AZ

“Hətta mənim istəyim mükafat fondunu 50 mindən də yuxarı qaldırmaqdı”

Hazırda şahmat üzrə kişilər arasında ölkə çempionatı davam edir.

Amma iştirakçılar arasında nə son çempion Vasif Durarbəyli var, nə də tanınan qrossmeysterlərdən Rauf Məmmədovla Qədri Hüseynov. Durarbəyli son müsahibələrinin birində Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib. O, 30 min manat mükafat fondunun azlığından tutmuş qurumun kişilərdən və qadınlardan ibarət yığmalara fərqli münasibət göstərməsinə qədər ən müxtəlif məsələlərdən narazıdı. Biz isə bu mövzular ətrafında AŞF-nin prezidenti Mahir Məmmədovla danışdıq:
"Şahmatçılarımızla media vasitəsilə mübahisə etmək istəməzdim. Peşəkardan tutmuş ən kiçik yaşlılara qədər bütün şahmatçılarımızla daimi ünsiyyətdəyik. İlk növbədə onu demək istərdim ki, hər il ölkə çempionatının səviyyəsinin artırılması əsas məqsədlərimizdən biridi. Son üç ildə kişi və qadınlar üçün mükafat fondu durmadan artıb. Bacardıqca bunu müəyyən həddə qədər artırmağa da davam etdirəcəyik. Bu il mükafat fondu 30 min manatdı. Gələn il daha da artacaq. Vasifin bu fikri ilə qətiyyən razı deyiləm. Hətta mənim istəyim mükafat fondunu 50 mindən də yuxarı qaldırmaqdı. Düşünürəm ki, yaxın vaxtlarda belə də olacaq. Şahmat Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə ölkədə şahmatın inkişafı yönündə çox vacib işlər görür. Federasiyanın yardımı təkcə yığma komandanın üzvlərinə yox, öz üzərində işləyən, kiçik uğurları belə olan şahmatçılara da yönəlir. Razıyam ki, ötən illərdə gənc yaşlarında müəyyən uğur qazanan şahmatçılar sonradan bəzi səbəblər üzündən kənarlaşıblar və ya ustalıqlarını artıra bilməyiblər, ancaq ailənin himayəsi altında qalıblar. Biz bu praktikaya son qoymuşuq. Federasiya nəzdində akademiya açılıb. İndi akademiya 8 yaşdan 16 yaşa qədər bütün uğur qazanmış və ya qazanmaq şansı olan şahmatçıları himayə edir, onların hazırlığı ilə məşğul olur. Onlardan tək tələbimiz öz üzərlərində işləmələridi. Əməkdaşlıq qarşılıqlı olmalıdı. Biz öz üzərimizə düşən öhdəlikləri dərk edir, başa düşürük. Çalışırıq ki, bütün şahmatçıların, xüsusən də yığma üzvlərinin hazırlığını, yarışlarda iştirakını nəzərə alaq. Hətta deyərdim ki, kommersiya yönlü yarışlara qatılmaq istəyən, müəyyən reytinqə çatmış şahmatçılara da yardım ayırırıq. Bu il dünyanın yüksək səviyyəli idman nəşrlərini ölkəmizə gətirdik. Bu təcrübə yenə də davam edəcək. Artıq Vladimir Çuçelovla Boris Qelfandın müntəzəm məşğul olacağı şahmatçılarımız var. Həmin şahmatçıların adlarını çəkmək istəməsəm də, proqramları artıq məlumdu. Şahmatçılarımız da üzərinə müəyyən öhdəliklər götürməlidi. Yeganə istəyimiz öz üzərlərində işləmələri, federasiyadan olan köməkdən düzgün istifadə etmələridi. Hər şahmatçının kompüteri var. Kimin yoxdusa, ona kömək edirik. Gələcəkdə də yardım etməyə hazırıq. Ən azı şahmatçı kompüterlə öz ustalığını artırmalı, düzgün işləməlidi. Şahmatçıdan istəyimiz müəyyən uğurlardı. Onun uğurları yoxdusa, klassik yarışlarda oynamaqdan imtina edirsə və ya mübarizədən qaçırsa, bunu alqışlamırıq. Bu şahmatçıların adları da bizə bəllidi. Ona görə də yığmanın üzvü olmaq üçün müəyyən hədd qoymuşuq. Şahmatçılar yetərincə klassik partiya oynamalıdı. Bu klassik partiyaların sayı hazırda 18-di. Sentyabrda Budapeştdə Şahmat Olimpiadası keçiriləcək. Ona qədər komandaların heyətini müəyyənləşdirəcəyik. İyulun 1-dən sonra heyət bəlli olacaq. Bəzi şahmatçılar bu göstəriciyə hələ cavab verə bilməyib. Vasifin qadınlardan ibarət yığma haqda dediklərinə gəlincə, heç düzgün fikir deyil. Sadəcə, qadınlardan ibarət yığma həddən artıq mütəşəkkillik və birlik nümayiş etdirir, son vaxtlar uğurları ilə bizləri sevindirir. Martın əvvəlində Gürcüstan yığması ilə keçirilən yoldaşlıq matçı şahmatçılarımızın düzgün yolda olduğunu göstərdi. Bunun əksinə, bəzi kişi şahmatçılarımız yarışlarda iştirakdan boyun qaçırır, yarışlara qatılmadan reytinqini qorumaqla məşğul olur. Bu da bizi qane etmir”.


GÜNAY SÜLEYMANOVA
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla