AZ

“Qarabağ Ordu”nun "dərd"i tapılmadı

“Qarabağ”ın iki ən böyük azarkeş qrupundan biri “Qarabağ Ordu”nun komandanın oyunlarını boykot etdiyini xəbər vermişdik.

Bildirək ki, buna səbəb fanatların doğma sektora buraxılmamasıdı. Belə ki, Misli Premyer-liqasının 29-cu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”lə keçirilən oyunda “Qarabağ Ordu” tribunada yer aldı. Şahidi olduğumuz mənzərəyə görə təhlükəsizlik xidmətinin əməkdaşları matçın başlamasına az qalmış onları həmin yerdən çıxardı. Belə başa düşüldü ki, öz yerlərindən başqa sektora keçirilməsi onlara xoş gəlmədi və fanatlar dərhal arenanı tərk etdi. Fanklub 20 illik yubileyi günü buna cavab olaraq 30-cu turda “Sabah”la keçirilən səfər qarşılaşmasında Ağdam təmsilçisini dəstəkləməyə gəlmədi. Bu da məsələnin nə dərəcədə ciddi olduğunu göstərən əsas məqamlardan biridi. Düşündürücü sual isə başverənlərdən Ağdam təmsilçisinin xəbərdar olub-olmamasıdı.

Azarkeşləri “köhlən atlar”dan incik salan səbəbi öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. O, ciddi problem olmadığını dedi:

“Klubla azarkeşlərimiz arasında heç bir problem yoxdu. Başqa məsələləri fanklubla dəqiqləşdirin”.

“Qarabağ Ordu”nun da mövqeyini öyrənmək istəsək də, qrup üzvləri bu barədə danışmaq istəmədi. Boykotun nə vaxta qədər davam edəcəyi, fanklubun tribunalara dönüb-dönməyəcəyi hələ ki məlum deyil.

RÖYANƏ OĞUZ
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla