AZ

Bakıda Dünya kubokunda rekord vurulacaq

“Hələlik Bakıda keçiriləcək Dünya kubokunda iştirak etmək üçün 81 ölkə qeydiyyatdan keçib”.

Bunu İdman.bizə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O bildirib ki, Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya kuboku rekord vurulacaq. Cəfərovun sözlərinə görə, Paris-2024 Yay Olimpiya Oyunlarının başlamasına az bir müddət qalmasına baxmayaraq, yarışda mübarizə aparacaq ölkələrin sayı kifayət qədər çoxdur: “Adətən Dünya kuboku keçirdiyimiz zaman 70-ə yaxın ölkə iştirak edirdi. Ancaq bu dəfə say həm biz, həm də Dünya kuboku üçün çox yüksək bir göstəricidir. Hətta deyərdim ki, bu, bir rekorddur. Bu gün əldə olunan məlumatlara əsas 693 idmançı bu yarışda iştirak edəcək. Təbii ki, say arta da bilər”.

Baş katib vurğulayıb ki, ilkin siyahıya əsasən, Azərbaycanın yarışda 37 snayperlə iştirakı planlaşdırılır: “Lakin hələlik tam siyahımız hazır deyil”.

Cəfərov bu dəfə baş tutacaq Dünya kubokunun əvvəlkilərdən fərqlənəcəyini də vurğulayıb: “Bu dəfə idmançılar 25 metrdən tapança və 50 metrdən tüfəng yarışlarında iki dəfə şanslarını sınayacaqlar. Ümumilikdə bu bizim üçün ilk təcrübədir. Bizdən öncə İspaniyanın Qranada şəhərində keçirilən Dünya kubokunda yalnız 10 metr məsafədən hədəfi nişanalma olub. Buna səbəb komandalara maliyyə xərclərinin sərf olunmaması idi. Bizdən xahiş etdilər ki, İspaniyada təşkil olunmayan növlərdəki yarışları Dünya Kubokunda keçirək”.

Dünya kubokunun açılış mərasimi mayın 2-də olacaq. Lakin hələlik məkanla bağlı danışıqlar gedir.

Qeyd edək ki, mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq Dünya kubokuna Azərbaycan 8-ci dəfə ev sahibliyi edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla