AZ

“Qəbələ” üçün işıq ucu görünmür - REPORTAJ

Qələbə bölgə təmsilçilərinin hər biri üçün önəmli idi.

“Turan Tovuz” hələ də avrokuboklara vəsiqə iddiasını qoruyur. “Qəbələ” isə Sxadadzenin dönəmində, nəhayət, ilk qələbəsini qazanmaq istəyirdi.

Oyun qonaqların təzyiqi ilə başladı. Bu təzyiq artıq 4-cü dəqiqədə bəhrə verdi. Atanqana Urfanın ötürməsindən sonra topla səliqəsiz davrandı, Aleksin pressinqindən qaydanı pozmaqla çıxa bildi. Kobudluğa görə Rauf Cabbarov “nöqtə”ni göstərdi. Topun arxasına keçən Nəbiyev qolkiperlə dueldən məğlub ayrıldı, Atanqana səhvini düzəltdi. Bir qədər sonra qapıçı növbəti dəfə “qırmızı-qaralar”ı yüzfaizlik qoldan xilas etdi. Bu dəfə Aleksin cərimə meydançasına ötürməsini Nəbiyev “çərçivə”yə yönəltsə də, yenə Atanqana ilə mübarizədən məğlub ayrıldı. 32-ci dəqiqədə meydan sahibləri ilk təhlükəli vəziyyəti yaratdı. Qırtımovun müdafiənin arxasına göndərdiyi topu qəbul edən Bilel qapıçının yerində olmadığını fərq edərək qapıya göndərsə də, zərbəsi qeyri-dəqiq oldu. Topa nəzarət getdikcə Sxadadzenin yetirmələrinə keçirdi. 42-ci dəqiqədə komandanın ən yaxşılarından olan Emil uzaq məsafədən baxımlı zərbəylə yadda qaldı. Lakin Aydın çətinliklə də olsa, topu dəf etdi. Cəmi 2 dəqiqə sonra qəbələlilər yenə uzaq məsafədən “çərçivə”ni yoxladı. Bu dəfə Əyyubun zərbəsi cüzi fərqlə qapının üstündən keçdi. İkinci yarıya qəbələlilər qolla başladı. 49-cu dəqiqədə tovuzlu futbolçuların anlaşmazlığından istifadə edən Allaş cərimə meydançası kənarından topu sağ “altılığ”a göndərib baxımlı qola imza atdı – 1:0. Topa “Qəbələ”nin nəzarət etməsi fonunda “Turan Tovuz”da ara-sıra əks-hücum cəhdlərini reallaşdırırdı. 63-cü dəqiqədə hesab arasındakı fərq arta bilərdi. Lakin Allaşın cərimə zərbəsi qapıdan azca aralı keçdi. 79-cu dəqiqədə “bozqurd” kombinasiyalı hücum sayəsində hesabı bərabərləşdirməyə yaxın oldu. Fəqət Xəyalın zərbəsi Atanqana üçün heç bir çətinlik yaratmadı. Cəmi 2 dəqiqə sonra Abbasovun yetirmələri qol istəyinə çatdı. Ottonun başla ötürməsindən sonra qapıçıyla təkbətək çıxan Souza topu tora qovuşdurdu – 1:1. Burda müdafiəçilərin, əsasən də Afrikonun kobud səhvini qeyd etmək lazımdı. Bərabərlik qolundan sonra meydan sahiblərində çöküş yaşandı. Əvəzində isə daha da aqressivləşən “Turan Tovuz” meydanda söz sahibi oldu. Uzatma dəqiqələrində Belajdi səhnəyə çıxdı. Futbolçu özü qurduğu kombinasiyanı qolla tamamladı – 1:2. Beləliklə, Sxadadzenin rəhbərliyi altında 7-ci çempionat matçına çıxan “Qəbələ” bu dəfə də qələbəyə həsrət qaldı. “Turan Tovuz” isə “Səbail”i turnir cədvəlində qabaqladı.

Gözdən qaçmadı
Sxadadze və yardımçısı Georgi Çixradze meydanın onlara ayrılmış hissəsini tərk etdiyi üçün sarı vərəqəylə cəzalandırıldı. Ayxan Abbasov da eyni şəkildə cəzalandırıldı.

KAMAL SƏFƏR

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla