AZ

“Mənə qırmızı vərəqə göstərmək hüququ yoxdur” – Ciddi cəzaya məruz qalan adam

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turunda yaşananlarla bağlı qərarlar qəbul olunub.

Ən ağır cəza “Qəbələ” rəsmisinə verilib.

Qərarda deyilir:

“13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir “.

Kifayət qədər ağır cəza və cərimə olduğunu nəzərə alsaq, bölgə təmsilçisinin indiki vəziyyətdə hansı addım atacağı maraq doğurmaya bilməz.

Səbəbkar Səbuhi Səfiyarlı Sportinfo.az-a açıqlamasında qərarla razılaşmadığını deyərək apellyasiya şikayəti verəcəklərini deyib:

“Hakimlər Komitəsinə, eləcə də İntizam Komitəsinə müraciət etmişik. Bununla bağlı apellyasiya şikayətimiz də olacaq.

Bəli, hakimlərə etiraz etmişəm, amma heç kimi təhqir etməmişəm. Oyunun fasiləsində ilk hissədə qapımıza təyin olunan penalti və 43-cü dəqiqədə rəqibin qapısına əllə oyuna görə verilməyən 11 metrlik cərimə zərbəsi ilə bağlı etiraz etmişəm.

Adım protokolda yoxdursa, hakimin mənə qırmızı vərəqə göstərmək hüququ yoxdur. Səbəbini soruşduqda onu təhqir etdiyimi söylədi. Hansı söyüşü söydüyümü soruşanda verdiyi cavab məni qane etmədi. Qərardan narazıyam və bununla bağlı müraciət edəcəyik”.

HƏBİB

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla