AZ

Qol vurmağı unudan Juninyonun ailə dərdi – Təkliyə dözə bilmir

“Qarabağ”ın ən sərrast futbolçusu olan Juninyo Olaviyo kölgəyə çəkilib.

Mövsümün startından bu yana rəqib komandalara qan udduran, müdafiəçilərə nəfəs almağa imkan verməyən “18 nömrə” avrokubok mübarizəsi başa çatandan sonra yoxa çıxıb sanki.

Premyer Liqada hesabında 17 qol olan braziliyalı hücumçu bu topların 13-nə avqustdan dekabra qədər olan dönəmdə imza atıb.

Yeni ildə 7-si əsas heyətdə olmaqla ümumilikdə 11 matçda şans qazanıb ki, cəmi 4 qola imzasını yazdırıb. Qısası, çempionatın ilk yarısında 18 qarşılaşmada 13 dəfə fərqlənən forvard mövsümün ikinci yarısında 11 oyunda 4 qol vurub.

Əksəriyyəti düşündürən məqam Juninyonun məhsuldarlığındakı enişin səbəbidir. Baş məşqçi həminkidir, futbolçular dəyişməyib, maaş və mükafatlar vaxtında köçürülür. Bəs, bu adamın dərdi nədir?

Başlıca problem səbəbkarın müxtəlif menecerlər vasitəsi ilə başgicəlləndirici maaş qarşılığında təkliflər almasıdır. Ona bir il üçün “Qarabağ”dakından qat-qat artıq məvacib vəd edilir. Juninyo üçün missiya başa çatıb.

Çempionatın bombardiridir, qızıl medal qazanıb, avrokuboklarda 6 qola imzasını yazdırıb, qeyri-adi hadisə yaşanmasa, kuboku da başının üzərinə qaldıracaq.

Reklamını artıqlaması ilə edib, adı dillərdə gəzir, indi də oturub mövsümün başa çatmasını gözləyir. Klubunu dəyişməsə belə, mövsümün yorğunluğunu çıxarmaq istəyir.

Başqa dərdi xanımı ilə bağlıdır. Həyat yoldaşı artıq xeyli vaxtdır hamilədir. Mart ayına kimi yanındaydı. Lakin uşağı dünyaya gətirməyə az müddət qaldığından məcbur Braziliyaya uçmalı oldu.

Juninyo sevdiyi xanımdan ayrı düşərək Bakıda tək yaşayır. Küçə butikində dönər yeməsindən tutmuş Kirov parkında tək gəzməsinə qədər – hər şey futbolçunun darıxdığını göstərir.

Bəlkə də baş məşqçidən icazə alıb bir neçə həftəlik Braziliyaya gedəcəyinə ümid edirdi.

Görünən odur ki, alışdığı ailə mühitindən uzaq düşməsi Juninyonu oyunlara tam köklənib, məhsuldarlığını əvvəlkitək göstərməsinə mane olur.

Yəqin ki, “kökdən düşən” hücumçunu “sazlamaq” üçün Qurban Qurbanovun bildiyi bir şey var.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla