AZ

Politoloq: ABŞ-ın sülhməramlıların Qarabağdan çıxması ilə bağlı mövqeyi riyakarlıqdan xəbər verir

ABŞ-ın Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını təqdir etmək əvəzinə pisləməsi siyasi riyakarlığın bariz nümunəsidir.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən “etibarsız müttəfiq” ifadəsi işlətməsi təəccüb doğurmaya bilməz: “ABŞ rəsmisinə görə, rus hərbçilər Azərbaycan ərazisində qalmalı və ermənilərin zorla Qarabağa köçürülməsi ilə məşğul olmalıydı. Moldova, Gürcüstan, Ukrayna və digər ölkələrdən Rusiya hərbçilərinin çıxarılmasını tələb edən ABŞ Azərbaycana gələndə tam əks mövqe ortaya qoyur. Bu mövqe bizi o qədər də təəccübləndirmir. ATƏT-in Minsk qrupunun fəaliyyətinin fonunda biz 30 il ərzində belə yanaşmalarla çox rastlaşmışıq. Görünür Ağ ev riyakar siyasətindən əl çəkmək niyyətində deyil”.

Ramiz Alıyev deyib ki, Azərbaycanın öz suverenliyini təmin etməsi ABŞ və Fransa kimi ölkələri ciddi narahat edir: “Onlar Azərbaycanın Cənubi Qafqazda güclənməsini qəbul edə bilmirlər, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasından narahatdırlar. Onlar regionda sülh və sabitliyin bərqərar olmasını, əməkdaşlıq mühitinin formalaşmasını, kommunikasiya xətlərinin açılmasını, iqtisadi inkişafın sürətlənməsini istəmirlər. ABŞ və Fransa Qarabağ probleminin həllinin ən böyük əleyhdarlarıdır. Zatən ATƏT-in Minsk qrupunun üzvü kimi 30 il ərzində münaqişənin mövcudluğunun qalmasına çalışıblar. Azərbaycanın siyasi rəhbərliyi bunu bildi və onlara güvənmədi, danışıqlara çox da ümid bəsləmədi. İqtisadi imkanlarımızı genişləndirdik, Ordumuzu gücləndirdik və heç kimdən icazə almadan bir anda düşmənin üzərinə hücum edib torpaqlarımızı azad etdik. Biz o dövlətlərin vədlərinə, nağıllarına qulaq assaydıq, bu gün Şuşaya, Xankəndiyə, Ağdama və digər rayonlarımıza uzaqdan – binoklla, teleskopla baxırdıq. Dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyması onların həm də Ermənistanı qorumasına xidmət edir. ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadanı sülhməramlı kontingenti çıxarmağa çağırıb, 2022-ci ilin yanvarında ODKB qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı. Məntiqlə ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhüm davamlı təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. Üzdə Rusiya ilə düşmən münasibətdə olan ABŞ müəyyən məsələlərdə Kremllə əməkdaşlıq edir. 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı ABŞ-Rusiya-Aİ nümayəndələri arasında gizli görüş olmuşdu. Bu təmas Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk idi. Görüşdə ABŞ və Aİ Rusiya sülhməramlılarına beynəlxalq mandatının verilməsini təklif etmişdi. Razılıq əldə olunsaydı, Qərb sülhməramlıları da ruslarla birlikdə Qarabağda “xidmət” aparacaqdı. Bu görüş ABŞ və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərirdi. Amma Azərbaycan böyük güclərin bu oyununu, sövdələşməsini poza bildi”.

Ramiz Alıyev vurğulayıb ki, Azərbaycanda özünü qərbpərəst adlandıran, ABŞ-ın, Fransanın hər cür siyasətini dəstəkləyən bəzi qüvvələr Qərbin riyakar siyasətinin fərqinə varmalıdırlar: “Azərbaycana qarşı yürüdülən siyasətin iyrəncliyini görmək üçün o qədər böyük analitik təfəkkürə ehtiyac yoxdur. Riyakar siyasətin bütün konturları açıq oynanılır. Sadəcə bizdəki bəzi “demokratlar” “Qərb nə edirsə, düz edir” düşüncəsindədirlər və kor-koranə şəkildə onlara səcdə edirlər. Qərbdən maliyyələşən həmin qüvvələr dünənə qədər bar-bar bağırırdılar ki, “Azərbaycan iqtidarı rus hərbçilərini Qarabağa gətirdi”, “rus hərbçilər heç vaxt Qarabağdan çıxmayacaq”, “sülhməramlıların Qarabağda olması müstəqilliyimizə təhdiddir” və s. Həmin adamlar bu gün Rusiya sülhməramlı qüvvələrini hətta vaxtından öncə Azərbaycandan çıxardığına görə, ölkə rəhbərliyinə sağ ol!” deyibmi? Rusiya hərbçilərinin Qarabağdan çıxmasına məyus olan ABŞ-ı, Fransanı tənqid edəcəklərmi? Əslində Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması Azərbaycanın siyasi rəhbərliyinin çox böyük siyasi-diplomatik uğuru, milli iradəmizin parlaq ifadəsi, xalqımızın qələbəsidir. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılmasına üzülənlər bizim uğurumuzu istəməyən, milli iradəmizə hörmət etməyən, xalqımızın qələbəsinə sevinməyən qüvvələrdir”.

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla