AZ

Premyer Liqada sərhədləri aşan avrokuboklar mübarizəsi

Azərbaycan Premyer Liqasında mübarizə sona yaxınlaşdıqca gərginlik də artmaqdadır. Doğrudur, hərçənd “əbədi çempion” titulunu qazanmış “Qarabağ” sona hələ xeyli qalmış öz növbəti çempionluğunu təmin edib ən yaxın izləyicisinə 25 xal fərq atsa da, avrokuboklara vəsiqə verən digər yerlər uğrunda mübarizə nəfəs kəsir. Belə ki, ikinci pillədə qərarlaşmış “Neftçi” ilə 7-ci pillədə qərarlaşmış “Səbail” arasında cəmi 8 xal fərq var ki, bu da mövsümü “ilk dördlük”də tamamlamaq istəyən komandalar üçün əla imkandır. Təsəvvür edin ki, ikinci pillə ilə üçüncü arasında 1, üçüncü ilə 4-cü arasında 2, dördüncü ilə 5-ci arasında 1 xal, daha aşağı pillədəki komanda ilə isə cəmi 3 xal fərq var. Rəqəmlərlə başınızı ağrıtmaqda məqsədimiz mənzərəni daha real təsvir etməkdir. Deməli, qarşıdakı turlarda əldə olunacaq bir qələbə, uduzulacaq bir oyun turnir cədvəlində çox ciddi dəyişikliyə səbəb ola bilər. İkinci yerdəki 5-ə, 5-dəki 3-ə, 3-dəki ikiyə, ikidəki isə 4-cü yerə çıxa bilər. Variantları çox uzatmaq da olar, amma bunun üçün gərək riyaziyyat üzrə professor olasan, ya da ehtimal nəzəriyyəsi üzrə doktorant.

Çempionatda belə mənzərə yaranmışkən mübarizənin təkcə yaşıl meydanlarda getməyəcəyi aydın məsələdir. Təssüf ki, bəzi komandalar meydanda öz güclərinə arxayın olmadıqları üçün müxtəlif üsullarlar, hər vəchlə həm də meydandan kənardakı oyunları ilə önə çıxmağa çalışırlar. Belə üsullardan biri də mətbuat vasitəsi ilə süni ajiotaj yaratmaq cəhdidir. Amma açıq deyək ki, bu cəhdlər kənardan süni və gülünc görünür. Avropkuboklara iddia edən bəzi komandalar öz ruporları vasitəsilə hay-küy salmağa, guya “sıxılmaq”ları, “əzilmək”ləri haqqında el-aləmə car çəkmək istəyirlər. Bu da həm oyunu idarə edən hakimlər, həm ictimaiyyət, həm də rəqib üzərində süni təzyiq yaratmaq cəhdindən başqa bir şey deyil.

Nədənsə son vaxtlar oxların əsas hədəflərindən biri də “Sumqayıt”dır. Mövsümə gözləniləndən yaxşı start verən, futbol ili boyunca yuxarı pillələri tərk etməyən, məzmunlu oyunu, məşqçi işi ilə fərqlənən “kimyaçılar”ın uğuru deyəsən kimlərinsə xoşuna gəlmir. “Gənclik şəhəri”nin təmsilçilərinin son turlarda avrokubok iddialarını davam etdirməsi və sona qədər mübarizədən uzaq düşməyəcəyi kimlərinsə əhvalını pozub ki, onların haqqında müxtəlif iddialar, uydurmalar səsləndirilir. Belə iddialardan biri də guya kimlərinsə hakimlərin əli ilə “Sumqayıt”ı “dartması”dır.

Gəlin, etiraf edək ki, bu mövsüm ölkə çempionatında hakimliyin səviyyəsi olduqca aşağı səviyyədədir. Təsadüfi deyil ki, hələ mövsümün lap əvvəlindən Rəşad Sadıqov, sabiq “Araz Naxçıvan”lı Azər Bağırov, “Sabah”ın keçmiş rusiyalı baş məşqçisi Murad Musayev, elə “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov, mövsümə “Qəbələ”də başlayıb hazırda “Araz Naxçıvan”ı çalışdıran Elmar Baxşıyev, “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu, hazırkı çalışdırıcısı Miodraq Bojovic, hətta az qala yarım gücü ilə çempionluğu artıq təmin etmiş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da zaman-zaman hakim idarəçiliyindən şikayət edib. Əgər bu qədər adam bir şeydən şikayət edirsə, deməli, orda nəsə düz getmir. Əgər həqiqətən hakimlik bu qədər bərbad vəziyyətdədirsə, onda niyə hansısa komandanın “dartılmağı”ndan danışırıq ki? Bu gün “Sumqayıt” üzərindən oynanan oyunlar, yaradılan süni ajiotaj onu deməyə əsas verir ki, kimin arxası güclüdür, kimin səsi yüksək çıxırsa, deməli o haqlıdır?

Əgər hakimlər aşkar şəkildə “kimyaçılar”a simpatiya bəsləyirlərsə, niyə komandanın baş məşqçisi Samir Abasov geridə qalan 30 turun düz 7-sində cəza səbəbindən komandasının başında ola bilməyib? Niyə digər məşqçilərin az qala hakimlərlə əl-qol savaşına göz yumanlar Abasovun adicə xətti yarım metr keçməsinə tolerant yanaşa bilmirlər? Niyə “Sumqayıt”ın baş məşqçisi bir yana, hətta köməkçi məşqçilərinin də sözləri “hakimlərin boğazından keçmir”? “Araz Naxçıvan”la matçda baş hakim Kamranbəy Rəhimovun şübhəli penalti qərarını əllərində bayraq edənlər elə həmin oyunda heç bir səbəb olmadan məşqçi Seymur Rəhimovun meydandan qovulmasını, “Sumqayıt”ın iki oyunçusunun – Oktavio Manteka və Masaki Muratanın adi vəziyyətdə sarı vərəqə ilə cəzalandırılaraq “Neftçi” ilə matçda cəzalı duruma düşürülməsini qeyd etmirlər?

Niyə mövsüm ərzində 4 sarı vərəqə aldığı üçün “Araz Naxçıvan”la oyunu buraxdıqdan sonra meydana çıxdığı hər iki oyunda yenidən “qara donlular”ın “sarı”sı ilə qarşılaşan Samir Abasovun üzləşdiyi durumu kimsə açıb-ağartmır? Sərf eləmir, ya axına əks istiqamətdə üzmək üçün cəsarətləri çatmır?

Bəlkə küyə qoşulublar, bəlkə palaza bürünüb ellə sürünürlər, bilmirəm, amma fakt odur ki, bu gün süni ajiotaj yaradılır və yaxşı, məzmunlu oynayan komanda kimlərinsə sifarişi ilə sıxılır.

Sabah Tovuzda “Turan Tovuz”la qarşılaşacaq “Sumqayıt” ətrafında ajiotajın pik həddə çatmağı da bununla əlaqədardır. Hələ oyuna hakim təyinatları olmasa da, artıq təyin olunacaq hakimlər üzərində təzyiq yaratmaq cəhdi də bundan qaynaqlanır. Mövsüm boyu hakim shəvləri demək olar ki, hər turda, hər turun azı iki oyununda müzakirə olunub, deyilib, danışılıb. Kiminsə lehinə, kiminsə əleyhinə. Amma konkret ad çəkib hansısa komandanın dartılması ilə bağlı iddia səsləndiririksə, bunun üçün əlimizdə fakt olmalıdır. Fakt yoxdursa, bu, iftiradır. İftira isə heç kəsə yaraşmır!

SPORTİNFO.AZ

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla