AZ

Müştəri pivə bakalını kafe sahibinin başında sındırdı — MƏHKƏMƏ

Qax rayonunda 1997-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Aqşinə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 avqust 2023-cü ildə, saat 23.00-da Qax rayonu, Baydarlı kəndində baş verib. Əli kəndin mərkəzində yerləşən Aqşinin işlətdiyi “Camaloğlu” kafesinə gələrək kafenin həyətində heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib. 

Daha sonra kafedən çöldə yerləşən yolda kafenin sahibi Aqşinin zor tətbiq edərək kafedən əvvəlcədən götürdüyü pivə bakalı ilə sol ayaq nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə vurub.  Aqşinə bədən xəsarət yetirib, həmçinin bakalının sınması nəticəsində ona 3 manat dəyərində maddi ziyan vurub. 

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, baş verən hadisə onun yadında deyil: “Təxminən 5 və ya 6 bakal pivə içdim. Daha sonra sərxoş olduğum üçün baş vermiş hadisəni tam təfərrüatı ilə xatırlamıram. Aqşini vurduğumu etiraf edirəm. Lakin Aqşinlə ictimai yerdə deyil, kafedən çöldə dalaşmışam. Çölə çıxarkən əlimdə pivə bakalı olub. Lakin bayıra dalaşmaq niyyəti ilə yox, söhbət etmək üçün çıxmışıq. Aqşin ilə heç bir düşmənçiliyim-ədavətim yoxdur. Kafedə və kafedən çöldə nalayiq söyüşlər söyməmişəm. Aqşin yolun kənarında pivə bakalı ilə vurarkən yaxınlıqda heç kim olmayıb. Hərəkətimdən peşman olmuşam”. 

İş üzrə zərərçəkmiş Aqşinin sözlərinə görə, Əlini tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur: “Qax rayonu Baydarlı kəndində yaşayıram və kənddə yerləşən kafeni işlədirəm. Əli ilə aramızda heç bir münaqişə olmayıb. Hadisə baş verən günü Əli kafedə olub və içkili olub. Münaqişə yaranmasın deyə Əlini kafedən çölə çıxartdım. Əlinin əlində pivə bakalı olub. Çöldə Əli ilə söhbət edərək ona sərxoş olduğuna görə irad bildirdim. Həmin vaxtı Əli söyüş söymədi. Əlinin kafenin içərisində də söyüş söydüyünü eşitməmişəm. Söhbət etdikdən sonra dönüb geri gələn zaman qəfildən Əli bakalla sol ayağıma vurdu. Əlinin məni vuracağını gözləməmişəm”.

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə Əliyə bəraət verilib. 
Əli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin cəzasını yaşayış yeri üzrə çəkməsi qərara alınıb. Təqsirləndirilən şəxsin üzərinə gün ərzində Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Baydarlı kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22.00-dan növbəti gün səhər saat 07.00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla