AZ

Azərbaycanda inklüziv təhsil: görülən işlər və həll yolları - ARAŞDIRMA

Ölkəmizdə inklüzivlik dedikdə bir çox hallarda sağlamlıq imkanları məhdud, əlilliyi olan şəxslər nəzərdə tutulur. Mütəxəssislər isə bu tərifdə müəyyən qədər təhrifə yol verildiyi qənaətindədirlər.

Digər məqam isə məktəbəqədər və orta təhsil yaşında olanların inklüziv təhsillə təminatıdır.

APA digər dünya ölkələri ilə müqayisəli şəkildə ölkəmizdə inklüziv təhsillə bağlı reallıqları, mövcud problemləri və onların həlli yollarını araşdırıb.

İnklüziv təhsil dünya təcrübəsində

Dünya ölkələrində inklüziv təhsil necə təşkil edilir?

İnklüziv təhsil üzrə mütəxəssis Elnarə Məmmədova öncə qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrinin inklüziv təhsildə hazırkı vəziyyətə niyə və necə gəldiyini başa düşmədən onların təcrübələrindən yararlandıqda o ölkədəki effekti almaq olmur. O, həmçinin vurğulayır ki, inkişaf etmiş ölkələrin çoxunda inklüzivlik anlayışına Azərbaycandakı kimi sadəcə əlilliyi olan insanlar daxil edilmir: “Belə ki, inklüzivliyin təməl fəlsəfəsi, hər bir fərdin müxtəlifliyinə baxmayaraq, cəmiyyətdə özünü qəbul edilən, dəyərli və təhlükəsiz hiss etməsinə imkan verən düşüncə və hərəkətləri formalaşdırmaqdır. Cəmiyyətdəki insan müxtəlifliyi isə sadəcə əlilliklə məhdudlaşmır. Buraya müxtəlif dinə, irqə malik olanlar, ana dili o ölkənin rəsmi dilindən fərqli olan insanlar - buna çoxmillətliliyi, miqrant və məcburi köçkünləri misal göstərmək olar - əlilliyi olan və olmayanlar, ailədə məktəbə ilk dəfə gedən uşaqlar, ölkə daxilində bir şəhər və ya rayondan digərinə köç edənlər daxildir. Bu siyahını uzatmaq da olar. Yəni məktəbə gedən uşaqlar müxtəlif kimliklərə məxsus olurlar. İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil sistemində işləyənlər bu müxtəlifliklərdən xəbərdardırlar və onların özəlliklərini başa düşdükləri üçün bu müxtəlifliyin təhsil kurikulumunda necə dəyişikliklərə yol açdığını görmək olur”.

İnklüziv təhsilin təşkilini bütün ölkələrdə eyniləşdirmək olarmı?

Həmsöhbətimiz deyir ki, ölkələrdə mövcud şərait və prioritetlərə əsasən dövlət inklüziv təhsilin təşkili elementlərini dəyişə bilir: “Məsələn, ilk olaraq, qonşu ölkə Türkiyəyə baxaq. Orada Suriyadan gələn məcburi köçkünlərin yeni mədəniyyətə adaptasiya olmaları, uşaqların təhsilə cəlbi ilə bağlı köklü problemlər var. Suriyalı uşaqlar türkcə danışa bilmir və beləcə yerlilərlə qaynayıb-qarışmaq, qarşılıqlı mədəniyyət anlaşması çətinləşib. Türkiyənin inklüziv təhsil proqramlarına baxsanız, görərsiniz ki, onlarda inklüziv proqramların əsas hədəfi suriyalı uşaqların məktəbə necə cəlb olunması ilə bağlıdır. Əlilliyi olan uşaqların kütləvi məktəblərdəki təhsilə cəlbi də proqramlarda var, amma əsas vurğu suriyalı uşaqların təhsilə cəlbi ilə bağlıdır. Çünki ölkəni bu gün ən çox narahat edən məsələlərdən biri budur. Almaniya nümunəsinə baxdıqda isə orada inklüziv təhsil proqramında araşdırmaların çoxunun immiqrant uşaqların inklüziv təhsil çərçivəsində məktəbə cəlbinə yönəldiyini görürük.

Ölkəyə immiqrantlar gələnə qədər inklüziv təhsil modelində əlilliyi olan uşaqların kütləvi şəkildə məktəblərdə təhsilə cəlb olunmasına görə İtaliya uğurlu sayılırdı. Belə ki, ölkəyə immiqrant köçü başlayanda məlum oldu ki, italyalıların inklüziv təhsil üçün əsasını qoyduğu hüquq və təhsil sistemi əslində immiqrant uşaqların təhsilə cəlbi məsələsində bir qədər axsayır. Yəni bu ölkələrin hazırkı vəziyyəti onların inklüziv təhsil sistemini necə təşkil edəcəyinə ciddi şəkildə təsir edir.

İkinci əsas məsələ odur ki, bu inklüziv təhsil proqramlarının təşkilində uşaqlar “bacarıqlılar və bacarıqsızlar”, “udanlar və uduzanlar” olaraq ayrılmırlar. Məsələn, uşaq hansısa məzmunu öyrənə bilməyəndə səbəbi uşağın “qüsurunda”, “bacarıqsızlığında” axtarmırlar, əksinə kurikuluma necə dəyişiklik edərək bu uşağın öyrənməsini artırmaq haqqında düşünürlər. Məsələn, eşitməyən uşağa - bu onsuz da eşitmir, bu uşaqların qavraması onsuz da zəifdir deyib, günahı uşağın bacarığının üstünə atmırlar. Əksinə, mütəxəssislər kurikulumu analiz edirlər ki, bunu necə sadələşdirək və ya necə asan başa düşülən hissələrə ayıraq ki, uşaq məzmunu tam öyrənə bilsin”.

Mütəxəssis, həmçinin deyir ki, bu yanaşmanı dərk edib qəbul etmək asan deyil: “Bunun da tarixi səbəbləri var. Tarixə baxanda görürük ki, inkişaf etmiş ölkələrdə belə illərlə əlilliyi olan uşaqlara bacarıqsız, zəif intellektual səviyyəli biri kimi yanaşılıb. Buna elmdə tibbi yanaşma deyilir. Yəni problem insanın fiziki əlilliyindədir. İnsan bu problemini düzəltməlidir ki, “normal” təhsildən də istifadə etsin. Məsələn, eşitməyən adam eşitməlidir ki, bütün həmyaşıdları kimi təhsildən istifadə edə bilsin. Amma ötən əsrin ortalarından Amerikada baş qaldıran sivil vətəndaş hərəkatı sayəsində bir çox ölkələrdə bu yanaşmaların yerini sosial adlı yanaşma aldı.

Sosial yanaşma deyir ki, problem insanın əlilliyində deyil, cəmiyyətin əlilliyi olan insanları nəzərə almadan qurduğu maneələrlə dolu sistemindədir. Yəni görməyən uşağın hansısa riyazi fiqur haqqında suala cavab verə bilməməyi onun görməməyindən qaynaqlanmır, ona bu fiqur haqqında dərsi Brayl əlifbası əvəzinə çap hərifləri ilə yazılan dərslikdən səsli oxumaqla öyrəndiyinə görədir. O uşaq heç vaxt o fiqura toxunub onu hiss edə bilməyibsə, o fiqurun nə olduğunu necə izah etsin? Bu gün müxtəlif oriyentasiyası olan və ya rayondan şəhərə yeni gələn uşağın dərslərində yaxşı nəticə göstərə bilməməyinin səbəbi onların bacarıqsızlığında deyil, o sinif, məktəb ortamında o uşaqların özlərini qəbul edilən, dəyərli və təhlükəsiz hiss edə bilməmələrindən qaynaqlanır. İnkişaf etmiş ölkələrin çoxunda təhsil işçiləri bu müxtəliflik və onun təhsilə gətirdiyi dəyişikliklərdən xəbərdar olur və kurikulumda bu məsələlər əhatə edilir. O ölkələrdə insanlar dərk edirlər ki, inklüziv təhsilə uşaqların cəlbi onlara yazıq baxıldığı üçün və kiminsə rəhmi sayəsində baş tutmur. Bütün yaşıdları ilə bərabər eyni mühitdə təhsil almaq o uşaqların təməl hüququdur və bu hüququ təmin etmək dövlətin öhdəliyidir”.

Ölkəmizdə inklüziv təhsilin təşkili

İnklüziv təhsilə ehtiyacı olan uşaqlar necə müəyyənləşdirilir?

Mövzu ilə bağlı suallarımızı cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Xələfov deyir ki, inklüziv təhsilə ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi üçün bir çox halda poliklinikalarla əlaqə saxlanılır: “Bildiyiniz kimi, yerli təhsil idarəetmə orqanlarının nəzdində yerlərdə psixoloji-tibbi-pedaqoji komissiyalar fəaliyyət göstərir və onlar poliklinikalarla əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud olan 6 yaşı tamam olmuş uşaqları müəyyənləşdirirlər. Bundan sonra onlar inklüziv təhsilə cəlb olunurlar”.

Müsahibimiz xatırladır ki, bu, yerli təhsil idarəetmə orqanlarının öhdəliyidir: “Yəni 6 yaşı tamam olmuş uşaqların təhsilə cəlb olunması ölkəmizin qanunvericiliyinə əsasən icbaridir və bu səbəbdən təhsildən kənar qalmış uşaqların aşkar olunması və onların təhsilə cəlb olunması cəmiyyətin üzərinə düşən öhdəlikdir”.

Anar Xələfov onu da vurğulayır ki, inklüziv təhsilin təşkil olunduğu məktəblərə yaxın ərazidəki uşaqların qəbulu həyata keçirilir: “Ölkəmizdə ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası” ilə tənzimlənir. Burada əsas məqamlardan biri budur ki, ilk növbədə, inklüziv təhsilin təşkil olunacağı məktəbi müəyyənləşdirib sonra ora cəlb olunacaq uşaq axtarılmasın. Birinci, ərazidə inklüziv təhsilə cəlb olunacaq sağlamlıq imkanları məhdud uşaq aşkar olunur, sonra uşağa yaşayış yerinə yaxın məktəbdə inklüziv sinif təşkil edilir”.

Anar Xələfovun sözlərinə görə, inklüziv təhsil təşkil olunacaq ümumi təhsil müəssisəsinin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olması üçün tədris ili başlamadan öncə müvafiq tikinti-təmir işləri aparılır və pedaqoji heyət inklüziv təhsil sahəsində təlimlərə cəlb olunurlar. O, həmçinin qeyd edir ki, bu, o demək deyil, həmin müəssisələrə daim sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunacaqlar: “Hər il həmin məktəblərə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunduğu halda həmin müəssisə xüsusi təhsil məktəbinə çevrilər. Nəzərə alınmalıdır ki, inklüziv təhsilin əsas prinsiplərindən biri uşaqların öz yaşayış yerinə yaxın və öz icmalarında yaşayan həmyaşıdları ilə birgə təhsilə cəlb olunmasıdır. Belə olduqda sağlamlıq imkanları məhdud uşaqların təhsillə yanaşı öz icmasına inteqrasiya olmasına imkan yaranır”.

Anar Xələfov bildirir ki, ölkəmizdə əksər hallarda xüsusi təhsilə ehtiyacı olan uşaqlar formal təhsilə cəlb olunurlar: “Çünki sağlamlıq imkanları məhdud uşaqların digərləri kimi icbari təhsil hüquqları var. Qeyd olunmalıdır ki, xüsusi təhsil müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar mövcud qanunvericiliyə əsasən tam dövlət təminatındadırlar. Xüsusi təhsil üzrə sinifdə təhsil alan uşağın əlavə olaraq hansısa xidmətlər almasını biz də təşviq edirik. Valideynlər uşaqların inkişafı və sosiallaşması üçün onları məktəbdə olan məşğələlərə, eyni zamanda, kənarda olan fəaliyyətlərə cəlb edirlər. Lakin bunlar təhsilə alternativ deyil. Formal təhsilə cəlb olunmuş uşaqlar təhsili başa vurduqda bu barədə dövlət sənədi alırlar. Bu sənəd sağlamlıq imkanları məhdud şəxslərin təhsillərini davam etməsi, işə düzəlməsi üçün əhəmiyyətlidir”.

İnklüziv təhsilin bir parçası olan loqopedik xidmət məktəblərimizdə necə təşkil olunur?

Öncə, xatırladaq ki, 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əsasnamədə loqopedik xidmətin təşkili qaydasına görə, xidmət Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir. Loqopedik kabinetə ümumtəhsil müəssisələrində şifahi və yazılı nitqlərində pozuntuları, ümumi nitq inkişafının ləngiməsi, kəkələmə, tələffüz pozuntuları, fonetiko-fonematik və fonematik qüsurları, tələffüz pozuntuları - fonetik qüsurlar, nitq aparatının qüsuru və funksiyalarının pozuntuları (dizartriya, rinolaliya) olan uşaqlar qeydə alınırlar. Loqopedik kabinetdə qeydiyyat il boyu aparılır.

­­­Həmsöhbətimiz Anar Xələfov deyir ki, hazırda ölkəmizdə 12 mindən artıq sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub: “Bu uşaqların xüsusi təhsilin hansı formasına cəlb olunması, necə təhsil alması ciddi məsələlərdir. Ümumi təhsil müəssisələrində xüsusi və inklüziv siniflər açıldıqda, loqopedik xidmət də buna uyğun təşkil olunur”.

Bütün məktəblərdə loqopedik kabinet olurmu və ya buna ehtiyac varmı?

Bu sualın cavabına gəlincə, sektor müdiri deyir ki, ölkə üzrə bütün məktəblərə xüsusi təhsil mütəxəssisinin cəlb olunmasına ehtiyac olmur: “Hazırda inklüziv təhsilin təşkil olunduğu məktəblərdə loqopedik kabinet təşkil olunur. Belə ki, ölkə üzrə 40 ümumtəhsil məktəbində inklüziv təhsil təşkil olunub və ümumilikdə həmin siniflərdə 240-dan artıq sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunub, hər birində loqopedik xidmət təşkil olunub. Loqopedik məşğələlərin saatı Elm və Təhsil Nazirliyinin hər tədris ili təsdiq etdiyi tədris planları ilə müəyyənləşdirilir və buna uyğun da uşaqlar loqopedik məşğələlərə cəlb edilirlər”.

İnklüziv təhsil sahəsində çalışanların təməl bacarıqları

Xüsusi təhsil təşkil olunan siniflərdə eşitmə, görmə, nitq məhdudiyyəti olan uşaqlar üçün ayrı-ayrılıqda mütəxəssis olmalıdır, yoxsa bir mütəxəssis bütün məhdudiyyətlər üzrə sinifdəki uşaqların tədrisini həyata keçirə bilər?

Anar Xələfov deyir ki, müasir təhsil sistemində ümumi təhsil müəssisələrinin müəllimləri xüsusi təhsil sahəsində kifayət qədər bilik və bacarıqlara malik olmalıdırlar: “Çünki sağlamlıq imkanları məhdud uşağın yaşayış yerinə yaxın olan məktəbdə inklüziv və xüsusi siniflər təşkil olunur və hər bir müəllim öz sinfində sağlamlıq imkanları məhdud uşağa təlim verəcəyinə hazır olmalıdır. Eyni zamanda, korreksiyaedici təlim üzrə mütəxəssislər də müxtəlif məhdudiyyətlər üzrə ixtisaslaşmalıdırlar. Çünki bir məktəbdə müxtəlif məhdudiyyətləri olan iki sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunduqda, onların hər birinə ayrı-ayrılıqda mütəxəssis cəlb edilməsi mümkün olmayacaq. İnklüziv təhsilin inkişaf etdiyi ölkələrə nəzər yetirsək, şahidi olarıq ki, inklüziv məktəbə xüsusi təhsil üzrə bir mütəxəssis cəlb olunur. Həmin mütəxəssis müxtəlif məhdudiyyətləri olan uşaqların təhsilinin təşkilinə dəstək göstərir. Qeyd edim ki, ölkə üzrə məktəblərdə inklüziv təhsil üzrə mütəxəssisin cəlb edilməsinə ehtiyac yoxdur”.

Anar Xələfov bildirir ki, inklüziv siniflərdə sağlamlıq imkanları məhdud uşaqların təliminin təşkilinə cavabdeh fənni tədris edən müəllimdir: “Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası”nın 3.3-cü bəndinə əsasən inklüziv təhsil həyata keçirən ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlara xüsusi təhsillə təmin olunması məqsədilə loqopedik xidmət təşkil olunur. İnklüziv təhsil həyata keçirən məktəblərin loqopedləri müxtəlif məhdudiyyətləri olan uşaqların təliminə dəstək göstərirlər. Hazırda loqopedik xidmətlə bağlı normativ hüquqi baza əsasında mövcud resurslardan istifadə edərək inklüziv təhsilin təşkilinə başlanılıb və növbəti mərhələdə onu daha mütəşəkkil, sistemli formada normativ hüquqi aktda tənzimlənməsi həyata keçiriləcək”.

Həmsöhbətimiz inklüziv təhsil üzrə mütəxəssis Elnarə Məmmədova isə qeyd edir ki, inklüzivlik sadəcə siniflə məhdudlaşmır: “İnklüzivlik sinif, məktəb və məktəb icmaları səviyyəsində olmalıdır. Sinifdə inklüziv ortam yaradıb, sinifdən kənara çıxanda uşağa diskriminativ yanaşılırsa, bu, o uşaqda travma yarada bilər. Ona görə deyərdim, inklüziv bacarıq məktəb ortamında çalışan, qapıçısından tutmuş məktəb direktoruna qədər hər kəsin malik olmalı olduğu bacarıqlardır. Dünya təcrübəsində inklüziv təhsil sahəsindəki təhsil işçilərinin malik olmalı olduğu bir sıra ümumi təməl bacarıqlar var. Bu bacarıqlar yenə əvvəldə qeyd etdiyim kimi ölkədən ölkəyə dəyişə bilər”.

“İnklüziv təhsil sahəsində çalışanlarda hansı təməl bacarıqlar olmalıdır?” sualına gəlincə mütəxəssisin sözlərinə görə, birinci, inklüziv təhsil sahəsində istifadə edilən diskriminativ olmayan terminlər və ifadələr haqqında məlumatlı olmaq lazımdır: “Əlilliyi olan uşağa, “qüsurlu, sağlamlıq imkanları məhdud” deyib foksu uşağın bacarığından əlilliyinə dəyişmək, müxtəlif oriyentasiyası olan uşağa “tərbiyəsiz, xəstə” və ya rayondan gələn uşağa “kəndçi, geridə qalmış” deyərək diskriminativ ifadələr işlədib inklüziv təhsil yaratmaq mümkün deyil. İstifadə edilən hər söz və ifadə insanın o uşaq haqqındakı düşüncəsini, o uşağa yanaşmasını göstərir. Sadaladığım ifadələr diskriminativ məna daşıyır və bu inklüzivliyə ziddir. Ona görə qapıçısından tutmuş məktəb direktoru və onların tabe olduqları qurum rəhbərlərinə qədər hər kəs işlətdikləri söz, ifadə, davranışlarında sevgi, hörmət və uşağa nə qədər təhlükəsiz ortam yaratdıqlarını hiss etdirməlidir.

İkinci bacarıq şagird müxtəlifliyini və bacarıqlarını müəyyən etməkdir. Əvvəlki cavabımda dediyim kimi, müxtəliflikdən xəbərdar olmaq inklüziv cəmiyyətə doğru atılan ilk addımdır. Əgər təhsil işçiləri uşaqların müxtəlifliyindən xəbərdar olmasa, bu o deməkdir ki, o uşaq təhsildə ona lazım olan dəstəyi ala bilməyəcək. Çünki onun üçün hər hansı bir sistem hazırlamaq kiminsə ağlına gəlməyəcək. Xəbərdar olduqdan sonra bu müxtəlifliyin gətirdiyi dəyişiklikləri dərk etmək lazımdır. Bu kritik addımdır. Çünki bunu dərk etdikdən sonra uşağı deyil, kurikulumu, tədris metodunu, dərsliklərin strukturunu necə dəyişməli olduğunuz haqqında fikirləşməyə başlayacaqsınız. Bunu dərk etdiyimizdə başa düşəcəyik ki, əslində eşitməyən uşaqlara ucdantutma koxlear implant qoymaq bu uşaqların öyrənmə bacarığını eşidən uşaq tərzinə çevirmir və ya görən uşaqların çap formatda olan dərsliklərini görməyən uşaqların məktəbində istifadə etmək pedaqoji baxımdan uşaqlara bir bilik qazandırmayacaq. Görməyən uşaq oxumaqla deyil, toxunmaqla, hiss etməklə, eşitməklə öyrənir. Ona görə müxtəlifliyin gətirdiyi dəyişikliyi dərk etmək lazımdır.

Üçüncü bacarıq sinif ortamında digər mütəxəssislərlə əməkdaşlıq etmək və birlikdə sinfi, müxtəlif şagird davranışlarını idarə etməkdir. Nazirliyin iddia etdiyi kimi - inklüziv sinifdə işləyən müəllimin elə hərtərəfli bilik və bacarığa sahib olması lazımdır ki, onun loqopedə, xüsusi təhsil müəlliminə və ya psixoloqa ehtiyacı olmasın kimi yanaşma, məncə, reallıqdan çox uzaqdır. Belə bir yanaşmanı analoq kimi götürsək, onda gərək deyək ki, məktəb direktorlarının, nazirlikdə işləyən müdirlərin də müavinləri, katibləri olmasın. Çünki onlar o qədər hərtərəfli bilik, bacarığa sahib olmalıdır ki, bütün işləri özləri edə bilsinlər. Belə bir sistem hələ ki yoxdur. Tək əldən səs çıxmaz. İnklüzivlik əməkdaşlıq tələb edir. Kütləvi məktəb müəllimi əlilliyi olan uşaqların müxtəlifliyini və öyrənmə ehtiyaclarını xüsusi pedaqoq qədər dəqiq bilməyə bilər. Onlara universitetdə də bunu öyrətmirlər. Xüsusi pedaqoq isə 4 il davamlı bunu öyrənir. Uşaqlar üçün hazırlanan Fərdi Təhsil Planında (FTP) o uşağın öyrənmə bacarıqlarına uyğun olaraq dərs planında necə dəyişiklik edəcəyini kütləvi məktəb müəllimi mütəxəssislə əməkdaşlıq edərək öyrənə bilər. Buna görə də müxtəlif mütəxəssislərlə sinif ortamında və kənarda necə əməkdaşlıq etməsiylə bağlı bacarıqları əldə etmək lazımdır.

Dördüncü bacarıq inklüziv və fərdiləşdirilmiş təhsil planı hazırlamaqdır. Bunu yenə də kütləvi məktəb müəllimi tək başına edə bilməz. Bunun üçün bir neçə mütəxəssis, xüsusi təhsil, psixoloq, loqoped və uşağın diaqnozuna uyğun olaraq digər mütəxəssislər bir araya gəlib Fərdi Təhsil Planı hazırlayırlar. FTP-də mütəxəssislər şagirdin həmyaşıdlarıyla birlikdə keçirilən dərsi öyrənməsi üçün dərs planında necə uyğunlaşdırma dəyişiklik etməsi ilə bağlı müzakirə aparıb qərar verməyi bacarmalıdır.

Beşincisi, inklüziv qiymətləndirmədir. Bu bacarıq deyərdim, digər bacarıqların üzərində qurulur. Əməkdaşlıq, şagirdlərin müxtəlifliyini və bacarıqlarını müəyyən etdikdən sonra pedaqoqlar inklüziv qiymətləndirmə meyarlarını müəyyən edə bilərlər. Əgər FTP-nin hazırlanmasında hər hansı bir səhvə yol verilərsə, bu özünü qiymətləndirmədə də göstərir. Belə ki, uşaqlar hamısı eyni qiymətləndirmədən keçmək məcburiyyətində qalır, hansı ki, bu da inklüziv sistemin təməlini zədələyir. Buna görə mütəxəssislər FTP hazırlığında artıq qiymətləndirmə meyarlarını da dəqiqləşdirməyi öyrənməlidirlər”.

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanda bu təməl bacarıqların siyahısında nələrin olması haqqında konkret bir araşdırma və ya məlumat yoxdur.

İnklüziv təhsildə kadr problemi

İnklüziv təhsil üçün mütəxəssislərin yetişdirilməsi necə həyata keçirilməlidir? Ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Anar Xələfov xatırladır ki, ölkəmizdə üç ali təhsil müəssisəsində - Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində korreksiyaedici təlim üzrə mütəxəssis hazırlanır, lakin bu sahədə kadr çatışmazlığı var: “Nəzərə alsaq ki, ilkin mərhələdə xüsusi təhsil 20 müəssisədə həyata keçirilirdi, indi isə 200-dən artıq təhsil müəssisəsində həyata keçirilir. Xüsusi təhsilin təşkil olunduğu müəssisələrin sayı artdıqca mütəxəssis sayı əlbəttə ki, daha çox tələb olunur. Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində gənclərin korreksiyaedici təlim üzrə təhsilə cəlb olunması ilə bağlı müzakirələr aparılır. Lakin burada da müəyyən çətinliklər var. Belə ki, həmin kadrların hazırlanması üçün ali təhsil müəssisələrində müəllimlərin sayı da kifayət qədər olmalıdır”.

“Korreksiyaedici təlim ixtisasına maraq hansı səviyyədədir?” – sualının cavabına gəlincə, Anar Xələfov bildirir ki, bu ixtisasa kifayət qədər maraq var: “Sadəcə əvvəllər bu ixtisas üzrə mütəxəssislərə xüsusi məktəblərdə tələb var idi, indi isə uşaqlara yaxın yerlərdə, məktəblərdə inklüziv və xüsusi siniflər təşkil olunduğuna görə mütəxəssis tələbi artır. Nəzərə alaq ki, digər ixtisaslar üzrə mütəxəssis hazırlığı bir neçə ali məktəbdə aparıldığı halda, korreksiyaedici təlim üzrə mütəxəssis hazırlığı üç ali təhsil müəssisəsində aparılır”.

Həmsöhbətimiz, həmçinin bildirir ki, müəllim hazırlığında yalnız universitet təhsili kifayət etmir: “Bunun davamında müəllimlərin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır ki, bu da bilavasitə Azərbaycan Respublikası Təhsil İnstitutunun öhdəliyində olan məsələdir. Burada korreksiyaedici təlim ixtisası üzrə müəllimlərin təkmilləşdirilməsi məsələsi də nəzərdə tutulub və bu istiqamətdə də işlər aparılır”.

Mütəxəssis Elnarə Məmmədovanın fikrincə, inklüziv təhsil sahəsində işləyən mütəxəssisin yetişdirilməsi elə məktəbdə, universitetdə, daimi yeni təlimlərə qatılmaqla, yeni araşdırmaları mütəmadi oxumaq və təşkil etməklə həyata keçməlidir: “Çünki insan müxtəlifliyi statik formada deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, sinifdə uşaqlara öyrənmədə kömək üçün istifadə edilən texnologiyalar da durmadan yenilənir. Bu yenilikləri daim izləmək lazımdır”.

“Bu gün Azərbaycan universitetlərində inklüziv təhsil sahəsində keçirilən dərslər müasir tələblərə nə qədər cavab verir?”- sualının cavabına gəlincə, həmsöhbətimiz deyir ki, burada cavab tapılmalı olan bir neçə sual var: “Məsələn, pedaqoqların, administrativ insanların malik olmalı olduqları inklüziv təhsil bacarıqları tədris və praktik öyrənmədə nə qədər ciddi həyata keçirilir? Tələbələr bu sahədə araşdırma ilə nə qədər ciddi məşğul olurlar və ya ümumiyyətlə məşğul olurlarmı? Nazirlik bu sahədə işləyən pedaqoqların hərtərəfli bilik və bacarığa sahib olmalı olduğunu deyir. Onda sual yaranır ki, bu pedaqoqlar tələbə olduğunda onlara lazım olan bacarıqlar nə qədər peşəkar səviyyədə öyrədilir?”

Mütəxəssis deyir ki, Fərdi Təhsil Planının hazırlanması uzun və mürəkkəb bir prosesdir: “Bunun hazırlanmasında kurikulumu uşaqların bacarıqlarına uyğunlaşdırmaq üçün modifikasiya necə edilir və ya nə vaxt modifikasiya etməyə ehtiyac var? Bu kimi kritik məqamlar gələcəyin müəlliminə nə dərəcədə öyrədilir? Bu, böyük bir sualdır. Təcrübə onu göstərir ki, çox vaxt tələbə universiteti bitirir və işə başlayanda şoka düşür. Çünki nə edəcəyini, uşaqları dərsə necə cəlb edəcəyini bilmir. Bu işin öhdəsindən gələ biləcək müəllimlər barmaqla sayılacaq qədərdir. Bunu həmişə demişəm və yenə də deyirəm, tələbələrə nəzəri və praktik biliklər vermədiyimiz halda onlardan yüksək keyfiyyətli iş gözləmək faydasızdır”.

Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, korreksiyaedici təlim ixtisası üzrə tədris BDU-nun Sosial elmlər və psixologiya fakültəsində aparılır. Qazax filialında bu fənn tədris edilmir. 2021-ci ildə bu ixtisası 18, 2022-ci ildə 35, 2023-cü ildə 41, ümumilikdə 94 nəfər bitirib. Məlumatda qeyd edilib ki, bu fənnin tədrisinə 2017-dən başlanılıb, ilk buraxılış 2021-ci ildə olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, "Məktəbəqədər təhsil" fakültəsinin "Korreksiyaedici təlim" ixtisasında tədris illəri üzrə məzun sayı belə olub: “2016/2017-ci tədris ilində məzun sayı 44 tələbə, 2017/2018-ci tədris ilində məzun sayı 46 tələbə, 2018/2019-ci tədris ilində məzun sayı 56 tələbə, 2019/2020-ci tədris ilində məzun sayı 51 tələbə, 2020/2021-ci tədris ilində məzun sayı 80 tələbə, 2021/2022-ci tədris ilində məzun sayı 80 tələbə, 2022/2023 - cü tədris ilində məzun sayı 92 tələbə olub”.

Bakı Slavyan Universitetindən bildirilib ki, 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas - psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə tələbə qəbulu həyata keçirilib. İxtisaslara ümumilikdə 30 yer nəzərdə tutulub. Hazırda universitetdə Korreksiyaedici təlim üzrə 41 tələbə təhsil alır. Bu ixtisas üzrə plan yeri tam dolub. Qeyd edilib ki, ixtisaslar üzrə təhsil alan tələbələrin sayı nəzərdə tutulduğundan çox olub.

İnklüziv təhsildə məktəbdən gözlənti, valideynlərlə əməkdaşlıq, sinfin texniki təminatı

İnklüziv təhsilə cəlb edilmiş uşaqlar üçün məktəb təhsili kifayət edirmi, əlavə hansı dəstəyin göstərilməsinə ehtiyac olur?

Mütəxəssis Elnarə Məmmədova deyir ki, suala cavab vermək bir az çətindir, çünki bu insanların məktəb təhsilindən nə gözlədiyinə baxır: “Gözləntinin nə olduğuna əsasən kifayətlilik dərəcəsi dəyişə bilər. Bəziləri sadəcə sosiallaşma bacarıqlarının inkişafını istəyir. Bəziləri övladının hansısa spesifik fəndən daha uğurlu olmasını istəyir. Bəziləri üçün məktəb təhsilinin övladının sadəcə özünü tanımasına kömək etməsi ona kifayət edir. Bəziləri istəyir övladı universitetə qəbul ola bilsin, fərqi yoxdur hansı fakültə olur olsun. Bu gözləntilər müxtəlifliyindən asılı olmayaraq, təhsil alan əksər şagirdlərə, onların valideynlərinə şamil oluna bilər. Azərbaycanda inklüziv təhsil hədəfinin əlilliyi olan uşaqlara olduğunu nəzərə alsaq, bu yenə də baxır bu uşaqlar üçün məktəbdə təhsilin necə qurulmasına. Uşaqlar üçün mütəmadi loqoped, psixoloq və sinif müəllimlərinin FTP-də nəzərdə tutulduğu kimi dərs keçməkləri valideynin və şagirdin təhsildən gözləntisinə əsasən kifayət edə də bilər də, etməyə də. Yenə də bu əvvəlcə təhsilin nə dərəcədə hərtəfərli və keyfiyyətli qurulmasından, valideyn və şagirdlərin təhsildən gözləntisindən asılı olaraq dəyişir”.

“Valideynin sinifdə dərs zamanı uşağın yanında olmasına ehtiyac yaranırmı? sualını cavablandıran Anar Xələfov deyir ki, inklüziv siniflərdə bəzən elə olur ki, bir müddət valideynə sinifdə öz övladının yanında qalması tövsiyə olunur, bəzən isə əksinə valideynlərin sağlamlıq imkanları məhdud övladına hiper qayğını məhdudlaşdırılması tövsiyə olunur: “Bu, uşağın vəziyyətindən asılıdır. Məsələn, Bakı məktəblərindən birində sağlamlıq imkanları məhdud uşaqlardan birinin valideyninə ifrat dərəcədə emosional bağlılığı mövcud idi, ona görə valideyndən xahiş etmişdik ki, bir müddət sinifdə uşağın yanında olsun. Valideyn əvvəlcə uşaqla eyni partada əyləşdi, daha sonra başqa partaya keçdi, sonrakı mərhələdə sinifdə arxa partada əyləşdi və belə-belə valideyn 6 aydan sonra uşağını sinfə qoyduqdan sonra çıxırdı. Bütün uşaqlar fərqlidirlər. Xüsusi təhsilə ehtiyacı olan uşaqlar ümumi təhsilə xüsusi şərait yaradılmadan cəlb oluna bilmədiklərindən, onların fərdi ehtiyacları və xüsusiyyətləri nəzərə alınır. İnklüziv təhsil də uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq ehtiyaclarına uyğun təşkil edilməsi üçün nəzərdə tutulub”.

“İnklüziv təhsilin təşkil edildiyi siniflərdə texniki imkanlar necə olmalıdır, xüsusi dərs vəsaitlərinə ehtiyac olurmu?” sualını cavablandıran mütəxəssis Elnarə Məmmədova deyir ki, material olaraq inklüziv və ümumiyyətlə istənilən sinifdə müxtəlif dini, irqi, milliyyəti, genderi, yaşı və ailə formalarını təbliğ edən kitablar, şəkillər, oyuncaqlar, öyrədici oyun topluları, posterlər, mahnı toplularının olması vacibdir: “Hazırkı dərsliklərdə bu müxtəlifliklərin təbliği deyərdim, çox aşağı səviyyədədir. Məsələn, ailə şəkillərinin hamısında ana, ata, bacı, qardaş, nənə və baba var. Dönək real həyatımıza baxaq. Hamımızın ailəsində bu üzvlər varmı? Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra tək valideynli ailələrin sayı artdı. Amma o uşaqlar hələ də bütün ailə üzvləri olan şəkillərdən dərs alırlar. Bu şəkillərin uşaqlara mənəvi nə qədər zərbə vurduğunun fərqinə varmalıyıq”.

Həmsöhbətimiz deyir ki, köməkçi texnologiyalar da inklüziv təhsilin təşkilində aktiv istifadə olunan ləvazimatlardandır: “Məsələn, səsli danışmayan uşaqlarla ünsiyyəti şəkillər toplusundan istifadə edərək qurmaq olar. Bəzi uşaqların analiz bacarığı yaxşı inkişaf etsə də, oxuma bacarığı zəif ola bilər. Xüsusi “software” proqramlar onlara kitabda yazılanları oxumağa kömək edə bilər. Bəzi uşaqlar yüksək səs tonlarına həssas ola bilərlər. Məsələn, musiqi dərsində oxunan musiqi onları həyəcanlandıra və vahiməyə sala bilər. Bu səs tonunu azaltmaq üçün onları xüsusi qulaqlıqlarla təmin etmək olar. Bunlar hamısı Fərdi Təhsil Planı hazırlandığında müəyyən olunur. Çünki FTP məhz şagirdin öyrənmə bacarıqlarına uyğun hansı şəraitin yaradılmasını özündə əks etdirir”.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə əhatə olunması məsələsinə gəlincə, Anar Xələfov deyir ki, bu işi Elm və Təhsil Nazirliyi ilə birgə Sosial Xidmətlər Agentliyi həyata keçirir: “Elm və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin çeşidinin artırılmasını nəzərdə tutur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Abşeron, Sabunçu və Nərimanov rayonlarında 3 ixtisaslaşmış sosial xidmət mərkəzi, Sumqayıt şəhərində isə 1 sosial xidmət kabineti fəaliyyət göstərir: “Bu mərkəzlərdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərilir və hər biri xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. Burda uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinin təşkili ilə yanaşı, valideynləri də müvafiq təlimlərə cəlb olunur.

Bu mərkəzlərdə ümumilikdə ötən dövrdə 18 yaşınadək əlilliyi olan 370-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunub. Hazırda İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində 170 nəfərə müxtəlif sosial xidmətlər göstərilir. Həmçinin Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 günərzi qayğı mərkəzi daimi fəaliyyət göstərir. Abşeron rayonunun Saray qəsəbəsi, eləcə də Pirallahı rayonu və Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən bu mərkəzlərdə qeyd olunan kateqoriyadan olan uşaqlar bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Günərzi qayğı mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları, həmçinin valideynlər üçün valideynlik bacarıqlarının artırılması üzrə təlim proqramlarının təşkili və digər xidmətlər göstərilir.

Daimi Günərzi Qayğı Mərkəzlərində ötən dövrdə xüsusi qayğıya ehtiyacı olan 47 uşağa xidmət göstərilib. Hazırda isə 26 uşaq qeyd edilən xidmətlərdən yararlanır. Əlavə olaraq qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında bir müddət əvvəl 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb.

Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət göstəriləcək.

Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, uşaq reabilitasiya müəssisələri tərəfindən 2023-cü il ərzində 18 yaşadək əlilliyi olan 24 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan 1706 nəfəri stasionar, 11854 nəfəri ambulator, 4729 nəfəri icma əsaslı, 4736 nəfəri telereabilitasiya, 601 nəfəri ippoterapiya, 442 nəfəri səyyar reabilitasiya və s. xidmətlərinə cəlb olunub.

Bildirilib ki, bu ilin ilk rübü ərzində 18 yaşadək əlilliyi olan 6,5 minə yaxın uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan 435 nəfəri stasionar, 3915 nəfəri ambulator, 249 nəfəri icma əsaslı, 1657 nəfəri telereabilitasiya, 110 nəfəri ippoterapiya, 102 nəfəri səyyar reabilitasiya və s. xidmətlərinə cəlb olunub. Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Anar Xələfov bildirir ki, xüsusi təhsilin təşkil edildiyi məktəblər daha keyfiyyətli təhsil verə bilirlər. Lakin hansısa bölgədə yaşayan valideyn övladının ailədən kənar düşməsini, xüsusi məktəbə cəlb olunmasını istəmir: “Bu halda yaxınlıqdakı məktəbdə o uşaq üçün xüsusi sinif təşkil olunur. Hazırda xüsusi siniflər nitq məhdudiyyəti və əqli geriliyi olan uşaqlar üçün təşkil olunur. Görmə və ya eşitmə qabiliyyətini qismən və ya tam itirmiş uşaqlar üçün mövcud qanunvericilik inteqrasiyalı təhsilin təşkil olunmasına icazə vermir. Lakin növbəti mərhələdə görmə və ya eşitmə qabiliyyətini qismən və ya tam itirmiş uşaqlar üçün də inteqrasiyalı təhsilin təşkil olunması nəzərdə tutulub ki, uşaqların yaşayış yerinə yaxın məktəbdə xüsusi sinif təşkil olunsun.

Ölkəmizdə 15 inteqrasiyalı təlimli internat tipli ümumi təhsil müəssisələri fəaliyyət göstərir. Yaxın kənd və qəsəbələrdə yaşayan uşaqların bu təhsil müəssisələrində qalması və keyfiyyətli xüsusi təhsil alması üçün müvafiq şərait yaradılıb. Bundan başqa, ölkədə 5 xüsusi ümumi təhsil müəssisəsi fəaliyyət göstərir, bunlardan 3-ü Bakıda, biri Sumqayıtda, biri isə Gəncədədir. Ümumilikdə, bu məktəblərdə 1400-dən artıq uşaq təhsil alır. Xüsusi ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar öz ailələri ilə birgə yaşayırlar, digər uşaqlar kimi səhər məktəbə gedərək təhsil alır və dərs saatları bitdikdən sonra öz evlərinə qayıdırlar. Eyni zamanda, 8 internat tipli xüsusi ümumi təhsil məktəbi fəaliyyət göstərir. Bu təhsil müəssisələri internat tipli xüsusi məktəblərdir. Uşaqlar burada yaşayır və təhsil alırlar. Bu cür məktəblərdə 1900-dən artıq uşaq təhsilə cəlb olunub.

Evdə təhsilə cəlb olunan uşaqların sayı isə 7200-dən artıqdır. Bu uşaqlar xəstəliklər səbəbindən məktəbə gedə bilmədikləri üçün ev şəraitində təhsil alırlar. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunub”.

Bağçaya gedən uşaqların inklüziv təhsilə cəlb edilməsi ilə bağlı məqama gəlincə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda ölkəmizdə 130 nəfər məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin xüsusi qruplarında təhsilə cəlb olunub: “Təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir. Sağlamlıq imkanları məhdud uşaqları psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı olmadan məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə qəbul edilə bilməz. Sağlamlıq imkanları məhdud uşağın təhsilə cəlb olunması üçün valideyn yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət etməlidir. Yalnız yerli təhsili idarəetmə orqanının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsi nəticəsində uşağın məhdudiyyətinin onun xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yarandığı təsdiqini tapdıqda, ona sağlamlıq imkanları məhdudluq statusu verilir və o, inklüziv sinifdə, xüsusi sinifdə yaxud evdə xüsusi təhsilə cəlb olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 2024-cü il üzrə illik fəaliyyət planına əsasən, xüsusi təhsil sektoru məktəbəqədər təhsil müəssisələrində pilot inklüziv qrupların təşkil olunması üçün layihə hazırlayır”, - deyə məlumatda qeyd edilib.

Seçilən
158
50
Mənbələr
Şərh ()
Bağla