AZ

Yığmamızın baş məşqçisi: “Heyətdə dəyişikliklər olacaq” - VİDEO

“Boksçularımıza 1 həftə istirahət vermişik. Sonradan yenə məşqləri davam etdirəcəyik”.

Bunu “İdman Bizdə”nin qonağı olan gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev deyib.

Mütəxəssis dünya çempionatı öncəsi onları gözləyən yarışlar və mundiala seçimlər haqqında danışıb: “Hədəfimiz həm dünya çempionatıdır, həm də çalışırıq ki, böyüklərdən ibarət milliyə güclü boksçuları yetişdirək. Qarşıda beynəlxalq turnirlərimiz var. Komandada bəzi çəkilərdə dəyişikliklər olacaq. Çünki elə boksçular var ki, onlar özlərini yaxşı göstərmir. Bəzi çəkilərdə isə yaxşı rəqabət var. Yoxlanışlar olacaq və ondan sonra dünya çempionatına tam hazırlıq başlayacaq. Bu gün çempion olmaq vacib deyil. Əsas olan onu saxlamaqdır. O əziyyəti dərk etmək lazımdır”.

Rzayev bildirib ki, gənclərdən ibarət millidə uğur qazanmaq gücündə çoxlu sayda boksçular var: “Böyüklərdən ibarət milli üçün potensiallı boksçularımız var. 51 kq-da Zidan Hümbətov çox potensiallıdır. Avropa çempionatında medal qazanmasa da, çox yaxşı çıxış etdi. Adi bir səhv onu medaldan etdi. 54 kq-da Ömər Aslanlı da gələn ildən böyüklərdə döyüşəcək. 57-kq-da Məhəmmədəli Aşırəliyev, 60-da Məhəmmədəli Qasımzadə var. Onlar böyüklər arasında da medal qazana bilərlər”.

Qeyd edək ki, gənclər arasında boks üzrə dünya çempionatı oktyabrın 20-dən noyabrın 6-a qədər Xorvatiyanın Poreç şəhərində keçiriləcək.

Emin Ağa
İdman.biz

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla