AZ

HAKİMLƏRİN MÜHAKİMƏSİ

17 qol, 30 sarı, 1 qırmızı vərəqə - premyer-liqada 30-cu turun rəqəmli mənzərəsi belədi.

“Football-plus.az” xəbər verir ki, maraqlıdı ki, turun yeganə “qırmızı”sının səbəbi də Mehremiçin aşırı kobudluğu yox, “Səbail” – “Kəpəz” oyununu idarə edən Cavid Cəlilovla münasibət qura bilməməsi oldu. Daha doğrusu, hakim protokolda təhqir olunduğunu yazıbsa, bosniyalı müdafiəçi də Cəlilovun təhqirinə məruz qaldığını bildirib. Kimin düzgün danışdığını demək çətindi, amma bunu dəqiq deyə bilərik ki, Cəlilov hədsiz çox fit çalmaqla Bayıldakı qarşılaşmanın daha parlaq alınmasına imkan vermədi.

Sumqayıt – Zirə, TURAL QURBANOV
Avrokuboklara iddialı komandaların qarşılaşmasında rəqabətin son həddə çatacağını gözləyirdik. Lakin tərəflər temp və təhlükəli vəziyyətlərin sayı baxımından gözləntiləri doğrultmadı. Belədə hakimin çiynindəki “yük” də yüngül oldu. Qurbanov iki dəfə “Sumqayıt”ın, üç dəfə “Zirə”nin futbolçuları üçün əlini cibinə atdı. Onun ən böyük günahını isə VAR “yudu”. Təbii ki, müdaxilə edilməsə, “Zirə”nin qapısına təyin edilən penaltiylə növbəti biabırçılıq rəsmiləşəcəkdi. Çünki 62-ci dəqiqədə top Ruan Renatonun əlinə yox, çiyninə toxunmuşdu. Referi oyunun müntəzəm saxlanılmasına qarşı çıxan Samir Abasovu da bağışlamadı. Hər halda, “Sumqayıt”ın baş məşqçisi “qartallar”ın tez-tez yerdə qalmasını və bu üzdən fitin səslənməsini həzm edə bilmirdi. Ümumiyyətlə, ədalət təmsilçisinin idarəçiliyinə nə yaxşı, nə də pis demək olar.

Sabah – Qarabağ, RƏVAN HƏMZƏZADƏ
Nəinki qələbəyə, bir xala belə hava-su kimi ehtiyacı olan “Sabah”ın “Qarabağ”la duelində turun ən gözlənilməz nəticəsi qeydə alındı. Masazır təmsilçisi köhnə-yeni çempionu məğlub yola saldığı matçda hədsiz aqressiv oyun tərziylə yadda qaldı. Referi, demək olar ki, heç bir epizodda “bayquşlar”a mərhəmət göstərmədi. “Qarabağ”ın zəif təsir bağışlaması fonunda “Sabah”ın xeyli qayda pozuntusu cəzayla nəticələndi. Yenə də Həmzəzadənin “Sabah”ın 3-cü qolundakı fəaliyyəti təftişə layiqdi. Tellur Mütəllimovun qolu ilə nəticələnən hücumun başlanğıcında İshak Belfodil Bədavi Hüseynova dirsək zərbəsi endirmişdi.

Neftçi – Araz-Naxçıvan, ƏLİYAR AĞAYEV
Meydan sahiblərinin tam üstünlüyü şəraitində keçən matçda Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən ciddi səhvi olmadı. Referi futbolçulara 6 sarı vərəqə göstərdi ki, bunların hamısı haqlı idi. Hətta onun “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçə rəsmi xəbərdarlığı da yerində idi. Ağayev bu addımla “mən burdayam, vəziyyətə nəzarət edirəm” siqnalı verdi. Ümumilikdə FİFA referisi oyunu ideal idarə etdi. Onun qərarları və mövqe seçimi doğru idi.

Səbail - Kəpəz, CAVİD CƏLİLOV
Oyun yetərincə sürətli və gərgin mübarizə şəraitində keçdi. Qeyd-şərtsiz demək olar ki, hakimlər briqadası, xüsusən də referi Cavid Cəlilov bu gərginliyin altında qaldı. Ən zəhlətökən məqam hakimin tez-tez fit çalması idi. Cəlilov tez-tez oyunun axarına müdaxilə etməklə sanki hadisələrin nəzarətdən çıxacağından çəkinirdi. Bir sözlə, referi bu parlaq oyunla bağlı ümumi təəssürata bir qədər kölgə saldı. Adi Mehremiçlə dialoqundan isə xəbər tuta bilmədik.

Qəbələ – Turan Tovuz, RAUF CABBAROV
FİFA referisinin meydandakı qərarsızlığı dərhal diqqəti çəkdi. Belə ki, Cabbarov ən kiçik məqamların təfsirində də çətinlik çəkirdi. Bu isə izləyicilər tərəfindən heç də xoş qarşılanmadı. Ümumilikdə matçda ən yaddaqalan hadisə penaltinin verilməsi oldu ki, bu da doğru qərar idi. Hətta Fərid Nəbiyev qolkiper Kristof Atanqana ilə mübarizədə yerdə qalarkən də Cabbarov doğru qərar – “davam” işarəsi verdi. Çünki epziodun təkrarına baxanda qapıçının oyunçuya heç bir müdaxilə etmədiyini gördük. Sonuncu dəqiqələrdə Okan Təhməzlinin zərbəsi zamanı qəbələlilər topun tovuzlu futbolçuların əlinə dəydiyini iddia etsə də, VAR-a baxan referi penalti olmadığını bildirdi. Bu qərar da doğru idi.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla