AZ

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Kənd

Ankara, 18 aprel, AZƏRTAC

Türkiyə ilə aqrar sahədə əməkdaşlıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər baxımından da çox əhəmiyyətlidir.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavabında Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazirin sözlərinə görə, aprelin 18-də Ankara şəhərində imzalanan kənd təsərrüfatı sahəsinə dair sənəd Qarabağ və Şərqi Zəngəzur üçün xüsusi önəm kəsb edir.

“İmzalanan sənəd Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə elmi təcrübə mübadiləsini nəzərdə tutur. Bununla yanaşı, erməni işğalının nəticələrini hər birimiz yaxşı bilirik. Bu baxımdan Türkiyə ilə imzalanan sənəd Qarabağ və Şərqi Zəngəzur üçün xüsusilə lazımlı sənəddir”, - deyə nazir vurğulayıb.

Kənd təsərrüfatı sahəsində elmi tədqiqatların əhəmiyyətinə də diqqət çəkən Məcnun Məmmədov bildirib ki, təcrübə mübadiləsi hər iki qardaş ölkənin aqrar sahəsinin inkişafına xidmət edir.

İqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı sualı da cavablandıran kənd təsərrüfatı naziri deyib: “Müasir dövrdə araşdırma mərkəzləri olmadan kənd təsərrüfatında məhsuldarlıqdan bəhs etmək mümkün deyil. Əfsuslar olsun ki, iqlim dəyişikliyinin bütün miqyasını, nəticələrini bu gün müəyyən edə bilmirik. Aqrar sektorun elmə əsaslanaraq inkişafı ölkələrimiz üçün vacib amildir”.

Qeyd edək ki, bu gün Ankarada Azərbaycan Respublikasının Kənd Təsərrufatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyyanaməsi və İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla