AZ

Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından bu gün 31 il ötür.
 
Həmin dövrdə baş verən hadisələr, ermənilərin hücumu, Birinci Qarabağ müharibəsinin başlanması və Kəlbəcərdə törədilən qırğınlar… 
 
Biz bu faciə ilə bağlı mərhum jurnalist, Moderator.az saytının təsisçisi Zülfüqar Hüseynzadədən eşidirdik. O, Başlıbel sakinlərinin faciə ilə qarşılaşmağı ağıllarına belə, gətirmədiklərini söyləyərək ailəsini bu faciədə necə itirməsindən danışırdı. Başlıbel faciəsində nənəsi Pərinin hələ də cəsədini tapmadıqlarını və Kəlbəcərin belə bir faciəyə şahidlik etməsindən bəhs edirdi. Axı hardan bileydi ki, 30 il həsrətini çəkdiyi o Kəlbəcərdə canını tapşıracaq.
 
Zülfüqar Hüseynzadə “Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq əzabı…” - yazısını (18 aprel 2021-ci il tarixli) bir daha oxuduq…
 
92 yaşlı Pəri nənənin nəşinin qalıqlarını tapacağı barədə atasının məzarı başında and içmişdi. Amma iki dəfə hava şəraiti Kəlbəcərə getməyə imkan verməmişdi. Sonrakı səfərində də bir nəticə olmayıb. Bu dəfə çox ümidliymiş...O, atasının anası Pəri nənə 1993-cü ilin aprelində, Ermənistanın Kəlbəcəri işğalı zamanı vəhşicəsinə qətlə yetirilib, məhz o Başlıbel qətliamı zamanı...Düşmən kəndə qəfil hücum edən zaman sakinlər canını qurtarmağa çalışırlar. O zaman xilas ola bilməyənlər ermənilərin əlinə keçdi, yataq xəstəsi olan Pəri nənəni erməni qaniçənlər elə yatdığı çarpayıdaca güllələyirlər. O zaman 113 gün ermənilərin mühasirəsində qalan kənd sakinlərinin bir qrupu gecə ilə evlərə gedib və öldürülənlər içərisində Pəri nənənin də olduğunu görüblər. Düşmən ağbirçəyi güllələyəndən sonra evə od vurubmuş...
 
Zülfüqar Hüseynzadə bu ağrı-acı ilə 28 il yaşadı, bu dərdi ürəyində daşıdı. Nə biləydi ki bu ürək də ona xiıaf çıxavaq. Nəhayət, bu həsrətə son verəcəyini düşünürdü. Tədarük görmüşdü. Dağıdılmış, yandırılmış ata evinin qazılması, nənəsinin qalıqlarının tapılması üçün nə lazımdırsa, hazırlamışdı. Öz əlləri ilə Başlıbeldə çadır qurmuşdu, orda çalışacaq insanların əziyyət çəkməməsi üçün. Bir neçə il əvvəl Başlıbel qırğınında qətlə yetirilmiş həmkəndlilərinin qalıqlarının aşkarlanması, onların dəfn edilməsi Zülfüqar Hüseynzadəni o qədər ümidləndirmişdi ki...Əmin idi ki, atasının məzarına bir gün nənəsinin məzarından torpaq gətirəcək...Reportajının davamını yazacaqdı Başlıbeldən. Qismət olmadı...
 
Ölümündən bir il öncə Başlıbel hadisəsi ilə bağlı Kəlbəcərdə mətbuata danışan mərhum jurnalist Zülfüqar Hüseynzadə müsahibəsində hər dəfə Kəlbəcərə gələndə rahatlıq tapdığını qeyd etmişdi:
 
 
“Mən hələ şəhidimi dəfn edə bilməmişəm, onun qalıqlarını tapmamışam. Ancaq hər dəfə bura gələndə çox rahatlıq, təsəlli tapıram. Düşünürəm ki, onların narahat ruhları qismən də olsa şaddır. Ən böyük təsəllimin biri odur ki, qisas qiyamətə qalmadı. Şükür ki, artıq Kəlbəcərin işğal günlərini qeyd etmirik. Bizlər, bizdən sonra gələn nəsillər ermənilərin törətdikləri Xocalı, Başlıbel, Ağdaban kimi qətliamları lənətləyəcək və bu müsibətləri dünyaya çatdırmaq üçün bütün platformalardan istifadə edəcəklər. Biz 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, işğalla barışmayan xalqıq, soyqırımı qurbanlarının ruhlarını narahat buraxmayacağıq".
 
O, əmin olduğunu bildirib ki, digər ərazilərimizdə olduğu kimi, tezliklə Başlıbeldə də quruculuq işləri başlayacaq, insanlar yenidən burada məskunlaşacaqlar.
 
"Diplomatik korpusları, mətbuat nümayəndələrini vaxtaşırı bura dəvət edəcəyik ki, ermənilərin necə nankor olduqlarını, mülki əhaliyə divan tutduqlarını, qocaya, cavana, körpəyə, heç kimə aman vermədən qətlə yetirdiklərini, sonra yandırdıqlarının şahidi olsunlar. Bilsinlər ki, ermənilərdən qaçaraq dağlara sığınan sakinlər vəhşicəsinə qətlə yetirilib, daha sonra yandırılıblar".
 
Başlıbeldən yaxınlarına yolladığı son vatsap səs yazısında yaşamaq istədiyini dönə-dönə vurğulayır: “Mən yaşamaq istəyirəm. 30 il Başlıbelsiz qalmışam. Heç olmasa 30 gün orda yaşamaq istəyirəm”. 
 
Kəlbəcər işğaldan azad olunduqdan sonra hər il Başlıbel faciəsi zamanı Zülfüqar Hüseynzadə faciənin yaşandığı Kəlbəcərdə olaraq, faciə qurbanlarını anıb. Bu gün isə o ənənə davam edir oğlu Hüseyn Hüseynzadə atasının ənənəsini davam etdirir. Həm də bu dəfə o tək deyil Moderator. az kollektivi və faciə qurbanlarının ailələri də onum arxasındadır.
 
Xəyalə Rəis
Kəlbəcər - Başlıbel
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla