AZ

“Qəbələ” və “Araz Naxçıvan” kimi bölgə klublarının olmasındansa, olmaması daha yaxşıdır”

“Əvvəlcə onu deyim ki, əsasnaməyə toxunmaq olmaz. Sərxan Hacıyev dəfələrlə deyib ki, sonuncu yeri tutan komanda kimliyindən asılı olmayaraq, Premyer Liqadan getməlidir. Bu, belə də olmalıdır. Çünki yeni AFFA rəhbərliyindən gözləntilər böyükdür. Əgər yaxşı işlər naminə belə əsasnamə pozulsa, heç bir ciddilik qalmayacaq. Sonuncu yerin elitadan getməməsi heç də yaxşı qərar deyil. Belə olan halda növbəti mövsüm də heç kim AFFA-ya inanmayacaq. Hamı arxayın olacaq ki, onsuzda sonuncu pillə düşmür”.

Bu sözləri İdmanxeber.az saytına futbol meneceri Erkin İbrahimov cari mövsüm sonuncu pilləni tutacaq komandanın çempionatdan gedib-getməməsi barədə danışarkən deyib. O, daha sonra Premyer Liqada komanda sayının artırılması yönündə də fikirlərini bildirib:

“Ola bilsin bu sözlərim kiminsə xoşuna gəlmədi. Amma mən Premyer Liqada az, ancaq keyfiyyətli komandaların olmasını istəyirəm. Hə, bunlar bölgə komandası olacaqsa, olsun. Problem deyil. Amma bəzən deyirlər ki, “Qəbələ” elitadan getsə pis olacaq, futbolumuza ziyan dəyəcək və s.  Mənim nə vaxt yolum Bakı Olimpiya Stadionuna düşsə, “Qəbələ”ni orada görürəm. “Araz Naxçıvan”ı da həmçinin. Belə bölgə klublarının olmasındansa, olmamaları daha yaxşıdır. Sonra da deyirlər ki, “Qaradağ Lökbatan” Bakı komandasıdır, Premyer Liqaya gəlməsin. Ona baxsan rayon adları ilə paytaxtda oynayan klublar da az deyil. Çox istərdim ki, idman prinsipilərinə riayət olunsun. Ola bilsin lisenziyalaşdırma problemi deyib, Lökbatan təmsilçisini çempionata buraxmasınlar. Amma ziddinə gedəsi olsaq, bəlkə də heç bir klub tələblərə tam cavab vermir. Əgər “Qaradağ Lökbatan” özü oynamaq istəməsə, bu zaman da I Liqada ikinci yeri tutan komanda gəlməlidir APL-ə.

Hazırda çempionatda komanda sayının artılması gündəmdədir. Amma burada hər tərəfli götür-qoy eləmək lazımdır. Bu barədə Klublar Komitəsi də öz məsləhətini verməlidir. Mənə görə, hazırkı çempionat çox maraqlı keçir. Fikir verin, avrokuboklar üçün neçə komanda mübarizə aparır. Hətta Premyer Liqadan düşməmək üçün də xeyli rəqabət oldu. Kağız üzərində olsa da, hələ də kimin gedəcəyi bəlli deyil. Demək olar ki, çempionatı yola verən yalnız “Araz Naxçıvan”dır. Digər bütün komandaların iddiası var. Pis sistem deyil. Hə, dəyişikliyə qarşı deyilik. Amma reallıqları da nəzərə almalıyıq. Bu gün oturub “4 komanda gətirək”, “6 komanda gətirək” söhbətləri edirik. Populizm üçün bu fikirlər yaxşıdır. Məncə, bu qərarlar yüz ölçüb-biçilməli və düzgün analiz edilərək verilməlidir. Populizmə aldanmaq lazım deyil”.

Həsən Quluzadə

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla