AZ

“Dünyada beş əsas ədəbiyyat dili var”

Bu yaxınlarda Xalq yazıçısı, detektiv ustası Çingiz Abdullayevin 65 illik yubileyi qeyd olundu. Arxasınca da sevimli yazıçımızın səhhətində  müvəqqəti problem yarandığı barədə xəbər yayıldı. Çingiz müəllimin  tezliklə sağlam həyata dönməsini arzulayır, bir neçə il əvvəl onunla elədiyim söhbəti oxuculara təqdim edirəm.   

- Çingiz müəllim, siz ölkəmizdə və dünyada çox oxunan, həm də çox yazan yazıçı kimi tanınırsınız. Maraqlıdır, indiyə qədər neçə kitabınız işıq üzü görüb?

 - Mənim indiyədək təqribən 200 adda kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə olunmuşam. Baxın, bu rəflərdə gördüyünüz kitablar dünyanın müxtəlif dillərində çap olunmuş əsərlərimdən nüsxələrdir.

 - Roman süjeti qurmaq, personajları idarə etmək dövlət idarəçiliyi kimi mürəkkəb işdir. Maraqlıdır, bu qədər süjeti necə qurursunuz?

- Baxın, XIII əsrdə Dante “İlahi komediya”nı yazmışdı. XIX əsrdə Balzak “Bəşəri komediya” yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Əlbəttə, adını çəkdiyim yazıçılarla özümü müqayisə eləmirəm. Bəs bu xronologiyanı davam etmək istəyim haradan doğdu? Çünki yaşadığımız dövr kriminal əsrdir. Təkcə son 30 il ərzində baş verən hadisələrə nəzər salaq: SSRİ-nin dağılması, Qarabağ problemi, mərhum prezidentimiz Heydər Əliyevə, Gürcüstan prezidenti Şevardnadzeyə qarşı sui-qəsd cəhdləri, Qarabağ zəfərimiz və bu müstəvidəki bir çox olayları yada salsaq, deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm. Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə edirəm. Yəni, real həyat hadisələrlə o qədər zəngindir ki, özündən uydurmağa ehtiyac qalmır. 

- Çingiz müəllim, belə baxanda yaşınıza görə çox yazmısınız, zəhmətkeşsiniz, yəqin, həm də sürətlə yazırsınız...

- Doğru dediniz, mən çox sürətlə yazıram. Əvvəllər makinada yazırdım, son otuz ildə kompüterdə işləyirəm. Elə makinada da sürətlə yazırdım. Kompüterə keçəndən bəri də həmin sürətlə işləyirəm. Təsəvvür edin, bir saniyədə altı şrift yığa bilirəm. Olub ki, bir gecədə yüz səhifədən çox yazı yazmışam. Bir saata on səhifə yaza bilirəm, on saat ərzində isə yüz səhifəyə çatdırıram. Başlayanda davamlı işləyirəm. Vaxt olub ki, səhər saat 9-da yazmağa başlamışam, ertəsi gün günorta saat ikidə, üçdə dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə yaza bilirəm.

- Yəqin, əsərin süjeti də yazı prosesində öz-özünə inkişaf edir, yəni, bütün detalları öncədən planlaşdırmırsınız...

- Bilirsiz, bəzən yazı prosesində qəhrəmanım mənimlə mübahisə edir, razılaşmadığımız məqamlar olur, ona görə əsərin hansı sonluqla bitəcəyini çox vaxt özüm də əvvəlcədən bilmirəm. Mənim əsl həyatım əsərlərimdədir, mən orada öz qəhrəmanlarımla yaşayıram. Çünki öz əsərlərimdə tanıyıram,  yaratdığım həmin dünyada nə istəyirəm eləyirəm, taleləri necə istəsəm, elə qururam, istədiyim qadını sevirəm, istədiyim adamı öldürürəm və s. Yəni, mən öz əsərlərimdə arzuladığım  kimi yaşayıram. 

- Çingiz müəllim,  dediniz, çox yazırsınız. Çox yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin edirsiniz? 

- Qrafoman - çox yazı yazan, öz yazdıqlarına vurulan, yazdığının gərəkli olduğuna inanan adama deyilir. Bu məntiqdən çıxış etsək, bütün böyük yazıçılar qrafoman olub. Məsələn, Tolstoy, Dostoyevski, Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm baxımından həm çox yazıblar, həm də yazdıqlarından razı qalıblar. Bu müəlliflər də qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam. Məsələn, bir müddət bundan əvvəl Argentinada kitabım çap olundu. Öz aramızdır, Argentinada heç kim Çingiz Abdullayevin qara qaşına vurulmayıb. Əsərimi öz dillərinə çeviriblərsə, demək, yazdıqlarım onlar üçün maraqlıdır.

-  Çingiz müəllim, belə bir düşüncə var ki, siz rus dilində yazdığınıza görə dünyaya çıxış imkanlarınız daha genişdir. Yəni, bir var 10 milyonun dilində yazasan, bir də var 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən sizi Azərbaycan yazıçısı hesab etmirlər. 

- Tamamilə yanlış düşüncədir. Hansısa xarici dildə yazmaq yazıçının milliyyətini şübhə altına ala bilməz. Əksinə, bu, yazıçının üstünlüyüdür. Onda deyək ki, Nizami fars şairidir? Füzuli üç dildə divan bağlayıb. İsmayıl bəy Qutqaşınlı fransızca yazırdı. Bəyəm, qırğız Çingiz Aytmatov, qazax Oljas Süleymanov rus yazıçılarıdır? Bəs İmran Qasımov, Rüstəm İbrahimbəyov,  Ramiz Fətəliyev, Natiq Rəsulzadə? Bu adamlar azərbaycanlıdır, mən də həmin sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca yazanda Azərbaycan yazıçısı? Əlbəttə, bu, düzgün məntiq deyil. Ancaq başqa dildə yazıb özünü ruhən başqa millətə aid edənlər də var. Məsələn, məşhur rus yazıçısı Boris Akunin milliyyətcə təmiz gürcüdür. Doğma adı isə Qriqori Şalvoviç Çxartişvilidir.

- Doğrudan? Şəxsən mən onun gürcü olduğunu bilmirdim...

- Bəli, təmiz gürcüdür, lakin özünü rus yazıçısı sayır, hər yerdə də deyir ki, mən rus yazıçısıyam, yazdıqlarım da rus ədəbiyyatına aiddir. 

-  Yəni demək istəyirsiniz, sizin dünyada tanınmağınız rus dilində yazmağınızla bağlı deyil? 

-  Baxın, rus dilində yazan minlərlə yazıçı var. Məgər onların hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci olmaq necə çətindir. Ümumiyyətlə, dünyada beş əsas ədəbiyyat dili var: ingilis, rus, alman, fransız, ispan. Dünyaya çıxmaq istəyən yazıçı bu dillərin heç olmasa birində yazmalı, yaxud birinə tərcümə edilməlidir. Orxan Pamuk 2004-cü ildə bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk etiraf etdi ki, onu Avropada əsərləri ingilis və fransız dillərinə tərcümə olunandan sonra tanıyıblar. Hətta 80 milyonluq Türkiyədə belə məşhur yazıçı olmaq hələ dünyaya çıxmaq demək deyil. 

- Əsərlərinizdə dünyagörüşünüz hər zaman hiss olunur, yazdıqlarınızın həm də xüsusi intellektual yükü var. Məsələn, “Şübhəsiz metamorfoz” povestində Moskvadakı ultra-elit hotelin xidmətlərini, yaxud kriminal qrupun yığışdığı gizli məkanı detallarıyla təsvir edirsiniz. Yəqin ki, o yerlərdə şəxsən olmusunuz.

-  Bəli, hansı məkanı təsvir etmişəmsə, onların hamısında olmuşam. Adlarını açıqlamayacağam, oxucum olan bir neçə məşhur şəxs əsərlərimdə təsvir etdiyim yerlərdə olduqdan sonra mənə deyib ki, necə yazmısınızsa, hamısını elə o cür də gördüm. 

- Kitablarınız xaricdə şəxsi təşəbbüsünüzləmi çap olunur? Yəni, özünüz bu prosesdə bilavasitə iştirak edirsinizmi?

- Yox, qətiyyən! Mən xarici ölkələrdə öz istəyimlə bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif dillərə çevirib çap edir, qonorarımı da özümə göndərirlər. 

- Bir dəfə Prezident İlham Əliyev sizin əsərlərinizi oxuduğunu demişdi...

- Yeni kitabım çap olunanda cənab prezidentə şəxsən özüm yollayıram. Mən Frankfurt mükafatına layiq görülmüşəm, bu, Avropanın ən böyük ödüllərindən biridir. On dörddən çox beynəlxalq mükafat almışam. Amma bütün bu mükafat və titulların içərisində ən çox qürur duyduğum Azərbaycanın Xalq yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq görülmüşəm. Bilirsiniz ki, bütün keçmiş SSRİ məkanında cəmi dörd nəfər 50 yaşında Xalq yazıçısı adına layiq görülüb. Qalanları 60, 70, hətta 90 yaşlarında alıblar. Buna görə o zaman prezidentə dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim üçün gözlənilməz oldu. Üstəlik Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi. Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.

- Sizin qəhrəmanlarınızdan birinin adı altında Moskvada restoran fəaliyyət göstərir. O restorandan pulsuz istifadə limitiniz varmı?

- Əlbəttə, orada məndən pul almırlar... (gülür) Ümumiyyətlə, dünyada beş “Dronqo” klubu fəaliyyət göstərir, hətta uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara deyirəm, uşağa “Dronqo” yox, “Dranqo” adı verə bilərsiniz, çünki “Dronqo” quş adıdır.

- Çingiz müəllim, Rusiyada “ədəbi kölələr” adlanan zümrə var ki, onlar əsər yazıb imzası məşhur olan yazıçılara pulla satırlar. Siz belələrinin xidmətindən istifadə etmisinizmi? 

- Qətiyyən yox! Mən heç öz beynimdəkiləri yazıb çatdıra bilmirəm. Əzablı olsa da, yazıçılıq fəaliyyətimdən zövq alıram. Ancaq çox yoruluram, düşündüklərimi yaza bilən biri olsaydı, məmnuniyyətlə onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərim var ki, süjetini yuxuda qurmuşam. Baxmayaraq ki, öz həyatımdan razıyam, övladlarımın yazıçı taleyi yaşamasını istəməzdim. Heç vaxt istəməzdim! Çünki dünyada yüz minlərlə mühəndis var, onlardan yalnız biri Qustav Eyfel ola bilir. O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat olur, qalanları da, əlbəttə, haradasa çalışır. Min yazıçıdan biri uğur qazanır, qalanların yazdığı heç kimə lazım olmur. Amma etiraf edək ki, bizdə istedadlı yazıçılar var. Yazırlar, amma çap etdirə bilmirlər, çap ediləndə də satılmır, çünki oxucu auditoriyası yox dərəcəsindədir, belə problemlər çoxdur. 

- Çingiz müəllim, bir vaxtlar Moskvada dəfələrlə mübahisəyə düşmüşəm, sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırdılar...

- Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız? Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi Komitəyə çağırdılar, atamın dostu yazıçı Azər Mustafazadə mənə dedi, Çingiz, bilirsən nə var? Sən siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim? Dedi, o bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan yaz, özünü biabır eləmə, siyasi detektivi ağıllı yəhudilər yazır. Abdullayev soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir. Mənim də gənc, dəliqanlı vaxtlarım idi. Dedim, Azər müəllim, mən hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o soyadla gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Parisdə, Berlində, Romada və başqa böyük şəhərlərin kitab satışı mərkəzlərində xüsusi Çingiz Abdullayev guşələri var.

- Dediniz ki, davamlı yazırsınız. Yəqin, əsərlərinizə “yoluxan” daimi oxucularınız yeni məktub kimi hər dəfə sizdən əsər gözləyirlər... 

- Elədir. Hər dəfə kitabım nəşr olunanda mənə çoxlu zənglər, məktublar gəlir. Deyim, bir az gülək. Bir dəfə Qazaxıstanın Azərbaycandakı səfiri tədbirdə Anar müəllimdən mənim sonuncu kitabımı soruşanda Anar müəllim özünəməxsus yumorla cavab vermişdi ki, hansını deyirsiniz, bu həftə, ya keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn xeyli rəsmi nümayəndə, prezident, baş nazir olub ki, mənimlə maraqlanıb. Rumıniyanın prezidenti Bakıda olanda məni çağırdılar ki, oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli göstərir)

Belə hadisələr çox olub. Bakıda keçirilən elmi konfransların birində iki böyük akademik, Nobel mükafatı laureatı Raul Saqdieff və onun alim qardaşı Abel Məhərrəmova yanaşıb demişdilər, biz Çingiz Abdullayevlə tanış olmaq istəyirik. Bu insanlar böyük zəka sahibidirlər, onlar Azərbaycan yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə deyirdi, Yevgeni Primakov sənin kitablarını davamlı oxuyur. 

Bunu ilk dəfə sizə danışıram. Bir dəfə bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə mən və Mədəniyyət Nazirliyindən kiçik bir heyət Astanaya uçmalı idik. Mən bizə ayrılmış balaca təyyarədə uçmağa ehtiyat elədiyimi bildirdim. Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm. Qazaxıstandan zəng vurdular ki, biz sizə xüsusi təyyarə göndərəcəyik, Çingiz Abdullayev mütləq gəlsin. Heç inanmazdım Qazaxıstanda məni bu cür tanıyıb sevələr. Yaxud başqa bir xatirəmi söyləyim. On il əvvəlin maydan hadisələri zamanı mənə müraciət olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə əsər yazım. Onlar söylədilər ki, biz araşdırmışıq, nə yüz əlli milyonluq Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər dərin, əhatəli yazacaq bir yazıçı var. Ona görə biz sizi seçdik. Bunlar bir yazıçı üçün həddən artıq böyük uğurlardır. Məsələn, Fransada kitablarımın təqdimatı olanda məni şəxsən dəfələrlə dəvət ediblər. Təsəvvür edin, zəngin bir ədəbiyyata sahib olan fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan yazıçısının kitabını alıb oxuyurlar. 

Murad Köhnəqala

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla