AZ

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. 

Ermənipərəst mövqeyini atdığı hər bir addımı ilə təsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisini tamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanı Fransanın “blokada şousu”, Yelisey sarayının Ermənistanı silahlandırması da özündə bütün məqamları açıqlayır. Azərbaycanın Ermənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmi Paris atdığı bütün addımlarında  sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu təsdiqləyir. 

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geri çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata bilər.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarla diqqətə çatdırıldı. Bir daha vurğulandı ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cür yanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsi münaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının  maraqlarına uyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünya gücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını bildirməklə Ermənistana dəstəklərini nümayiş etdirdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayiş etdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəfli mövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonialist siyasəti həyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi ən azı təəccüb doğurur.


Telegram kanalımız
Seçilən
90
Mənbələr
Şərh ()
Bağla