AZ

Nə üçün düşündüyümüz neqativ hadisələri yaşayırıq? - Psixoloq səbəbini AÇIQLADI

"İnsanlar yaxşı düşüncələri kateqoriyalara bölürlər".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, insanlar sadəcə ev və ya maşın almaq kimi düşüncələri müsbət hesab edirlər:

"Amma özləri üçün nə isə etməyi, almağı və ya dostları ilə görüşməyi müsbət düşüncə kimi görmürlər. Buna baxmayaraq, bəzi kiçik neqativ düşüncələri gözümüzdə böyüdürük. Hərçənd ki, kiçik müsbət düşüncələri gözümüzdə böyütmürük. Ev və ya maşın almaq kimi arzularımız qəlizləşdikcə, nə üçün ona çata bilməməyimiz barədə düşünürük. Kiçik hədəflərə nail olanda isə onları əhəmiyyət vermirik". 

Həmsöhbətimiz qeyd edib ki, bəzi insanlar neqativ düşüncələri özlərinə çəkirlər:

"Düşüncə deyib üstündən keçmək doğru deyil. Məsələn, qorxuların bizə aid olmadığını bilməliyik. Qorxu yarananda özümüzə "Bu mənə nə öyrədir?", "Baş versə nə olar?" kimi suallar verməliyik. Amma qorxuların bizə nə öyrədəcəyinə deyil, nə yaşadacağına baxırıq. Qorxunu o dərəcədə böyüdürük ki, ona doğru addımlamağa başlayırıq. İstər-istəməz həyəcan, stress və gərginlik bizi qorxduğumuz hadisənin yaşanmasına doğru itələməyə başlayır". 

348118

Psixoloq buna aid bir nümunə də verib:

"Məsələn, dərslərini yaxşı öyrənməyən şagird müəllim sinifə daxil olan zaman həyəcanlı bir şəkildə davransa, müəllim onun nəyə görə bu cür davranmasından şübhələnər. Elə dərsi də ilk ondan soruşar. Çünki şagird qorxduğu üçün özünü ələ verməyə başlayır". 

Nabat Mirzəyeva əlavə edib ki, bəzi insanlar isə baş verməsindən qorxduğu hadisələrin hazırda sadəcə düşüncə olduğunu dərk edirlər:

"Onlar, arzularının hər şeydən dəyərli olduğunu, qorxunun bizi deyil, bizim qorxumuzu idarə edə biləcəyimizi başa düşürlər. Nəticədə, həmin qorxduqları hadisəyə qarşı fikirlərini dəyişməyə başlayırlar. 

Ümumiyyətlə, duyğularımızı idarə etmək öz əlimizdədir. Gerçəkləşməsindən qorxduğumuz hadisəyə həddindən artıq fokuslandığımız üçün hiss etmədən belə onun baş verməsi üçün nələrsə etməyə başlayırıq. 

Ancaq düşüncəmizi ondan uzaqlaşdırsaq, bu qorxunun sadəcə düşüncə olduğunu və həyatımızda hər şeyin öz əlimizdə olduğunu anlasaq, bütün fikirlərimizin istiqamətini dəyişə bilərik. Nəticədə, həmin qorxularımız reallaşmaz. Onu da nəzərə almaq lazımdır ki, hər insanın qorxduğu hadisələr başına gəlməz". 

Mütəxəssisin sözlərinə görə, bacardığımız qədər qorxu düşüncələrini ətrafımıza yaymamalıyıq:

"Onun bizi idarə etməsinə icazə verməməliyik. Çünki biz özümüzü qorxuya tabe etsək, qorxu bizi idarə etməyə başlayacaq.

Unutmayın ki, ən gözəl xoşbəxtlik sağlamlıqdır. Əgər sağlamlığımız yerindədirsə, dostlarımızla, sevdiklərimizlə görüşməyə qərar verib, sabah onunla görüşürüksə, bunun özü belə müsbət düşüncələrin gerçək olmasıdır. Biz sadəcə olaraq bunun fərqinə varmırıq. 

Sanki ağ vərəqə qara nöqtə qoyuruq və onu gözümüzdə həddindən artıq böyüdərək müsbətləri görmürük. Ona görə də qorxduğumuz hadisənin baş verməməsi üçün o enerjini ötürməməli, özümüzü ona tabe etməməli və həyatımızı qorxunun əlinə buraxmamalıyıq".

Pərviz

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla