AZ

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Naxçıvanın

Naxçıvan, 18 aprel, Nail Əsgərov, AZƏRTAC

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası ərazisində hidrogeoloji işlərin aparılması, yeraltı suların dayanıqlığını, kimyəvi tərkibini, ekoloji vəziyyətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Qalf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Qalf Drillinq Saplay FZE” şirkətinin Azərbaycandakı filialının prezidenti Şaiq Bəkirov jurnalistlərə müsahibəsində qarşıda görüləcək işlərdən danışıb: “Bu gün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əldə etdiyimiz razılığa əsasən, Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-axtarış işlərinə başlayırıq. Bu prosesin müddəti 60 gündür. Bütün işləri təmənnasız olaraq həyata keçirəcəyik. İlkin olaraq su ehtiyatları hesablanacaq, daha sonra hidrogeoloji rejimin tapılması, hidrogeoloji modelin qurulması üçün tədqiqat işləri aparılacaq”.

Onun sözlərinə görə, ilk iki ayda kəşfiyyat-tədqiqat prosesi aparılacaq: “Bundan sonra biz nə qədər quyunun qazılacağını, kəşf olunacaq ehtiyatların Naxçıvanın tələbatını hansı həcmdə ödəyəcəyini, daha hansı istiqamətdə bu işləri davam etdirməyin faydası olacağını müəyyənləşdirəcəyik. Memoranduma görə, ilkin mərhələdə bu işlər görüləcək”.

Şaiq Bəkirov bildirib ki, kəşfiyyat-tədqiqat işlərindən sonra əməliyyatlar başlayacaq. “İkinci mərhələdə görüləcək işlər şəbəkədə yerləşən quyuların qazılması və müəyyən boru xətləri ilə suyun lazım olan bölgələrə çatdırılmasından ibarətdir. Bu, artıq layihənin tamamlanması deməkdir. İnanırıq ki, bütün işləri keyfiyyətlə, vaxtında həyata keçirməyə müvəffəq olacağıq”, - deyə o əlavə edib.

 

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla