AZ

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Bakı, 17 aprel, AZƏRTAC

Mayın 15-dən 17-dək keçiriləcək “Qızıl Şah” çempionatında iştirak edəcək tələbələri müəyyənləşdirmək məqsədilə təşkil olunan daxili yarışlar başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sonuncu daxili yarış Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

Yarışda iştirak edən tələbələr 45 dəqiqə müddətində bir növ ana yemək, ona uyğun qarnir və sous hazırlayıblar. Tələbələr münsiflər heyəti tərəfindən iş prosesi zamanı gigiyena qaydaları və ardıcıllığa düzgün riayət edilməsi, yeməyin dadı və resepturaya uyğun olması, yeməyin düzgün şəkildə servis və dekor edilməsi nominasiyalarına uyğun olaraq qiymətləndirilib.

Çempionatın nəticəsinə görə ilk 3 yerin qalibi - Kübra Həsənova, Nihad Ağayev, Gülnar Dadaşov fəxri fərman, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən keçirilən “Qızıl Şah” IV respublika çempionatında böyüklər və gənclər kateqoriyaları üzrə komandalar arasında yarışlar, həmçinin “ət”, “quş əti”, “dəniz məhsulları”, “art sinfi” və “restoran deserti” kateqoriyaları üzrə fərdi yarışlar keçiriləcək. Həmçinin ilk dəfə olaraq beynəlxalq “Qızıl Şah Kuboku” 8 ölkənin milli komandası arasında oynanılacaq. Sözügedən çempionat “Worldchefs” təşkilatının himayəsi altında keçirilir.

Xatırladaq ki, daxili yarışlar ümumilikdə 8 peşə təhsili müəssisəsində keçirilib.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla