AZ

Boşanmaların artması təhlükəli deyil, əksinə, normaldır - Psixoloq

Bir çoxumuz serial izləyirik və həmin serialların əksəriyyətində xəyanət, çarpaz münasibətlər, əxlaqsızlığın normallaşdırılması, xəyanatə haqq qazandırılması və s. hallara tez-tez rast gəlinir. Həm aktyorlar arasında, həm də teletənqidçilər arasında serialların insanların əxlaqını pozduğunu deyənlər çoxdur. Qeyd edilir ki, əvvəlki dövrlərdə seriallar əgər insanları birləşdirmək ideyası ilə çəkilirdisə, indi ailələri dağıdır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoloq Pərvin Hacıyeva hesab edir ki, şəxsiyyəti formalaşan insanlar serialların təsiri altına düşmür:
"İnsanlar asudə vaxtlarını müxtəlif formada dəyərləndirirlər. İstəyən seriala baxır, istəməyən başqa bir işlə məşğul olur. Burada seriala baxmaq problem deyil. Məsələ nəyə baxdığındadır. 
Kifayət qədər çox seçimin olduğu bu platformada sən keyfiyyətli olanı seçə bilirsənsə və baxdığın serial səni həm mənəvi cəhətdən təmin edirsə, həm də maarifləndirib dünyagörüşünü artırırsa, seriala niyə də baxmayasan?! 

Türkiyə istehsalı olan “Möhtəşəm yüzyıl” serialı insanların tarixə olan marağını artırdı. Çəkdiyim nümunə serialların müsbət tərəfidir. Seriallarda baş verən hansısa situasiya bizə tanışdırsa, bizə daha dərindən təsir edir. 

Məncə, şəxsiyyət formalaşıbsa, şəxs nə istədiyini bilirsə, niyə bir serialın təsiri altına düşüb səhv addımlar atsın ki? Serialda hansısa səhnə sənə təsir edə, müəyyən müsbət, mənfi duyğular əmələ gətirə bilər. 
Xatırlayırsınızsa, “Kurtlar vadisi” serialında orda mafiya lideri öldürüləndə camaat bunu o qədər ciddi qəbul etmişdi ki, Türkiyədə ona başsağlığı elanları verilmiş, onun adına əklillər düzəldilmişdi. Belə bir vəziyyət əlbəttə ki, normal deyil".

P.Hacıyeva düşünür ki, ailələrin dağılmasında serialların heç bir rolu yoxdur:

"Ailələrin dağılmasında, xəyanətlərin çoxalmasında sosial şəbəkələrin rolu böyükdür. Bu o demək deyil sosial şəbəkələr pisdir. Xeyr. Önəmli olan sənin sosial şəbəkələrdən necə istifadə etməyindi.
Bir də boşanmaların artması təhlükəli deyil, əksinə, normaldır. Nikahın ömür boyu davam etməsini hər kəs istəyər, amma cütlüklər bir-birini anlamırsa, yola gedə bilmirsə, bu nikahı davam etdirməyin mənası yoxdur. 

Təhlükəli olan illərdir, mənəvi və fiziki şiddətə məruz qaldığı halda yenə də boşanmamaq, eyni evdə yaşamağa davam etməkdir. Bu da həm özlərinin, həm də övladlarının psixologiyasının pozulmasına səbəb olur".
P.Hacıyeva serialların insanlar üzərində çox da böyük psixoloji təsirə malik olmadığını bildirib:
"Bir çox insan gündəlik həyatın gətirdiyi stresdən uzaqlaşmaq, problemlərini müvvəqəti unutmaq üçün seriallara baxır", - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla