AZ

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tarixi

Qazax, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qazax şəhərində yerləşən XIX əsrə aid “Cümə məscidi” və “İsrafil Ağa hamamı” abidələrində tədbir təşkil edilib.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltməkdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, çıxışlarda rayon ərazisindəki abidələr və onların tarixi haqqında iştirakçılara geniş məlumat verilib. Bildirilib ki, abidələrimizin qorunması keçmiş irsimizin gələcək nəsillərə ötürülməsində vacib rol oynayır.

Daha sonra tədbir iştirakçılarının Qazax şəhərinin mərkəzində yerləşən “Cümə məscidi”nə ekskursiyası təşkil edilib, tarixi abidələri əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi də təqdim edilib, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin çıxışları olub.

Tədbir iştirakçıları daha sonra “İsrafil Ağa hamamı”nı və Müəllimlər Seminariyasının binasını ziyarət ediblər.

Sonda şagirdlərin ifasında “Vətəndən pay olmayır” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla