AZ

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Bərdə, 18 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdədə eramızdan əvvəl II minillikdən başlamış, son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. Azərbaycanın bu qədim şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanılıb. VI əsrə aid köhnə şəhər divarının qalıqları, Tərtər çayı üzərində V-VII əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid “Axsadan baba” türbəsi, XIX əsrə aid “İbrahim məscidi” və qəbiristanlıq, XVII-XIX əsrlərə aid “Şirvanlı hamamı”, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Bərdə türbəsində keçirilən tədbirdə bəhs olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Bərdə rayonu üzrə baş mütəxəssisi Sevinc Məmmədova və Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova çıxış edərək, hər il aprelin 18-nin dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, 1983-cü ildə təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə məktəblilər və tələbələr Bərdə türbəsinə ekskursiya ediblər. Gün ərzində davam edən ekskursiya zamanı abidələrə dair tarixi məlumatlar verilib. Bildirilib ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvarı quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. 2018-ci ildə türbədə bərpa və yenidənqurma işləri aparılıb.

 

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla