AZ

Cavid İmamverdiyev: “Kaş o addımları atmazdım” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda II Liqa təmsilçisi “Kür-Araz”ın formasını geyinən Cavid İmamverdiyevin İdman.biz saytına müsahibəsi

- Təcrübəli futbolçu kimi II Liqanın səviyyəsini necə dəyərləndirirsiz?

- Heç də pis deyil. Liqada elə maraqlı oyunlar keçir ki, bunu gözləmirdim. 4-5 baxımlı futbol oynayan komanda varsa, onlardan biri “Kür-Araz” klubudur.

- Bəs Liqada oynayan futbolçular hansı gücdədir?

- Əlbəttə ki, o qədər də ürəkaçan gücdə deyillər. Amma 1-2 gənc və perspektivli gənc futbolçunun olduğunu deyə bilərəm. Bizim komandada da belə oyunçular var. Onlar rahat I Liqada, hətta Azərbaycan çempionatının autsayderlərində də oynaya bilərlər.

- Gənclər Cavid İmamverdiyevlə və ya ona qarşı oynamaq stimul verir?

- Düşünürəm ki, bəli. Çünki gənclərə maksimum dərəcədə örnək olmağa çalışırıq. Məndən və mənim kimi II Liqada çıxış edən veteranlardan gənclərin nəsə öyrənməsi məni sevindirər.

- Son matçda pokerlə yadda qaldın və ümumilikdə 14 qol vurmağı bacarmısan. Mövsümün yekununda neçə qol həddinə çatmağı hədəfləmisən?

- Bununla bağlı qarşıya hansısa məqsəd qoymamışam. Gənc vaxtımda da bununla bağlı plan qurmurdum. Mən və ya komanda yoldaşımın qol vurması fərq etmirdi. Əsas olan klubumun qələbəsidir. Əslində assist etməyi daha çox sevirəm.

- Bir vaxtlar ən istedadlı futbolçularımızdan sayılırdın. Səncə, potensialını tam ortaya qoya bildin?

- Bunuheç vaxt düşünməmişəm. Məni tanıyanlar bilirlər ki, bəlkə də potensialımın 60-70 faizini oynadım.

- Geriyə baxdıqda ən böyük peşmanlığınız nədir?

- Həyatımda heç vaxt heç nədən peşman olmamışam. Bunu da yaşayacağıma inanmıram. Sadəcə təəssüfləndiyim anlar olub. Düşünürəm ki, kaş o addımları atmazdım, hansısa klubdan hansınasa keçməzdim.

- Hazırkı formanız ilə Premyer Liqada oynaya bilərsiz?

- Əsla bu barədə düşünməmişəm. Premyer Liqamız mənim üçün ən yaxşı çempionatlardan biridir. Liqamız o qədər aşağı səviyyədə deyil ki, bugünkü fiziki göstəricilərim və performansımla düşünüm ki, orda oynaya bilərəm. Amma formamda olsam, yaşımdan asılı olmayaraq bacararam.

Emin Ağa
İdman.biz

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla