AZ

İran Pəhləvidən sonra İsraillə bağlı bu qərarı verdi – 40 illik savaş

İranın İsrailə qarşı başlatdığı bir neçə saatlıq hücum günlərdir müzakirə edilir. Tərəflərin bir-birinə qarşı hazırda hərbi aktivliyi müşahidə olunmasa da, prosesin gələcəyinə dair narahatlıq qalmaqdadır.

Maraqlıdır, İsrail-İran gərginliyi bitdimi? Yoxsa müvəqqəti sakitlikdir? Proseslərin sonrakı mərhələsi nə vəd edir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sədrəddin Soltan deyib ki, İsrail İranı 40 ildən artıqdır vurmağa hazırlaşır:

“İran İsraili dünya siyasi xəritəsindən silmək istəyir. Özü də bu niyyətini hərbi ideoloji doktrinasına salıb. Xüsusilə bu proses İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsindən sonra başladı.

İran aprelin 14-də İsraili birbaşa hədəfə alıb hücum etdi. Təbii olaraq indi İsrailin də analoji addımı atması gözlənilir. Məhz buna görə İsrailin İrana qarşı həm siyasi, həm diplomatik, həm də iqtisadi sanksiyalarla yanaşı hərbi hücuma hazırlaşması istisna deyil”.

Politoloq qeyd edib ki, iki ölkə arasında bu gün real müharibə var:

“İran proksi qüvvələri vasitəsilə uzun illərdir bu müharibəni aparır. İki ölkə arasında quru sərhədi olmadığından İran İsraili PUA-larla, raket ya da aviasiya zərbələri ilə vurur. Bənzər formada İsrail də bu cür hücum edə bilər. Xüsusilə İsrail İrana hücum fonunda bu ölkənin nüvə bazalarını, habelə hərbi bazaların strateji obyektlərini hədəfə ala bilər. Yəni iki ölkə arasında müharibə raket zərbələri və dron hücumları ilə təzahür edəcək.

Bununla belə, İranın İsrailə birbaşa hücum etmək imkanları da var. Söhbət İraq, Livan, Yəməndəki proksi qüvvələrindən gedir. Rəsmi Tehran bu ərazilərdən edəcəyi hücumlar ilə İrana real təhdid yaradır”.


Seçilən
56
Mənbələr
Şərh ()
Bağla