AZ

Hakan Çalhanoğlu təkrar açıqlama yaymağa məcbur oldu - Səbəb

“İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Qalatasaray”la bağlı fikirlərinə görə təkrar açıqlama yaymaq məcburiyyətində qalıb.

Arena.az xəbər verir ki, ünlü “CBC Sports” telekanalı Türkiyə millisinin və İtaliya klubunun təcrübəli futbolçusundan müsahibə alıb.

Müsahibə zamanı “sarı-qırmızılı” komandanın azarkeşi kimi tanınan Çalhanoğlu “Qalatasaray”da oynamaq xəyalınız varmı?” sualına belə cavab verib:

“Düzünü desəm, yox. Avropada oynamağı sevirəm. Bütün məqsədim karyeramı Avropada keçirmək, yüksək səviyyədə qalmaqdır. Türkiyə Super Liqasını izləyirəm. Ümid edirəm ki, ötən ay baş verənlərdən daha yaxşı çıxış edəcəklər”.

Hakan Çalhanoğlu sərt reaksiyalardan sonra sosial media hesabında yeni açıqlama yaymalı olub. O, “Qalatasaray” forması ilə çəkilmiş şəklini “Qalatasaray”a sevgimi və hörmətimi heç vaxt gizlətməmişəm” yazısı ilə paylaşıb. Verdiyi müsahibədə dediyi sözlərin səhv başa düşüldüyünü vurğualayan Çalhanoğlu bunları qeyd edib:

“Müsahibədə işlətdiyim ifadələrin yanlış anlaşıldığını qeyd etmək istərdim. Düşünürəm ki, bu anlaşılmazlıq dil fərqlərindən qaynaqlanır. Şəffaflığı və dürüstlüyü hər zaman prinsip kimi qəbul etmiş biri kimi hər hansı anlaşılmazlığın qarşısını almaq üçün bu açıqlamanı verməliyəm. Mən həmişə dürüstlüyə önəm vermişəm, “Qalatasaray”a olan sevgimi, hörmətimi heç vaxt gizlətməmişəm. Mən heç vaxt heç bir kluba hörmətsizlik etməmişəm və edə bilmərəm. Dediklərim konkret olaraq hansısa klubla bağlı deyil, ölkə futbolunun inkişafı ilə bağlı arzularımdır. Ölkəmizin futbolunda son aylarda nələr baş verdiyini hamı bilir. Bu hadisələrin brend dəyərimizə mənfi təsir etdiyi aydındır. Ən böyük arzum odur ki, ölkə futbolunda hamı bir araya gəlsin, futbolumuzun səviyyəsini yüksəltsin. Çünki bu təcrübələrin yeganə zərərinin özümüzə olduğu açıq-aşkardır. Futbolumuzu layiq olduğu yerə çatdırsaq, dünyada hər bir futbolçu gənc yaşlarında belə Türkiyədə oynamaq istəyər. Buna nail olmaq potensialımız və Çempionlar Liqasında Avropanın ən yaxşı komandaları ilə mübarizə aparmaq imkanımız var”.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla