AZ

“Hər bir ailənin öz psixoloqu olmalıdır” — AÇIQLAMA

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə psixoloqu institutunun yaradılmasını təklif edir. Qurumun sədr müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə qeyd edib ki, ailə psixoloqu institutunun yaradılması çox vacibdir. O diqqətə çatdırıb ki, hazırda Azərbaycanda psixoloji xidmət istənilən səviyyədə deyil: “Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Bu gün ailə məsələlərindən danışanda ən narahatedici məsələ boşanmaların artmasıdır. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”.

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda artıq ailə psixoloqu institutunun yaradılmasının vaxtı çatıb:



“Bu məsələdə gecikmişik. Bütün dünyada bu işlər illərdir görülür. Bizdə son dönəmlər boşanmaların azalması üçün psixoloqa müraciət etmək məsləhət görülür. Lakin heç kəs nikah öncəsi bunun zəruriliyindən danışmır. Bəlkə də çoxu psixoloqa getmək istəməz. Evlilik öncəsi psixoloqa getməyi daha çox məsləhət görərdim. Bu zaman psixoloji test və müayinələr edilməldir ki, daha sonra problem yaranmasın. Bunu dövlət təşkil etməlidir, çünki bir çox insanın evlilik öncəsi psixoloqa getməyə imkanı olmaya bilər. Ailə psixoloqu institutu yaranarsa, faydası çox olacaq. 

Aidiyyəti qurumlar psixoloqların da işinə nəzarət etməlidir. Bu gün 3 ay oxuyub sertifikat alan psixoloqlar fəaliyyət göstərirlər. Müxtəlif ofislər icarəyə götürüb orada pasiyentlərlə görüşür, pulla özlərini reklam edirlər. Bu, doğru deyil. Cəmiyyətimizdə psixoloqlarla bağlı fikirlər heç də müsbət deyil. Bunu yaradan danışdıqlarını başa düşməyən, nə gəldi danışan psixoloqlardır. Ümumiyyətlə xaricdə hər bir ailənin öz psixoloqu olur. Azərbaycanda isə psixoloqa gedən şəxsə dəli kimi baxırlar. Cəmiyyətimiz hələ buna hazır deyil”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla