AZ

İnternat və uşaq evi məzunlarının sonrakı TALEYİ: Qurum rəsmisi AÇIQLADI

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial müdafiəsi, dövlət qayğısı ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq tədbirlər görülür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında internat və uşaq evi məzunlarının məişət həyatının yaxşılaşdırılması və onların dövlət tərəfindən daim diqqətdə saxlanılması haqda danışan Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Həşimov deyib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə mühüm sosial proqramlar icra olunur.

“Valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial müdafiəsi, onların dövlət qayğısı ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə mühüm sosial proqramlar icra olunur”, – deyə o bildirib.
M.Həşimov qeyd edib ki, qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq normativlər üzrə Dövlət Sosial Müdafiə Fondu tərəfindən paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqlar və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar:
“Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının müvafiq yaşayış yeri ilə təmin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həyata keçirir”.

Qurum rəsmisi əlavə edib ki, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri də həyata keçirilir.

“Qeyd olunan müəssisələrdən məzun olan vətəndaşlarımız üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biridir. Abşeron rayonunda inşa olunan həmin çoxmənzilli 3 yaşayış binasında 365 məzun mənzillə təmin olunub. Burada onlara həm də sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir. “Məzun evi”nin nəzdindəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi nəzərdə tutulub. Bundan əlavə, müəssisənin nəzdində xalça və tikiş sexləri yaradılıb ki, həmin sexlərdə, habelə müəssisənin kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. kimi ictimai iaşə obyektlərində 15 məzun işlə təmin edilib. Bu tədbirlər hazırda da həyata keçirilir. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri də həyata keçirilir. Sərəncamın icrası çərçivəsində verilən mənzillər də daxil olmaqla son illərdə bu kateqoriyadan olan şəxslərə 650-dən çox mənzil təqdim edilib”, – deyə qurum rəsmisi yekunlaşdırıb.

İsmayıl Bakuvi

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla