AZ

10 noyabr - 22 fevral imzasına hörmət və rus hərbçilərinin Qarabağdan çıxmasına “yas quran” Amerika

“Demokratiyanın beşiyi” növbəti dəfə öz sifətini göstərdi. Rusiyanın Qarabağdakı hərbi kontingentinin çıxarılması xəbərinə ABŞ-dən gələn reaksiyanı nəzərdə tuturam. Normalda reaksiya necə olmalı idi? Bəli, əgər rəsmi Vaşinqtonun postsovet məkanındakı respublikalara “ürəyi yansaydı”, onların müstəqilliyinə xələl gətirən hallara etirazı olsaydı, sovetlərin varisi Rusiya dövlətinin bir qərinəlik müstəqillik yaşı olan dövlətlər üçün təhlükə yaratdığı barədə mövqe sərgiləcəydi, məntiqlə Rusiyanın Qarabağdakı hərbi birləşmələrinin də evə dönmək qərarından məmnun qalmalı idi. Amma yox, bəlli olur ki, əslində postsovet məkanı üçün əsas təhlükə heç də Rusiyadan gəlmirmiş indiki situasiyada. Ən azı Azərbaycana münasibətdə bunu əminliklə deyə bilərik.

CİXMA.jpeg

Budur, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. Yanaşmaya baxın! Rusiya sülhməramlılarının Qarabağda qalması etibarlı olub-olmadığını müəyyənləşdirirmiş, xəbərimiz olmayıb. Özü də Departament sözçüsü Rusiyanın etibarını Ukraynaya, Gürcüstana, ya Moldovaya münasibətdə deyil, ermənilərə münaisbətdə “tərəziyə qoyur”.

Yəni erməninin yanında olmayan etibarsızdır, vəssalam! Yəni Çar Rusiyası erməniləri yığıb Qafqaza köçürəndə, sovet Rusiyası Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma, hələ də indikyədək kadastr sənədi almayan dövlət yaradanda, müstəqil Rusiya dövlətisə Qarabağın işğalında iştirakçı olub, milyardlarla silah-sursat, hərbi texnikanı Ermənistana pay verəndə, Qarabağdakı separatçılara dayaq olanda etibarlı olurmuş, amma nəhayətdə yanlışlarını anlayıb, Azərbaycanın ədalətli mövqeyinə hörmətlə yanaşıb, Qarabağın Azərbaycan olduğunu bəyanlayanda, yaxud daha minlərlə hərbçiyə əbəs yerə xərc çəkməyin mənasız olduğunu qəbul edib, sülhməramlı kontingenti geri çağıranda olur “etibarsız”.

AG

Görəsən, Ağ Ev administrasiyası etibarlılığı müəyyənləşdirmək üçün hansı cihazdan istifadə edir? Müharibə aparan, sanksiyalara məruz qalan Rusiya o qədər xərc çəkib Qarabağdakı ermənilərin təhlkükəsizliyi naminə Azərbaycan ərazisinə sülhməramlı missiya göndərdi, təbii ki, dövlətimizin razılığı əsasında. Amma günün birində Qarabağdakı ermənilər onlara verilmiş sifariş əsasında “biz gedirik” deyir, yığışdılar, hətta Rusiyanı söyə-söyə. Sanki Rusiya bunları bir-bir tutub ağaca bağlamalıymış ki, getməyin, qalın, adam kimi yaşayın! Azərbaycan dövləti dəfələrlə çağırış etdi ki, qanunlarımızı qəbul edin, normal, təhlükəsiz yaşayın! İstəmədilər. ABŞ-ın, Fransanın, başqa ermənipərəst qüvvələrin planı ilə hərəkət etdilər. Getdilər ki, yenidən qayıdacaqlar, xəyalları suya düşdü. Artıq məlum olub ki, Ermənistana getmiş Qarabağ ermənilərinin azı 20 faizi xaricə köçüb, qalanları da dərs ilinin sonlarını gözləyirlər, Ermənistan adlı cəhənnəmdən əbədi üz çevirməkdən ötrü. Bütün bunlardan sonra Rusiya hərbi kontingenitini Qarabağda niyə saxlasın ki? Hətta illər boyunca ermənilərin lobbiçiliyini edən Zatulin kimilər belə, deyirdilər ki, Rusiya hərbi kontingentinin Qarabağda qalmasının heç bir mənası qalmayıb. Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Nikol Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməklə, 2022-ci ildəki Praqa razılaşmasında bunu rəsmiləşdirməklə əslində bu məsələyə nöqtə qoyub və sülhməramlıların öz “kürkünü gündə yandırması”nın anlamı qalmayıb. Bundan sonra ABŞ rəsmiləri niyə “xara-kiri” edirlər ki? Necə olur Rusiyanı Suriyadan, Afrikadan çıxartmağa çalışan, Gürcüstanın, Ukraynanın ilhaq olunmuş ərazilərinin dərhal azad olunmasını tələb edən ABŞ, Fransa və digərləri rus əsgərlərinin suveren Azərbaycan torpaqlarından tez çıxmasından rəncidə olurlar? Dərdləri, azarları nədir?!

YENİ

Dövlət Deprtamentinin təmsilçisi ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib. Amma “Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və bu payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”-iddiasını da dilə gətirib. Rusiya neçə il idi ermənilərin nazı ilə oynayırdı. Əlbəttə, ABŞ 44 günlük müharibədən sonra Qarabağa məhz rus sülhməramlılarının müşayiəti ilə daşınan minaları, hərbi texnikanı, silah-sursatı görə bilməzdi, yaşlı dövlətdir, gözləri zəifləyib, ola bilsin. Amma nədənsə Azərbaycanın hər bir addımını zərrəbinlə izləyir. Rusiya sülhməramlıları ötən illərdə hətta Qarabağdakı ermənilərin üzüm plantasiyalarında işləməsinə, taxıl biçməsinə, üstəlik, səngər qazmalarına da keşikçi oldular. Bunu görmək üçün bəsirət gözlərini açmaq lazım idi. Departament rəsmisi deyir ki, “ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır”. Görürük “qətiyyətli dəstəyinizi”.

Sülh istəyən sülhməramlı kontingentin vaxt itirmədən getməsinə etiraz etməz, əksinə, dəstəkləyərdi. Sülh istəyən Ermənistanı barıt çəlləyinə döndərməzdi, Avropa İttifaqının “mülki” adlı hərbçilərini, cəsuslarını doldurmazdı bu ölkəyə. Sülh istəyən öz kadrı olan Nikol Paşinyana sakitcə “get, Azərbaycanın 8 kəndini azad et və sülhü imzala” deyərdi, məsələ bitərdi. Yoxsa Rusiya sülhməramlılarının sakitcə öz evlərinə qayıtmasını özünə dərd eləməzdi sülh tərəfdarı. Ermənilər deyir Azərbaycanda Azərbaycan qanunlarını qəbul edib yaşamaq istəmirik. Azərbaycan, ya Rusiya nə etməlidir? Koliforniya erməniləri ABŞ Konstitusiyasına zidd addım atsalar, özlərini dövlət elan etsələr, Dövlət Departamenti onların başına sığalmı çəkəcəkdi? Avtomobilini dərhal saxlamayan sürücünün başına silah sıxan polisin ölkəsi mələdərdi onun qanunlarına qarşı çıxıb, hansısa “artsax” elan edənləri.

SULH

Özü də Rusiya sülhməramlı kontingentinin gedişini zəruri edən bir sıra amillər var və onların birincisi Azərbaycan dövlətinin ali iradəsidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiq qalan iki dövlət var hazırda – Azərbaycan və Rusiya. Ermənistan məhz ABŞ və Fransadan aldığı gizli, yaxud açıq dəstək, hiylə planları nəticəsində imzasına hörmət etmədiyini növbəti dəfə nümayiş etdirdi. Azərbaycan rəhbərliyinin bir sıra hallarda Rusiyadakı hərbi kontingentin bizi narazı salan fəaliyyəti barədə mövqeyini də unutmamışıq. Heç şübhəsiz ki, bu faktlar Rusiya rəhbərliyinə təqdim olunub zaman-zaman, hər hansı ajiotaja ehtiyac duyulmadan qapalı müzakirələrin predmeti olub, toponimlərimizin təhrifindən tutmuş, digər məsələlərədək. Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi davamıdır Rusiya hərbi kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılması. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, sözlərini gərək ki, ABŞ-da da unutmayıblar, ən azı rəsmilər səviyyəsində. Ölkənin liderinin, yaxud iki dövlət başısının qəbul etdiyi qərarı niyə üçüncü ölkə müzakirəyə çıxartmalıdır? Qəribədir, ABŞ özü Ermənistana hərbi kontingent göndərmək, əvəzində Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılmasına nail olmaq istəyir, amma rus əsgərlərinin Qarabağdan vaxtından tez getməsindən bikef olur? Bu, nə siyasətdir?!

Görünür, hələ də Azərbaycanı yaxşı tanımayıblar. Anlamaq istəmirlər ki, bu dövlət beynəlxalq hüquq əsasında, özünün suveren qanunları ilə, həmçinin ikitərəfli münaisbətlərə üstünlük verərək yoluna davam edir. Kimsənin şübhəsi olmasın, Rusiya sülhməramlılarının yola salınmasında dövlətimizin, dövlət başçımızın qətiyyətli mövqeyi nəzərə alınıb və son nəticədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, “Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”. Bunu təqdir etmək əvəzinə, ABŞ və digərləri niyə narahat olurlar ki?

SULH

ABŞ və bir sıra ölkələr 22 fevral 2022-ci ildə də bərk dilxor olmuşdular, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalananda. Təbii, onlara Rusiya ilə müharibə edən, fəlakətlər yaşayan daha bir ölkə lazım idi, xüsusən də Azərbaycanın timsalında. Sözügedən müqavilənin 1-ci bəndini xatırlayaq:

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Rusiya sülhməramlıları həm də 10 noyabr 2020 və 22 fevral 2022-ci il bəyannamələrinə əsaslanaraq çıxarılır. Qarşılıqlı hörmət, normal münasibətlər əsasında. İmzasına hörmət edən liderlərdən əslində başqa addım da gözlənilmirdi. Bəs, ABŞ nə istəyir? Unutmamışıq, 1990-cı ildə Bakıda qanlı Yanvar qırğını törədiləndə ABŞ konqresmenləri Qorbaçova “islam fundamentalistləri və ekstremistləri” qana boğduğuna görə təşəkkür edirdilər, dövlət rəhbərliyi SSRİ-nin daxili işlərinə qarışmamağı üstün sayırdılar. İndi necə olur 33 yaşlı müstəqil Azərbaycanın daxilindəki rus əsgərlərinin anlaşmaya uyğun şəkildə getmələrini sinirə bilmirlər? Qarabağ Azərbaycanın daxili işi deyil? Niyə rus hərbçilərinin, texnikasının Qarabağdan çıxmasına “yas qurublar”, “qara geyiniblər?” Axı, guya Rusiya ilə düşmən idilər... Yoxsa artıq rus əsgərləri xarici qüvvə saymırlar? Elə isə Ukraynadakı, Gürcüstandakı, Moldovadakı rus hərbçilərinə qarşı niyə qəzəb püskürürlər?

Hə, bir də “rus əsgəri girdiyi yerdən çıxmır” deyib, “uzaqgörənlik” edənlər, Azərbaycan hakimiyyətini milli maraqlara zidd mövqe sərgiləməkdə ittiham edənlər və sair bu kimi düşüncə sahibləri susqun görünürlər. 

XAİN

Pərtdirlər. Azca ədalət hissi varsa, etiraf etsinlər və Azərbaycan tarixinin daha bir şanlı səhifəsini yazan LİDERə üzrxahlıq eləsinlər. 1920-ci ilin 27 aprelində Azərbaycanı işğal etmiş rus ordusu 73 il torpaqlarımızda qaldı. 1993-də bu ordu çıxarıldı, amma... Unuduruq, axı, o ordu Qarabağdan çıxarılmamışdı, axı, Xankəndi, Xocalı, Şuşa, Laçın, digər ərazilərə əlimiz çatmırdı. Ali Baş Komandan İlham Əliyev Xankəndiyə bayrağımızı sancdı, Xocalını azad etdi və rus sülhməramlılarının vaxtından əvvəl çıxarılmasına nail oldu. 2012-ci ildə Qəbələ RLS-dən də beləcə, səssiz-küysüz yola salmışdı rus hərbçiləri...

Elşad Paşasoy,
Musavat.com

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla