AZ

Aİ Gürcüstandakı vəziyyətlə bağlı narahatlığını bildirdi

Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu narahatlıq doğurur və yekun qərar Avropa İttifaqına üzvlük istiqamətində irəliləyişlərə mənfi təsir göstərəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin mətbuat xidməti məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, Avropa ictimaiyyəti Gürcüstan parlamentinin xarici təsirin şəffaflığı haqqında qanunu birinci oxunuşda qəbul etməsindən narahatlığını ifadə edib. Qanunun qəbulu, Avropa İttifaqının qanunu geri götürmək üçün dəfələrlə etdiyi çağırışlara və geniş etirazlara baxmayaraq baş verib.

 

Bəyanatda qeyd olunur ki, Gürcüstanda fəal vətəndaş cəmiyyəti fəaliyyət göstərir və bu, ölkənin Aİ-yə üzvlük istiqamətində uğurlu irəliləyişinə töhfə verir. Təklif olunan qanun vətəndaş cəmiyyətinin və medianın sərbəst fəaliyyət imkanlarını, ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarının xeyrinə olan təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər.


Aİ Gürcüstan dövlət orqanlarını ölkə vətəndaşların böyük əksəriyyətinin dəstəklədiyi Avropa birliyinə gedən yolda güzəştə gedə biləcək qanunlar qəbul etməkdən çəkinməyə çağırır.

 

Qeyd edək ki, aprelin 15-də Gürcüstan parlamentində xeyli sayda vətəndaşın etiraz etdiyi “xarici agentlər haqqında” qanunun müzakirəsi başlayıb. Hüquq Komitəsi sənədi dəstəkləmək qərarı verib, əhali isə etiraz edir. Polis hətta parlament binasını mühasirəyə alıb.

 

Gürcüstan parlamenti aprelin 17-də “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

 

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsi qəbul olunarsa, təşəbbüsə veto qoyacağını bəyan edib. Prezident bu qanunun Aİ-nin strategiyası və tövsiyələrinə zidd olduğunu bildirir. Prezident Salome Zurabişvili həmçinin ölkədəki vəziyyəti müzakirə etmək üçün ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin səfirləri ilə təcili toplantı keçirib.

 

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə xarici agentlər haqqında qanunun qəbulundan imtina etməyəcəklərini bəyan edib.

 

Xatırladaq ki, 2023-cü ilin martında Gürcüstan “xarici agentlər haqqında” qanun qəbul etməyə çalışsa da, parlament səsvermədə uğursuzluq qazanmışdı. Həmin vaxt da Gürcüstan əhalisi kütləvi etiraz aksiyalarına çıxmışdı.

 

Aysel

Sfera.az

Seçilən
188
50
Mənbələr
Şərh ()
Bağla