AZ

Brüsseldə imzalanan pakt böyük fəsadlar törədəcək

Fakt qarşısında qalan Qərb bütün bunları “dezinformasiya” kimi qələmə verir

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq mühiti üçün əlverişli zəmin formalaşdı. Lakin bu yeni geosiyasi konfiqurasiyanı qəbul etməyən güc mərkəzləri dərhal hərəkətə keçdilər. Ermənistanın silahlandırılması, regionda gərginliyin artırılması və yeni reallıqlara əks münasibətlər sistemini müşahidə etməyə başladıq. ABŞ və Fransa başda olmaqla bəzi destruktiv qüvvələr regionda öz varlıqlarını sübut etməyə və Ermənistana hərtərəfli dəstək nümayiş etdirməyə təşəbbüs göstərdilər.

Aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan arasında Brüsseldə keçirilmiş görüşlə bağlı Ermənistanda böyük illüziyalar var idi. Hərbi paktın imzalanması, eləcə də hərbi-siyasi təhlükəsizlik sahəsində hərtərəfli dəstəyin nümayiş olunması və bu dəstəyin birtərəfli qaydada ödənişsiz icrası İrəvanın əsas niyyəti idi. Bütövlükdə isə Qərbin neoimperialist şəbəkələrinin Azərbaycanın iştirakı olmadan Ermənistanla hansısa görüşlər keçirməsi bölgə ilə bağlı məkrli-məqsədli planların növbəti göstəricilərindən biridir. Bu günlərdə sözügedən Brüssel görüşünün detalları bəlli olub.

ABŞ Dövlət Departamenti yayılmış sənədi “dezinformasiya” adlandırısa da, bu ciddi sənəddir. Fakt qarşısında qalanda ən asan yol bunu “dezinformasiya” kimi qələmə verməkdir. Sənəddə əks olunan məqamlar ABŞ-la Ermənistan arasında açıq şəkildə müzakirə olunub. Bu məsələlər Ermənistan nümayəndə heyəti ABŞ-da səfərdə olarkən Pentaqonda və digər qurumlarda görüşlər zamanı konkret müzakirə obyekti olub.

5 aprel görüşünədək müzakirələr davam edib, sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə bu komponenti ört-basdır ediblər. İndi də “dezinformasiya” adlandraraq gündəlikdən çıxarmaq istəyirlər. Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə məsələ gizlədilsə də, ortada real gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.

Prezident İlham Əliyev regionda hazırkı mövcud vəziyyəti qorumaq və eləcə də inkişaf etdirmək istiqamətində çoxsaylı addımlar atmışdır. Sülh, təhlükəsizlik və sabitlik üçün ardıcıl səylər daha da inkişaf etdirilmişdir. Eyni zamanda, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi, müdrikliyi regional təhlükəsizlik təhdidlərinin də aradan qaldırılmasına kömək edir. Brüssel görüşündən öncə Antoni Blinkenin və Ursula Fon der Lyayenin Bakıya zəng etmələri, göstərir ki, Azərbaycan regionda əsas siyasi-iqtisadi güc mərkəzidir.

Heç şübhəsiz ki, Brüssel görüşü Qərbin ikiüzlü siyasətinin açıq-aydın nümayişi oldu. Ötən 30 il ərzində bölgəyə sülhün gəlməsi üçün heç bir addım atmayan, bir milyona yaxın azərbaycanlı qaçqın və məcbüri köçkünün taleyindən narahat olmayan, ərazilərimizin barbarcasına dağıdılmasına heç bir reaksiya verməyən dövlətlər bu gün Azərbaycana qarşı bu cür ikiüzlü siyasəti davam etdirirlər. Biz yaxşı başa düşürük ki, bu görüş bölgəmizə yaxşı heç nə vəd etmir.

Ermənistanı birmənalı olaraq növbəti provokasiyaya, eyni zamanda, revanşizmə və Azərbaycana qarşı düşmənçiliyə təhrik edilir. Burada söhbət bizim bölgəmizdə yeni NATO mexanizminin yaradılmasından və regionda kövrək sülhü pozmaqdan, Azərbaycanın yaratdığı yeni reallığa mane olmaqdan, həmçinin geosiyasi vəziyyəti dəyişmək kimi təhlükəli məqsəd və hədəfləri reallaşdırmaq cəhdindən gedir. Amma bunlar heç bir effekt verməyəcək, Azərbaycan mütləq bütün hədəflərinə və məqsədlərinə nail olacaq.

Avropa Komissiyası nə qədər əsaslandırmağa çalışsa da bu görüş Azərbaycanın, eləcə də bölgənin əleyhinə yönəlib. Müzakirələr, qaldırılan məsələlər açıq-aydın göstərir ki, burada yenə də hədəf və məqsəd Azərbaycandır. Bunu başqa cür başa düşmək qeyri-mümkündür. Çünki Qərbin regionla bağlı qurduğu təxribat planının izləri aşkar şəkildə görünür. Görünən odur ki, Brüsseldə hazırlanan plan böyük fəsadlar törədəcək.

Cavid Əkbər, “İki sahil”

Seçilən
170
Mənbələr
Şərh ()
Bağla