AZ

Təhsil eksperti: İmtahan sualları sadələşdirilməlidir

Bu  il DİM tərəfindən 3 mart və 10 mart tarixlərində 105 369 nəfər 11-ci sinif  şagirdinin mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirilib və bu imtahan təhsil ictimaiyyəti arasında  böyük ajiotaja səbəb olub. Belə ki, imtahanda son illərin ən rekord göstəricisi olaraq 53 şagird mümkün olan maksimum 300 balı toplamağı bacarıb. Qeyd edək ki, keçən il imtahan verən 101 321 şagirddən 1 nəfər belə 300 bal toplaya bilməmişdi. Belə olduğu halda  sual yaranır - 1 il ərzində dəyişən nə oldu?

Təhsil üzrə ekspert Cahid İmanlı "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu ilki imtahan sualları keçən ilə nisbətən asan, aydın, anlaşıqlı və ən əsası, nəhayət ki, orta məktəb bazasına daha yaxın idi: "Heç bir ölkədə təhsil statistikasında bir ildə "təhsilin keyfiyyətində"  irəliləyiş baş vermir. Üstəlik, bunun baş verməsi üçün hansısa bir fenomenal islahat da keçirilməyib.

Nə qədər paradoksal olsa da, keçən ilki 101 321- də 0 nisbətindən fərqli olaraq bu il təxmini hər 1988 şagirddən biri 300 balı qazanmağa müvəffəq olub. Bu rəqəmi sinif komplektinə uyğunlaşdırsaq hər sinifdə şagird sayı 24-25 olan 80 sinif edir. Düşünürəm ki, bu əmsal da, yəni 1988-də 1 və ya 80 sinif kontingentindən məhz 1 nəfər şagirdin ən yüksək balı yiğması imtahan suallarının daha da sadələşməsi zərurətini ortaya qoyur".

Ekspertin sözlərinə görə  Dövlət İmtahan Mərkəzi imtahanları elə təşkil etməlidir ki, universitetlərin boş qalan plan yerləri olmasın: " Bu ilki buraxılış imtahanı suallarını hazırlayan mütəxəssisləri, eləcə də bu sahədə DİM-in dəyişikliyini müsbət qiymətləndirir və təqdir edirəm. "

Xatırladaq ki, keçən ilki DİM-in keçirdiyi buraxılış  imtahanının sualları  etirazlara səbəb olmuşdur.

C. İmanlı bildirir ki, ötən ilki imtahan  sualları çox yüksək, akademik tələblərin olduğunu göstərirdi və haqlı etirazlar da bununla bağlı idi: "Keçirilən imtahanın məzmununu yaddan çıxarmaq olmaz. 11-ci sinif buraxılış imtahanı məktəbin tələbləri səviyyəsində olmalıdır. Sevindirici haldır ki, bu il DİM daha humanist, ədalətli, gözlənilən və adekvat qərar verərək imtahan suallarını abituriyentlərə normal çərçivədə  təqdim etdi".

Havar Şəfiyeva

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla