AZ

Brazileyrao-2024 başladı!

4 ay fasilədən sonra Braziliya çempionatının yeni mövsümünə start verildi.

“Football-plus.az” xəbər verir ki, aprelin 13-14-də A seriyasında 1-ci turun oyunları keçirildi.

Brazileyrao-2024-ün dekabrın 8-də başa vurulması nəzərdə tutulub. Turnirin reqlamentini də xatırladaq. A seriyasında əvvəlki kimi 20 komanda müxtəlif hədəflər uğrunda ikidövrəli sistemlə mübarizə aparacaq. Yekun turnir cədvəlində ilk 4 yeri tutacaq komandalar birbaşa Libertadores Kubokunun (LK) qrup mərhələsinə, 5-6-cı yerlərdə qərarlaşacaq iştirakçılar bu turnirin təsnifat mərhələsinə vəsiqə qazanacaqlar. Mövsümü 7-12-ci yerlərdə başa vuracaq komandalar Sudamerikana Kubokunda çıxış etmək hüququna yiyələnəcəklər. Son 4 pilləni tutacaq komandalar isə B seriyasına düşəcəklər.
Onu da xatırladaq ki, 2023-cü il mövsümündə “Palmeyras” çempion olub, “Qremio” 2-ci, “Atletiko Mineyro” isə 3-cü yeri tutub. Son mövsümü uyğun olaraq 17-20-ci yerlərdə başa vuran “Santos”, “Qoyas”, “Koritiba” və “Amerika Mineyro” A seriyasını tərk edib. Bu komandaları yeni mövsümdə “Vitoriya”, “Krisiuma”, “Juventude” və “Atletiko Qoyaniense”
əvəzləyəcək. “Juventude” və “Atletiko Qoyaniense”nin yüksək liqaya birillik fasilədən sonra qayıtdıqlarını da bildirək.

Birinci turda qeydə alınan nəticələrə gəlincə, ilk növbədə ötən mövsümün mükafatçılarının fərqli startla yadda qaldıqlarını qeyd edək. Son çempion “Palmeyras” səfərdə “Vitoriya”nın qonağı oldu. Abel Ferreyranın komandası minimal hesabla qalib gəldi. Vitse-çempion “Qremio” səfərdə “Vasku da Qama”dan xal ala bilmədi – 1:2. Son mövsümün bürünc mükafatçısı “Atletiko Mineyro” isə səfərdə “Korintians” ilə qolsuz “sülh”ə razılaşdı.
İlk turda yeganə böyükhesablı qələbəyə “Atletiko Paranaense” nail oldu. Amma əvvəlcə komandada yeni mövsümün startına bir neçə həftə qalmış baş məşqçi dəyişikliyinin olduğunu qeyd edək. Bu vəzifəyə martda Kuka təyinat alıb. 60 yaşlı mütəxəssisin yeni komandası mövsümün ilk turunda “Kuyaba”ya 4:0 hesabıyla qalib gəldi.

1-ci tur
Vitoriya - Palmeyras 0:1
Rios, 20.
Vasku da Qama – Qremio 2:1
David, 24. Mateus Karvalyo, 37 – Qustavo Martin, 68.
Korintians - Atletiko Mineyro 0:0
İnternasyonal - Bayya 2:1
Uesli, 72. Fernando, 83 – Byel, 70.
Krisiuma – Juventude 1:1
Renato Kayzer, 36 – Jean Karlos, 64.
Fluminense - Braqantino 2:2
Lima, 45+4; 68 - Eduardo Saşa, 47. Borbas, 52.
San Paulu - Fortaleza 1:2
Andre Silva, 84 – Lusero, 66. Maçuka, 80.
Atletiko Paranaense – Kuyaba 4:0
Pablo, 23. Kanobbio, 34. Qodoy, 39. Mastriani, 81.
Atletiko Qoyaniense – Flamenqo 1:2
Luiz Fernando, 63 – De la Krus, 45+6. Pedro, 90+13-p.
Kruzeyro - Botafoqo RJ 3:2
Lukas Silva, 20. Rafa Silva, 65. Rafael Elias, 90+1 - Tikinyo Soares, 5. Danilo Barboza, 83.
Bombardir: Lima (Fluminense) – 2.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla