl çıxarılması­na münasibət bildirərkən deyib:“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyil. Çünki Qara­bağda qarşı-qarşıya duran tərəflər yox­dur. Qarabağın Azərbaycana mənsub olması isə heç kəsdə şübhə doğurmur”.

Rusiyalı deputatdan fərqli olaraq özünü “demokratiyanın beşiyi” sayan  Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel isə Qarabağ iqtisadi rayonundan rus sülhməramlılarının çıxarılmasına belə reaksiya verib: “Biz Rusiya sülhməramlılarının Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiklərini göstərən heç nə görmədik. Bu payızda Qarabağda baş verən hadisələr də bunu göstərir. Bu, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığına daha bir nümunədir”.

Göründüyü kimi, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada gülünc mövqe ortaya qoyur.  Belə ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi sülhməramlıların çıxarılmasını şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirib. Sülhməramlıların çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi ABŞ-ın riyakarlığının növbəti göstəricisidir.  Belə çıxır ki, erməninin yanında olmayan “etibarsızdır”, vəssalam! Yəni, Çar Rusiyası erməniləri yığıb Qafqaza köçürəndə, Sovet Rusiyası Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma, hələ də indiyədək kadastr sənədi almayan dövlət yaradanda, müstəqil Rusiya dövlət isə Qarabağın işğalında iştirakçı olub, milyardlarla silah-sursat, hərbi texnikanı Ermənistana pay verəndə, Qarabağdakı separatçılara dayaq olanda etibarlı olurmuş, amma nəhayətdə yanlışlarını anlayıb, Azərbaycanın ədalətli mövqeyinə hörmətlə yanaşıb, Qarabağın Azərbaycan olduğunu bəyan edəndə, yaxud daha minlərlə hərbçiyə əbəs yerə xərc çəkməyin mənasız olduğunu qəbul edib, sülhməramlı kontingenti geri çağıranda olur “etibarsız”. Görünür, “demokratik” ABŞ demokratiyadan olduğu kimi, etibardan da uzaq düşüb və bu hissin hansı keyfiyyətləri özündə birləşdirdiyini unudub.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki,  Nikol Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməklə, 2022-ci ildəki Praqa razılaşmasında bunu rəsmiləşdirməklə əslində bu məsələyə nöqtə qoyub və sülhməramlıların öz “kürkünü gündə yandırması”nın anlamı qalmayıb. Bütün bunlardan sonra Rusiya hərbi kontingenitini Qarabağda niyə saxlasın ki? 

ABŞ-a xatırlatma etmək istərdik ki, Rusiya sülhməramlı kontingentinin gedişini zəruri edən bir sıra amillər var və onların birincisi Azərbaycan dövlətinin ali iradəsidir. Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi davamıdır Rusiya hərbi kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılması. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərini gərək ki, ABŞ-da da unutmayıblar, ən azı rəsmilər səviyyəsində. Ölkənin Liderinin, yaxud iki dövlət başçısının qəbul etdiyi qərarı niyə üçüncü ölkə müzakirə predmetinə çevirməlidir ki?

Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Hazırda sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingentini çıxarmağa çağırıb. Həmin ABŞ 2022-ci ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin Qazaxıstandan çıxarılmasını çağırmış və bunu alqışlamışdı.   Necə olur Rusiyanı Suriyadan, Afrikadan çıxarmağa çalışan, Gürcüstanın, Ukraynanın ilhaq olunmuş ərazilərinin dərhal azad olunmasını tələb edən ABŞ, Fransa və digərləri rus əsgərlərinin suveren Azərbaycan torpaqlarından tez çıxmasından narahat olurlar, kürklərinə niyə birə düşür?  Görəsən, ABŞ –ın azarı nədir?!

Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhüm təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

Departament rəsmisi deyir ki, “ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır”. Sülh istəyən sülhməramlı kontingentin vaxt itirmədən getməsinə etiraz etməz, əksinə, dəstəkləyərdi. Sülh istəyən Ermənistanı barıt çəlləyinə döndərməzdi, Avropa İttifaqının “mülki” adlı hərbçilərini, cəsuslarını doldurmazdı bu ölkəyə.  Sülh istəyən öz kadrı olan Nikol Paşinyana sakitcə “get, Azərbaycanın 8 kəndini azad et və sülh müqaviləsini imzala” deyərdi, məsələ bitərdi.  ABŞ, “qəti”yyətli dəstəyiniz gözlərimizi yaşardır…

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın da dediyi kimi, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər”.

Düz sözə nə deyəsən?..

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
180
Mənbələr
Şərh ()
Bağla