AZ

Arauxo “Barsa”nı “dəfn etdi”

Çempionlar Liqasında çərşənbə axşamı keçirilən 1/4 finalın cavab oyunlarını qısaca belə xarakterizə etmək olar: ilk oyunda qələbə qazanan və bu üzdən mərhələ adlamaq şansı yüksək dəyərləndirilən İspaniya nəhəngləri fiasko ilə üzləşdi.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nı artıq 29-u dəqiqədə “qırmızı” ilə cəzalanan Arauxo “dəfn etdi”, “hindular” da 0:2-ni 2:2 edəndən sonra işini bitmiş saydı. Görünür, Almaniya komandaları ilə oyunlarda sona qədər mübarizə aparmağın lazım olduğunu unutmuşdular.

1/4 final, cavab oyunları
Barselona – PSJ 1:4 (1:1)
Barselona (İspaniya): Ter Ştegen, Kunde, Arauxo, Kubarsi, Kanselo (Feliş, 82), De Yonq (F.Lopes, 83), Gündoğan, Pedri (Torres, 62), Yamal (Martines, 34), Levandovski, Rafinya.
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, L.Ernandes, Mendeş, Zair-Emeri (Uqarte, 80), Vitinya, Ruis (Asensio, 77), Dembele (Kolo Muani, 88), K.Mbappe, Barkola (Li Kan İn, 77).
Qollar: Rafinya, 12 (1:0). Dembele, 40 (1:1). Vitinya, 54 (1:2). K.Mbappe, 61-p. (1:3). K.Mbappe, 89 (1:4).
Vərəqələr: K.Mbappe, 40. Martines, 40. Ruis, 45+1. Levandovski, 50. Markinyos, 62. Gündoğan, 64. Donnarumma, 87. Rafinya, 90+7. F.Lopes, 90+7 – sarı. Arauxo, 29 – qırmızı.
Hakim: İştvan Kovaç (Rumıniya).
16 aprel. Barselona. 50309 tamaşaçı.
İlk oyun – 3:2.

oyunun statistikası
qapıya (“çərçivə”yə) zərbə
künc zərbəsi
ofsayd
qayda pozuntusu
5 (1) sarı (qırmızı) vərəqə 4 (0)
topa sahibolma (faizlə)

Bu cütün ilk oyununda komandalar parlaq futbol tamaşası göstərmiş, azarkeşlər 5 qol görmüşdü. Təbii ki, ilk oyundakı qələbə “Barselona”nın növbəti mərhələyə adlamaq şansını artırmışdı. Bu duelə özəllik qatan daha bir məqam hazırda PSJ-ni çalışdıran Luis Enrikenin vaxtilə kataloniyalıların “sükanı arxasında” olması idi. “Barsa”nın buna qədər sonuncu dəfə yanvarda uduzduğunu da xatırladaq. Yeri gəlmişkən, həftəsonu çempionat oyununa çıxmayan PSJ-nin bu qarşılaşmaya hazırlaşmaq imkanı daha yaxşı idi. Heyətlə bağlı itkilərə gəlincə, meydan sahiblərinə cəzalı Kristensenlə Serxi Roberto, eləcə də zədəlilər – Balde ilə Qavi kömək edə bilməyəcəkdi. Qonaqlar isə Riko, Kimpembe və Kyurzavanın xidmətindən məhrum idi.
Cavab görüşü də yetərincə məhsuldar alındı. Yenə 5 qol vuruldu, ancaq qələbəni Fransa çempionu bayram etdi. Belə görünürdü ki, Xavinin komandası Parisdəki uğurdan sonra yarımfinala daha yaxındı. Üstəlik cavab görüşünün əvvəli də bu qənaəti möhkəmlətdi. Parislilər topa nəzarət etsələr də, meydan sahibləri bunun əleyhinə deyildi. Onlar elə ilk tutarlı hücumda hesabı açdı. Yenə Rafinya ön planda idi. İlk oyunda dubl edən braziliyalı bu dəfə 12-ci dəqiqədə Yamalın ötürməsindən sonra fərqləndi. Ardından meydan sahibləri təşəbbüsü əldən verdi. İlk yarım saatın tamamında cərimə meydançasının xətti üzərində Barkolaya qarşı kobudluq edən Arauxo birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Buna qədər rəqibə təhlükəli vəziyyətlər yaratmağa imkan verməyən “Barsa”nın oyunu dərhal dəyişdi, özünəinam itdi. Dembele artıq fasiləyə qədər dubl edə bilərdi. Ancaq kataloniyalıların sabiq oyunçusunun gücü hesabı bərabərləşdirməyə çatdı.

Fasilənin “Barsa”nın işinə yaraya biləcəyini düşününlər çox tez yanıldıqlarını anladılar. 2-ci hissənin əvvəlində PSJ qibtəolunası müntəzəmliklə təhlükəli vəziyyətlər yaratmağa başladı. Artıq 54-cü dəqiqədə Vitinya qonaqları irəli çıxardı. Maraqlıdı ki, Parisdə də ilk üç qolu məhz eyni futbolçular vurmuşdu. Meydan sahibləri özünə gəlməyə macal tapmamış Kanselo Dembeleyə qarşı kobudluq etdi və hakim “nöqtə”ni göstərdi. Mbappe Ter Ştegenə heç bir şans vermədi. Hələ buna qədər, daha dəqiqi, 56-cı dəqiqədə Xavi də “qırmızı” ilə cəzalandırılmışdı. Amma bu məqam kataloniyalıları ruhdan salmadı. Onlar azlıqda yetərincə təhlükəli vəziyyət yaratdı, Levandovski, Torres və Rafinya fərqlənə bilmədi. 89-cu dəqiqədə Kundenin kobud səhvindən sonra dubl edən Mbappe oyunda son nöqtəni qoydu. PSJ belə möhtəşəm geridönüşdən sonra “Borussiya”ya rəqib oldu. Mbappe ilə komandasının finala çıxması tam realdı.

Oyundan sonra...
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Bərabər heyətlərlə oynayanda vəziyyət yaxşı idi. Qırmızı vərəqə oyunun axarını büsbütün dəyişdi. Arauxo qovulandan sonra etdiyimiz dəyişikliklərdə o qədər də əmin deyildik. Təəssüf ki, Yamalı Martineslə əvəzləməli olduq. Oyundan sonra referiyə çox pis işlədiyini dedim. Bu, fəlakət idi. Nə deyirik-deyək, fakt faktlığında qalır: qırmızı vərəqə oyunu korladı. Hakimlər haqda danışmağı sevmirəm, ancaq belə vəziyyətdə susa bilmərik”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Uşaqlarla qürur duyuram. Burda nəyə nail olmaq istədiyimizi göstərdik. Qol buraxsaq da, sınmadıq. “Barselona”nı keçmək üçün mümkün olan hər şeyi etdik. Bu qələbəni azarkeşlərə borcluyuq, xüsusən də tribunalarda olanlara. İlk oyunu dərindən təhlil edəndən sonra əmin olmuşdum ki, həmin gün məğlubiyyətə layiq deyildik. Oyunçularım qoldan sonra da özünəinamı itirmədi. Mənim üçün çox önəmli olan sabiq komandama qarşı oynamaq çətin idi. Ancaq peşəkar kimi öz işimi görməliydim”.


Faktlar
* PSJ tarixində üçüncü dəfə ÇL-in yarımfinalında oynayacaq. Paris klubu 2020/21 mövsümündə “Mançester Siti”yə uduzub (1:2, 0:2). 2019/20 mövsümündə yarımfinalda “Leyptsiq”i arxada qoysalar (3:0) da, finalda “Bavariya”ya uduzublar (0:1).
* Dubl edən Mbappe qitənin ən nüfuzlu klub turnirindəki qollarının sayını 48-ə çatdırdı. 28 yaşlı fransalı ulduz ÇL-də qol sayına görə Şevçenko ilə İbrahimoviçə çatdı. İndi onlar 3-cü yeri bölüşür. ÇL-in bu göstəricidəki rekordçusu usə 140 qolla Kriştiano Ronaldodu. ÇL-in bombardirləri: 1. K.Ronaldo – 140, 2. Messi – 129, 3. Levandovski – 94, 4. Benzema – 90, 5. Raul – 71, 6. Van Nistelroy – 56, 7. T.Müller – 54, 8. Anri – 50, 9. K.Mbappe, Şevçenko, İbrahimoviç – 48.
* “Barselona” tarixində ilk dəfə səfər oyununda qələbə qazanandan sonra ÇL-in pley-offunda mübarizəni dayandırdı. İki oyunun nəticəsinə görə PSJ üstün oldu (6:4).
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla