AZ

1 il tez...

Artıq proses başlayıb

Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edir

Nardar BAYRAMLI

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik siyasəti nəticəsində Azərbaycan davamlı olaraq uğurlar qazanıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə nailiyyətlərimizin zirvəsini təşkil edir. Ötən dövr ərzində   Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verib, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr neytrallaşdırılıb. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.

Nəyi, necə, nə vaxt etmək lazımdır,  bunu mən bilirəm”  fikrinin təsdiqi 

Əlbəttə ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında və Qarabağda erməni separatizminin kökünün kəsilməsində milliyi birliyimiz müstəsna rol oynadı.  Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu  sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi.

44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri də Prezident İlham Əliyevin qətiyyətli siyasətinin,  “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”  fikrinin təsdiqidir. Bir sözlə, 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirlərində qazanılan qələbə dövlət başçısı tərəfindən bütün addımların  zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi atılmasının nəticəsidir. 

Məlumdur ki, 2020-ci ildə Vətən müharibəsi 10 noyabrda imzalanmış  üçtərəfli Bəyanatla başa çatdı. Bu sənədə Azərbaycan, Rusiya və Ermənistan liderləri imza atmışdılar. Bəyanatda əksini tapan məqamlardan biri Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi idi.

Hikmət Hacıyev: Sülhməramlıların ölkəmizin ərazisindən vaxtından əvvəl  çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib 

Sülhməramlıların bölgədə qalmasının müddəti 2025-ci ildə başa çatsa da, artıq onlar Qarabağdan çıxarılmasına başlanılıb. Bir neçə gün öncə sosial mediada bununla bağlı videogörüntülər da yayıldı. 

Artıq Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanması rəsmi səviyyədə də təsdiqlənib. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. Hikmət Hacıyev bildirib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Rusiya tərəfi də məsələni təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin rus sülhməramlılarının çıxarılması ilə bağlı sualına “Bəli, bu doğrudur” cavabını verib.

10 noyabr üçtərəfli Bəyanatının 3 və 4-cü bəndi...

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə yerləşdirilməsi 10 noyabr üçtərəfli Bəyanının 3-cü və 4-cü bəndlərində nəzərdə tutulurdu. Bəyanatda qeyd olunub: “...3. Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.

Bu qərar Azərbaycanla Rusiya arasında  normal münasibətlərin göstəricisidir

Göründüyü kimi, rus sülhməramlılarının Qarabağda qalma müddəti gələn il başa çatsa da, onlar vaxtından əvvəl ərazini tərk etməyə başlayıblar. Əlbəttə ki, bunun obyektiv səbəbləri var. Bu, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinin sağlam əsaslarla qurulmasının göstəricisidir. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış müttəfiqlik haqqında bəyannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyünə dəstək və s. məsələlələr öz əksini tapır. Rus sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxması da məhz Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olmasının göstəricisidir. Bu nöqteyi-nəzərdən də, iki ölkənin ali rəhbərliyi müvafiq qərar verib.

Bu qərar, həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Bu fakt bir daha təsdiqlədi ki, uzaqgörən və düşünülmüş siyasət Azərbaycana yalnız uğur qazandırır.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla