AZ

“Ingenuity” Marsdan son mesajını göndərdi

NASA-nın Marsa göndərdiyi "İngenuity"nin son mesajı Yerə çatıb.

Valyuta.az xəbər verir ki, “İngenuity”nin missiyası yanvarın 18-də 72-ci uçuşu zamanı Qırmızı Planetə sərt eniş edərkən aldığı zərərdən sonra sona çatıb. Bununla belə, məlumat toplamağa və Mars kəşfiyyat vasitəsi olan “Perseverance” ilə əlaqə saxlamağa davam edən “İngenuity”nin vida mesajı aprelin 16-da ortaya çıxıb.

Reaktiv Hərəkət Laboratoriyasında elm adamları NASA-nın dərin kosmos şəbəkəsi vasitəsilə bu kiçik helikopterin mesajını qəbul ediblər. Kəşfiyyatçı cihaz bu missiyada əməyi keçən hər kəsin adını saymaqla vidalaşıb. Tədqiqatçıların ilk dəfə “Perseverance”a göndərdikləri mesaj daha sonra “İngenuity”ə və yenidən “Perseverance”a ötürülərək Yerə göndərilib. Helikopter NASA ilə birbaşa əlaqə qura bilmədiyi üçün bunu “Perseverance” vasitəsilə edib. Missiyasının başa çatmasına baxmayaraq “İngenuity” qalan həyatına da Marsdan məlumatlar göndərməklə davam edəcək. Vertolyot günəş panelləri və avadanlıqları haqqında məlumat toplamaq, Qırmızı Planetin səthinin rəngli fotoşəkillərini çəkmək və temperatur məlumatlarını əldə etmək əmrini verən bir proqram yeniləməsi alıb. NASA-dan aprelin 16-da verilən açıqlamada, bu yeniləmənin lazımi şəkildə işlədiyi bildirilib. Digər tərəfdən, məlumatlar helikopterdə saxlanılacaq və Yerə geri göndərilməyəcək. Yalnız astronavtlar gələcəkdə planetə gedərsə, onları götürə bilərlər.

Helikopter ilk dəfə 2021-ci il fevralın 18-də “Perseverance”la birlikdə Qırmızı Planetə eniş edərək, həmin ilin 19 aprelində başqa planetdə idarə olunan uçuş həyata keçirən ilk motorlu nəqliyyat vasitəsi olub.

“Ingenuity”nin ilkin məqsədi 30 gün boyunca beş missiya həyata keçirmək idi. Lakin vertolyot Marsın ətrafında 72 dəfə uçdu, havada iki saatdan artıq vaxt keçirdi və gözlənildiyindən 14 dəfə çox uzağa getdi.

Elmir

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla