AZ

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

“Turan Tovuz” klubunun albaniyalı hücumçusu Belajdi Pusinin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Qəbələ”yə qalib gəldiniz. Oyunda hesabı açan tərəf ev sahibləri olsa da, son dəqiqələrdə 2 qol vuraraq səfərdən 3 xalla qayıtdınız. “Qəbələ” ilə görüşün bu qədər ağır keçəcəyini təxmin edirdiniz?

– Əlbəttə, təxmin edirdik. Birincisi, Azərbaycan Premyer Liqasında asan oyun olmur, bütün görüşlər ağır keçir. İkincisi, “Qəbələ”nin yaxşı oyun göstərdiyini, xüsusilə səfərdə bu komandaya qarşı oynamağın çətin olduğunu hamımız bilirik. Vacib olan odur ki, meydanı 3 xalla tərk etdik. Artıq bu matçı unudub fikrimizi növbəti qarşılaşmaya yönəltmişik.

– Qəbələ səfərində son saniyələrdə vurulan qələbə qolunun müəllifi siz oldunuz. 72-ci dəqiqədə meydana çıxanda qələbə qolunu vuracağınıza inanırdınız?

– Mən hər oyuna bütün gücümü meydanda qoymaq, komandaya maksimum dərəcədə xeyir vermək üçün çıxıram. Bu görüşdə Tanrı mənə kömək etdi və vacib qola imza atdım.

– Çempionatda son 2 görüşü qələbə ilə tamamlamısınız. “Turan Tovuz”un hazırda əla formada olduğunu deyə bilərik?

– Biz yaxşı komandayıq. Rəqiblərimiz də bilirlər ki, “Turan Tovuz”a qalib gəlmək asan iş deyil. Düzdür, son 2 turda qələbə qazanmışıq. Amma hələ heç nə əldə etməmişik. Qarşıda bizi daha vacib matçlar gözləyir. İndi var gücümüzdən istifadə etmək və xarakter göstərmək vaxtıdır.

– Növbəti tur çərçivəsində cümə günü “Sumqayıt”ı qəbul edəcəksiniz. Qələbə seriyasını bu görüşdə də davam etdirə biləcəksiniz?

– Biz bütün oyunlara eyni cür yanaşırıq. Hər dəfə məqsəd meydanı 3 xalla tərk etmək olur. Çox sakitik, üzərimizdə heç bir təzyiq hiss etmirik. “Sumqayıt”a da qarşı ənənəvi oyunumuzu göstərəcəyik. Tovuzda, azarkeşlərimizin önündə oynayanda həzz alırıq. Çünki onlar stadionda əla atmosfer yaradırlar.

– Geridə qalan 30 turdan sonra “Turan Tovuz”un aktivində 42 xal var. Bu nəticə sizi qane edir, yoxsa düşünürsünüz ki, daha çox xal toplaya bilərdiniz?

– Bəzi oyunlarda əlimizin içində olan xalları son anda itirmişik. Həmin xalları qazana bilsəydik, indi turnir cədvəlində daha yuxarı mövqelərdə qərarlaşardıq. Amma bu, futboldur, belə halların baş verməsi istisna deyil. 30 tur ərzində komandamızın hər bir üzvünün əlindən gələni etdiyini və ortaya yaxşı iş qoyduğunu söyləyə bilərəm. Məşqçi və futbolçu heyəti olduqca işgüzardır, hamı həvəslə çalışır. Məşqçilərimizin köməyi sayəsində komandanın hər bir oyunçusu “artırıb”. Klub prezidenti bütün matçlarda bizə dəstək olur. Ümumi götürsək, uğurlu mövsüm keçirdiyimizi deyə bilərik.

– Azərbaycan Premyer Liqası haqda fikirləriniz necədir? Çempionatımızda hansı futbolçuların oyununu bəyənirsiniz?

– Azərbaycan Premyer Liqası ildən-ilə daha səviyyəli çempionata çevrilir. Bu liqada oynamaqdan məmnunam. Azərbaycan çempionatında yaxşı futbolçuların sayı çoxdur. Amma mənim üçün hamıdan yaxşı “Turan Tovuz”un oyunçularıdır.

– Azərbaycan çempionatında çıxış edən və vaxtilə burada oynamış albaniyalı futbolçularla əlaqəniz var?

– Bəli, əlaqəm var. Buraya gəlməmişdən öncə vaxtilə Azərbaycan çempionatında çıxış etmiş bir neçə futbolçu ilə danışmışdım. Onlar mənə tövsiyələrini vermişdilər. “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica ilə yaxşı münasibətim var. Bakıda qonşu olduğumuz üçün birlikdə çox vaxt keçiririk.

FƏRİD

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla