AZ

Avropa çempionu: "Dünya birinciliyində "qızıl" qazanmaq niyyətindəyəm"

Azərbaycan boksçuları Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında 2 qızıl medal qazanıblar. Ömər Aslanlı və Bilalhəbaşi Nəzərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ömər Aslanlı çempionluq təəssüratlarını "FutbolPress"lə bölüşdü:

"Uzun müddətdir ki, Avropa çempionatına hazırlaşırdım. Məqsədim qitə birinciliyində qalib olmaq idi. Şükür Allaha ki, bunu bacara bildim. Bu uğuru qazanmaqda mənə daim dəstək olan hər bir məşqçimə təşəkkür edirəm. Onların düzgün göstərişləri sayəsində Avropanın ən güclüsü oldum. Döyüşlərim çətin keçdi. 1/4 final mərhələsində İngiltərə təmsilçisi ilə qarşılaşma ən çətin döyüşüm idi. Lakin qələbə qazanmağı bacardım. Digər qarşılaşmalarım o qədər də çətin deyildi. Qeyd edə bilərəm ki, xüsusən də final görüşündə ukraynalı idmançıya qarşı rahat döyüşdüm".

Çempion millinin qitə birinciliyindəki çıxışını qiymətləndirdi:

"Komanda yoldaşlarım turnirə ciddi hazırlaşmışdılar. Gərgin məşqlər keçirdik. Millimiz Xorvatiyaya tam heyətlə getmişdi. Hər biri yaxşı çıxış etdi. Məğlub olmalarına baxmayaraq, çıxışları alqışlanasıdır. Yarışı 2 "qızıl"la başa vurduq. Bunu böyük uğur hesab etmək olar".

Müsahibim qarşıdan gələn dünya çempionatı üçün iddialıdır:

"İnşallah, məqsədim milli komanda ilə birlikdə hazırlaşıb noyabrda Xorvatiyada keçiriləcək dünya çempionatında uğur qazanmaqdır. Nəticə vermək istəyirəm. Avropa çempionu olduğum kimi, dünya birinciliyində "qızıl" qazanmaq niyyətindəyəm".

Məlik Məlikov
Seçilən
119
Mənbələr
Şərh ()
Bağla