AZ

“Rus qoşunlarının ərazilərimizi tərk etməsi Azərbaycanın növbəti nailiyyətidir” - MÖVQE BİLDİRİLDİ

“Rus qoşunlarının vaxtından tez ərazilərimizdən çıxacağını hələ 2021-ci ildə demişdim. Çünki dünyada gedən proseslərin məntiqi nəticəsi bunu göstərirdi. Şadam ki, Azərbaycanın dövlət başçısı və Rusiya dövlət rəhbəri arasında belə bir anlaşma olub. Artıq Rusiya qoşunları Qarabağ ərazisini tərk edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, rus qoşunlarının ərazilərimizi tərk etməsi Xankəndi, Şuşanın işğaldan azad edilməsi qədər mühüm əhəmiyyət kəsb edən bir məsələdir: “Bu torpaqlarımızı azad etdikdən sonra başlanan proseslərin son nöqtəsidir. Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyini “şəriksiz” bərpa etməsinin nəticəsidir.

Üçtərəfli bəyanat əsasında rus qoşunları Azərbaycan ərazisində yerləşmişdi. Yəni, biz bunu hətta parlamentdə ratifikasiya belə etmədik. Bu da cənab Prezidentin böyük bir cəsarəti idi və parlamentə ratifikasiya ilə bağlı müraciət etmədi.

Rus qoşunlarının ərazilərimizi tərk etməsi Azərbaycanın növbəti uğuru, nailiyyətidir. Həmçinin müxalifətin dili ilə də prosesin müsbət nəticələnməsinin etiraf edilməsi də xoş bir haldır. Onlar hər zaman bu məsələ ilə bağlı dövləti ittiham edirdilər, lakin son nəticə bütün bu etirazlara ən gözəl cavab oldu”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla