AZ

Flora Kərimova həyat yoldaşının ölümündən DANIŞDI

Qızımın atası avtomobil qəzasına düşdü. Gözlənilmədən oldu bu. O dövrdə qızım olmasaydı, bəlkə də mən həyatımla vidalaşardım, inanın. Birdən-birə büllür bir saray gözümün qabağında çilik-çilik oldu.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial mediada paylaşdığı videoda deyib. "Bilə-bilə" mahnısının sözlərini bölüşən ifaçı onun yaranma tarixçəsindən söz açıb:

"Və mənə Zivər xanım zəng elədi. Sən demə, mənim dərdimə, itkimə ithafən sözlər yazıb. Mənim də onda kimləsə danışmağa, bölüşməyə və ya hansısa mahnını məşq edib oxumağa heyim yox idi.

Onu gətirəndə, "Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm, sən siləsən, yoxluğunu bilə-bilə…" sölzəri məni çox tutdu. Və zəng elədim Elza İbrahimovaya ki, bu sözlərə mahnı yaz. Elza bir az emosiyalarını saxlayan adam idi, sən demə iki gün mahnının sözlərinin üstündə ağlayıb-ağlayıb... O qədər həyəcanlı idi ki, bir şey də çıxmır. Çünki mənim itkimi, öz itkisi kimi qəbul edirdi. Sonra özü danışdı ki, oturdum. 5-10 dəqiqə ərzində mahnı yarandı.

Yoldaşım 1988-ci ildə rəhmətə getdi. 1989-cu ildə 7 mayda televiziyanın hansısa ildönümü idi deyəsən. Birinci dəfə mən bu mahnı ilə çıxdım. Rəhmətlik Rafiq Babayev teleradionun caz-simfonik orkesterinin rəhbəri idi, drijorluq edirdi. Yadımdadı, qara paltarda çıxdım mən, adımı çəkdilər, gəldim, göz yaşlarım da sel kimi axır. Müğənni ağlayanda adətən oxuya bilmir, səs yatır. Rafiq rəhmətlik gördü ağlayıram, yaxınlaşdı ki, darıxma, yanındayam, səsin yatır. Cəmləşdim və oxudum ki, bəlkə də o mahnını heç vaxt o dərəcədə küskün, üsyanlı, yazıq, belə bədbəxt oxumadım", - videoda Xalq artisti bildirib.




Seçilən
36
Mənbələr
Şərh ()
Bağla