AZ

Sumqayıt-Bakı yolundakı tıxac PROBLEMİ: Məsələ öz həllini necə tapa bilər? – TƏKLİFLƏR

“Avtobus zolağının sərt nəzarəti təmin olunmalıdır ki, zolağa daxilolmaların qarşısı alınsın və avtobuslar daha intensiv hərəkət edə bilsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı-Sumqayıt yolunda mövcud olan tıxac probleminin mümkün həll yolları haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda mövcud olan tıxacla bağlı mövcud olan infrastrukturun səmərəli istifadəsi yönündə qərarlar verilməlidir.

“Avtobus zolağının sərt nəzarəti təmin olunmalıdır ki, zolağa daxilolmaların qarşısı alınsın və avtobuslar daha intensiv hərəkət edə bilsin. Əgər ehtiyac yaranarsa, xəttə əlavə marşrut xətləri də əlavə olunmalıdır. Xocəsən metro stansiyası açıldıqdan sonra yeni marşrutlar təşkil olunmuşdu. Əgər axın varsa, buna əsasən yeni avtobusların da əlavə olunması yönündə qərar verilməsi daha məqsədəuyğun olar”, – deyə o əlavə edib.

Ekspert qeyd edir ki, vətəndaşların ictimai nəqliyyata meylliliyinin artması üçün avtobus parkları yenilənməlidir.

“Abşeron dairəvi dəmir yolu Bakıdan Xırdalan və Sumqayıt istiqamətində keyfiyyətli, komfortlu və sürətli əlaqəni təmin edir. Hazırda gün ərzində bu vasitə ilə 31 min sərnişin daşınır. Yeni qatarlar alınır, müəyyən təkmilləşdirmə işləri də aparılır. Bu da bu il ərzində bu istiqamətdə sürətin intensivliyinin artmasına gətirib çıxaracaq. Düşünürəm ki, ictimai nəqliyyata yatırım artırılmalıdır”, – deyə ekspert bildirib.

Mütəxəssis əlavə edib ki, tıxac yalnız bir həll yolu ilə tamamlanan deyil, vahid nəqliyyat şəbəkəsi məsələsidir:

“Diqqət etsək, Bakı ilə Xırdalan arasında məsafənin o qədər də böyük olmadığını görərik. Ona görə də, mikromobillik vasitələri üçün əlavə şəraitin yaradılması müəyyən məsafəni velosiped, yaxud skuterlə qət edərək, daha sonra metro yaxud avtobus ilə davam edə bilmələri üçün yeni bir alternativ ola bilər.

Yalnız bir yol tikintisi ilə tıxacı aradan qaldırmaq mümkün deyil. Bu, üstünlüyü təmin olan, sərnişindaşıma növlərinə diqqətin, investisiyanın ayrılmasından qaynaqlanan məsələdir. Eyni zamanda, yol hərəkətində baş verən qayda pozuntularına görə cəzalar kifayət qədər sərtləşdirilməlidir”.

İsmayıl Bakuvi

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla