Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rahib Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Rahib Babayev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib. O, bu məqsədilə Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan zərərçəkmiş Qaraş Süleymanovun etibarından sui-istifadə edərək onun SOCAR-da qazmaçı işləmiş mərhum atasının 86 000 manat sığorta pulunu alacağına köməklik edəcəyi barədə yalan vəd verib. Rahib həmin şəxsdən 2021-ci ildə müxtəlif aylarda hissə-hissə, ümumilikdə isə 17 300 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Rahib Babayevin şikayətini təmin etməyib.