AZ

Prezidentdən su ehtiyatları ilə bağlı tapşırıq - atılası vacib addımlar...

Bu il su boldur, amma əkinlər azalır; suvarma kanallarında itkilərin əsas səbəbi mövcud kanal şəbəkəsinin mühüm hissəsinin üstüaçıq və torpaqməcralı olmasıdır

Su ehtiyatlarına görə kasıb ölkələr sırasında olan Azərbaycan həm də qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələrdəndir. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkənin şirin su ehtiyatlarının 70-72 faizi  ölkə hüdudlarından kənarda formalaşır.

Azərbaycanın yerüstü su ehtiyatlarının  19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. 

Hesablamalara görə, son 30 ildə Azərbaycanın su ehtiyatları 15 faizə yaxın azalıb. Yaxın 30 ildə daha 15 faiz azalmanın olacağı gözlənilir. 

Azərbaycanın su təminatı baxımından xarici mənbələrdən asılılığı sudan istifadədə maksimum qənaət və səmərəliliyin təmin olunmasını tələb edir. Lakin hələlik bu sahədə böyük problemlər qalmağa davam edir. Ölkə üzrə suvarma kanallarında itkilərin həcmi 40 faizə yaxın hesablanır. Bunun da əsas səbəbi mövcud kanal şəbəkəsinin mühüm hissəsinin üstüaçıq və torpaqməcralı olmasıdır. Hökumət bu kanalların beton məcrayla əvəzlənməsinə başlayıb. Artıq Azərbaycanın ən böyük suvarma kanalı olan Şirvan kanalının yenidən qurulmasına başlanılıb. Aprelin 16-da Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimi keçirilib. Mərasimdəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaq.

Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlət başçısı qeyd edib: “Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək”.

Prezident bildirib ki, Qarabağ kanalının yenidən inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq: “Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq. Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər gördüyümüz işlərdə əks olunur”.

Prezident qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı dünyada və Azərbaycanda böyük narahatlıq var: “Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.

Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük".

İ.Əliyev onu da bildirib ki, işğaldan azad olunan ərazilərin su ehtiyatlarından səmərəli istifadə olunacaq: “Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var.

Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik".

Azərbaycanda həmçinin Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır: “Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Qeyd edək ki, bu qış yağıntıların həcmindəki artımdan əlavə, ötən ildən də anbarlarda su ehtiyatlarının həcmində artım olub. Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatına görə, ölkə üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılıb, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib. Suvarılan torpaqların meliorativ vəziyyəti barədə respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların şoranlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.

Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şoranlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib: “Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir”.

Hazırda ölkədə yaz-tarla işləri aparılır. Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında 121,5 min hektar sahədə və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 20,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 3,0 min hektarı dən üçün qarğıdalı), 27,1 min hektar sahədə kartof, 27,3 min hektar sahədə tərəvəz, 3,5 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə şəkər çuğunduru, 36,5 min hektar sahədə çoxillik otlar və 3,5 min hektar sahədə birillik otlar əkilib.

Statistikadan aydın olur ki, bu il yazlıq buğda əkini 87,8 faiz, kartof əkini 6,5 faiz, şəkər çuğunduru 9,6 faiz, günəbaxan 8,8 faiz azalıb. Vələmir (yulaf) 8,8 faiz, qarğıdalı 7,9 faiz, tərəvəz 7,2 faiz, bostan bitkiləri 5,3 faiz, 1 illik otlar 5,7 dəfə, çoxillik otlar əkini isə 15 faiz artıb. 

Hazırda pambıqçılıq rayonlarında səpin işləri həyata keçirilir. Bu il 100 min  hektar ərazidə pambıq əkilməsi nəzərdə tutulur.

Düşən yağıntıların miqdarındakı artım bu il suvarma suyu ilə bağlı ciddi problemin olmayacağından xəbər verir. Eyni zamanda Samur çayında bolsululuğun olması Bakı və Abşeron yarımadasının içməli su təminatında çətinlik yaşanmasına imkan verməyəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla