AZ

Rediküllərin mitinq eyforiyası

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələrdə hakimiyyətə müxalif mövqedə dayanan partiyalar öz fəaliyyətlərini bir qayda olaraq cəmiyyətin sosial sifarişlərinə uyğun qururlar və adətən ümummilli səciyyə daşıyan problemləri gündəmə gətirirərək onların həllinə nail olmağa çalışırlar. Ancaq bu sözləri Azərbaycadakı redikül müxalifət yığnağının fəaliyyətinə aid etmək mümkün deyil. Burada cəm olan AXCP kimi siyasi patiyaların, “Milli şura” kimi qondarma qurumların sərgilədikləri əməllər, irəli sürdükləri “təkliflər” o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan xalqının, ölkəmizin mənafeyi redikülləri əsla maraqlandırmır və onlar öz üzərlərində hansısa bir məsuliyyət hiss etmirlər. Özünü bəhs olunan marginal düşərgənin əsas siması sayan AXCP sədri Əli Kərimlinin və digərlərinin sosial şəbəkələrdə nümayiş etdirdikləri virtual “qəhrəmanlıqlar”  başqa cür dəyərləndirmək sadəcə mümkün deyil

30 il ötəndən sonra da dəyişməyən düşüncə tərzi

AXCP sədri Əli Kərimli və onun bir çox çiyindaşları siyasətə ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəllərində bütün keçmiş ittifaq məkanında olduğu kimi, Azərbaycanda da tez-tez keçirilən mitinqlər dalğasında gəliblər, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Həmin dövrdə ziddiyyətli proseslər izlənilirdi. Qarabağda erməni separatizmi baş qaldırmışdı. Ermənistan tərəfindən torpaqlarımıza təcavüz edilmişdi. Belə bir vəziyyətdə bütün varlığı ilə torpağına, Vətəninə bağlı olan Azərbaycan xalqı seyirçi mövqedə qala bilməzdi və qalmadı da. İnsanlar küçələrə, meydanlara axışaraq öz etirazlarını bildirir və azadlıq arzularını dilə gətirirdilər. Belə bir vəziyyətdə bəzi fürsətcillər təşəbbüsə yiyələnərək tribunalara qalxdılar  və “liderlik” ambisiyaları sərgilədilər. Belələrinin sırasında  Azərbaycan Xalq Cəbhəsinin gənc fəallarından olan Əli Kərimli də var idi. O özünə xas olan “məharətlə” fərqlənməyi bacardı. Sonradan isə o, Əbülfəz Elçibəyə xəyanət edərək AXC-ni bütünlüklə öz nəzarətinə keçirdi və burada hakimi-mütləqə çevrildi. 

AXCP sədri Əli Kərimli aradan 30 il ötəndən sonra yenə də mitinq eyforiyasındadır. O və çiyindaşları aprelin 21-də mitinq keçirilməsinin anonsunu ediblər. Belə görünür ki, illər ötsə də, dövr dəyişsə də, rediküllər üç onillik bundan qabaqkı düşüncə tərzində qalıblar. Bəli, ötən əsrin doxsanıncı illərinin əvvəllərində müxalifətin mitinq taktikası seçməsi, bəlkə də, doğru idi. Bunu həm də cəmiyyətin sosial sifarişi diqtə edirdi. Həmin dövrdə Əli Kərimlinin də yer aldığı AXC-“Müsavat”  cütlüyü məhz mitinq eyforiyasında qeyri-legitim yolla hakimiyyətə gəldi. Ancaq hakimiyyət həm də məsuliyyət , bacarıq , səriştə, uzaqgörənlik tələb edir. Bütün bunlar isə iqtidarı qamarlayan komandada yox idi və onlar cəmi bir ildən sonra hakimiyyətdən biabırcasına qovuldular. İndi Əli Kərimli və başına yığdığı redikül dəstə yenə də mitinq düzənləməklə hansısa bir məqsədə çatacağını düşünür. Ancaq yox, Azərbaycan cəmiyyəti artıq Əli Kərimlini yaxşı tanıyır. Daha insanların onun  mitinq tribunalarından söyləyəcəyi yalanlara qulaq asmağa heç bir marağı yoxdur.

Yeri gəlmişkən, Əli Kərimlinin və çiyindaşlarının bir neçə il bundan əvvəl düzənləməyə çalışdıqları mitinqlər hələ də rüsvayçı səhnələr kimi yaddaşlardan silinməyib. Xatırlayaq ki, əvvəlcə mitinqlərin keçirilməsi üçün “20-ci sahə” deyilən ərazidə yer ayrılmışdı. Rediküllər bu ərazinin uzaq olduğunu bəhanə gətirdilər. Bundan sonra onların mitinq keçirmələri üçün nəqliyyat axınının gur olduğu yerdə - metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionu ayrıldı. Bu dəfə də Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və digərlərinin gözü yolda qaldı - birləşmiş müxalifətin davamlı  mitinq çağırışına baxmayaraq, stadionda, necə deyərlər, yel vurub yengələr oynayırdı. Bundan pərt olan, pəjmürdə qalan rediküllər uzun müddət idi ki, “mitinq” sözünü leksikonlarından çıxartmışdılar.

Niyə məhz indi?

İllərlə uzanan fasilədən sonra müxalifət  niyə indi mitinq keçirmək həvəsinə gəlib? Yerinə düşən sualdır. Axı hazırda ölkənin siyasi həyatı stabildir. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində suverenliyimizin tam təmin edilməsinə nail olmuşuq. Bunlar həllini tapan ümummilli məsələlərdir. Azərbaycan xalqı onilliklər ərzində məhz bunun narahatlığını yaşayıb. Bəs redikülləri qane etməyən, narazı salan nədir ki, onlar mitinq keçirməyə qərar veriblər? Anons edilən mitinqdə hansı ümummilli ideya qabardılacaq?

Əli Kərimli və digərləri “seçki mitinqi”ndən danışırlar. Burada məşhur filmdə səslənən “Heç hənanın yeridir” sualı yada düşür. Axı ölkəmizdə son prezident seçkiləri bir qədər bundan əvvəl uğurla, yüksək seçici fəallığı şəraitində baş tutdu. O başqa məsələdir ki, redikül yığnağın təmsilçiləri cəmiyyətdə nüfuzlarının aşağı olmasını, sosial bazadan məhrum qaldıqlarını gözləri önünə gətirərək Əli Kərimlinin təbirincə desək, “şüurlu seçim” etdilər və özlərini seçki marafonundan kənarda saxladılar. 

İzlənilən prosesləri təhlil etdikdə aydın olur ki, rediküllərin aprelin 5-də Brüsseldə ABŞ-ın, Avropa İttifaqının və Ermənistanın rəsmilərinin iştirakı ilə baş tutan bədnam üçtərəfli görüşdən sonra  aprelin 21-i tarixinə mitinq təyin etmələri arasında bir bağlılıq var. Qərb dairələri dünyaya suverenlik əzmi nümayiş etdirən Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Avropadakı erməni lobbisi ilə sövdələşmələrdə olan Azərbaycanafob mərkəzlər ölkəmizlə bağlı müxtəlif məkrli planlar hazırlayırlar. Bu planlar hansı yollarlasa ölkəmizin suverenliyinə xələl gətirməyə, daxili sabitliyi pozmağa hesablanıb. Bu planlarda “Beşinci kolon” funksiyasını yerinə yetirən rediküllər proksi qüvvə kimi yer alırlar. 

Xaricdəki bədxahlarımızın və onların ölkəmizdəki proksilərinin əlamətdar hadisələr ərəfəsində sabitliyi pozmağa cəhd göstərmələrini ilk dəfə deyil ki müşahidə edirik. Onlar respublikamızın ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi tarixlər ərəfəsində də fəallaşmışdılar. Bəzi beynəlxalq təşkilatlar “Beşinci kolon” təmsilçilərini də səfərbər edərək ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə hərəkətə keçmişdilər. Onların nümayəndələri Bakının küçələrini gəzərək nöqsanlar axtarırdılar, hətta şəhərimizdə sahibsiz itlərin hüquqlarının pozulmasına görə də göz yaşları axıdırdılar. Cari ilin payızında bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək - ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək. Tədbirə on minlərlə iştirakçının, o cümlədən də dövlət və hökumət başçılarının qatılacağı gözlənilir. Çox doğru olaraq COP29 tədbiri respublikamızın beynəlxalq nüfuzunun daha da artması anlamında dəyərləndirlir. Bu isə ölkəmizin bədxahlarının ürəyincə deyil. Onlar COP29 ərəfəsində pis ənənələrinə sadiq qalaraq respublikamız barədə mənfi rəy formalaşdırmağa çalışırlar.

Mitinqlərə sosial  sifariş yoxdur

Rediküllər aprelin 21-də mitinq düzənləyəcəklərinin anonsunu etsələr də, onun baş tutacağına ümidsiz yanaşırlar. Onları əndişəyə salan yenə də sosial baza qıtlığıdır. Xaricdəki Azərbaycanafob dairələrin tezislərini Əli Kərimliyə ötürənlərdən biri kimi tanınan Qənimət Zahid mitinq anonsu edilməsinə baxmayaraq, insanların antimitinq ovqatına köklənmələrindən narahatlığını ifadə edib. Mitinq mövzusunu sosial şəbəkələrdə  gündəmə gətirən Əli Kərimlinin özü kütləvi tədbirlə hər hansı bağlılığı olmayan məsələlərlə baş qatır... 

Hazırda Azərbaycanın siyasi palitrası rənfarəngliyi ilə fərqlənir. Belə ki, siyasi konfiqurasiyada digər partiyalar da yer alırlar. Məsələ burasındadır ki, mitinq çağırışı digər siyasi partiyalar tərəfindən əsla dəstəklənmir və ona qarşı təpki göstərilir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda ölkəmizin hər hansı bir şəhərində mitinq keçirilməsinə sosial sifariş yoxdur, bu, xalqın istəyindən yaranan bir məsələ deyil. Partiya sədri anons edilən mitinqin sifarişinin gəldiyi ünvanı da göstərib. Onun sözlərinə görə Əli Kərimliyə və digərlərinə bu sifariş bilavasitə Qərbdəki erməni lobbisinə bağlı olan dairələrdən gəlib. Fəzail Ağamalı qəti əminliyini bildirib ki, Azərbaycan xalqı mitinq çağırışına qoşulmayacaq və bu çağırışa birmənalı şəkildə “yox” deyəcək. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də açıqlamasında anons edilən mitinqə mənfi münasibət bəslədiyini bildirib. “Mitinq keçirmək lazım idisə iki ay öncə, prezident seçkiləri dövründə keçirərdilər. İcazə verilməsə, sivil dünya da görərdi ki, prezident seçkisində kütləvi tədbirə icazə verilmir. İndi insanları aldatmaq çox çətindi. Əli Kərimli də bizim müxalifətdəki “Paşinyan”ımızdır. Qalıb ortada, odla su arasında, hər tərəfdən təzyiq edirlər, bilmir nə etsin, oxusun ya oxumasın...”, - deyə Q.Həsənquliyev vurğulayıb.

MÜBARİZ

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla